Holland siyasətçiyə Qarabağla bağlı məlumat verilib Siyasət

Holland siyasətçiyə Qarabağla bağlı məlumat verilib

Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü "Hollandiya-Azərbaycan Mədəniyyət Evi"nin rəhbəri Elxan Mirhəşimli Niderland Krallığının aparıcı partiyalarından biri olan CDA-nın səlahiyyətli nümayəndəsi Anton Vijkhuijs ilə görüşüb. Bu barədə "Xalq Cəbhəsi"nə E.Mirhəşimli məlumat verib. O bildirib ki, görüş Friesland vilayətinin Leuvaarden şəhərində baş tutub. Görüşün məqsədinin Hollandiyanın nüfuzlu partiyası olan CDA üzvlərinə Azərbaycan haqqında düzgün informasiyalar vermək, ölkəmizin hazırki siyasi, iqtisadi və mədəni durumunu anlatmaq, hərtərəfli dostluq və əməkdaşlıq əlaqələri yaratmaq olduğunu qeyd edən E.Mirhəşimli cənab Vijkhuijsa Azərbaycan haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycana olan qərəzli münasibətin aradan qaldırılması vacibdir. Çünki Azərbaycan tolerant bir ölkədir və bütün xalqlarla dini və milli mənsubiyyətinə baxmayaraq dostluq və qonşuluq əlaqələrində olmağa çalışır: "Amma təəssüf ki, qonşu ölkə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və nüfuzlu beynəlxalq təşkilatların dəfələrlə qəbul etdiyi bəyanatlara məhəl qoymadan mənfur işğalçılıq siyasətini davam etdirir". Qarşıdan gələn "26 fevral-Xocalı soyqırımı" haqqında ətraflı danışan təşkilat rəhbəri bütün bunlara rəğmən Avropa Şurasının Azərbaycanla bağlı düzgün olmayan qətnamələr verməsinin Hollandiyada yaşayan həmvətənlərimizin haqlı narazılığına səbəb olduğunu da vurğulayıb. Buna misal olaraq göstərib ki, Azərbaycan tərəfi əsir və girov götürülmüş Ermənistan vətəndaşlarının hamısını işgəncə vermədən geri qaytarsa da, Ermənistan tərəfi uzun illərdir əsir və girovları qeyri-insani şəraitdə saxlamağa davam edir, onları işgəncələrə məruz qoyur, aparılan danışıqlara baxmayaraq geri qaytarmır. İnsan haqları və humanizmdən dünyaya "dərs keçən" Ermənistanda yaxın günlərdə aclıq aksiyasından insan ölür və s.
CDA nümayəndəsi də öz növbəsində Azərbaycan haqqında xoş düşüncələrindən danışıb, şəxsən Bakıda olduğunu, 2015-ci ildə Bakıda keçirilən Avropa Olimpiya oyunlarında qızı Josien Wijkhuijsin üzgüçülük üzrə Hollandiya yığmasında iştirak edib gümüş medal qazanmasını, xalqımız və ölkəmiz haqqında gözəl təəssüratlarının olduğunu vurğulayıb. Eyni zamanda burada Azərbaycanı təmsil edən bütün diaspora təşkilatları ilə əməkdaşlıq etməyə, ölkəmizin milli-mədəni səviyyəsinin Hollandiyada nümayiş etdirilməsi üçün hər bir tərəfdaşlığa hazır olduqlarını partiyası adından qeyd edib. Görüşdə qarşılıqlı sərgilərin, biznes forumların, turizm əlaqələrinin genişləndirilməsi sahəsində bir neçə layihələr müzakirə olunub və əməkdaşlıq planı tərtib edilməsi qərara alınıb.

Əli