Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib Siyasət

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində 2019-cu ilin fevralın 26-da Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburqda Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Daimi nümayəndəlikdən verilən məlumata görə, Strasburqun tarixi "Motsart" konsert salonunda baş tutmuş tədbirdə Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, habelə Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Anım tədbirində çıxış etmiş Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı faciəsi haqqında iştirakçılara məlumat verərək, onun müasir Azərbaycan tarixi, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı və qaranlıq səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını vurğulayıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri tərəfindən günahsız sakinlərə qarşı soyqırım aktının törədildiyini bəyan etmiş daimi nümayəndə qeyd edib ki, nəticədə 613 nəfər, o cümlədən qadın, uşaq və ahıllar amansızlıqla qətlə yetirilib.
XX əsrin sonunda bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən Fəxrəddin İsmayılov beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması, eləcə də Xocalı soyqırımı qurbanlarına münasibətdə ədalətin bərpa olunmasında daha qətiyyətli mövqe tutmağa səsləyib. O, bu xüsusda dünya ictimaiyyətini Xocalı qətliamı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusilə vurğulayıb. Fəxrəddin İsmayılov çıxışına Xocalı qurbanlarıının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmiklə yekun vurub.
Daimi nümayəndənin müraciətinin ardınca Xocalının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükütla yad edilib.
Sonda tədbir violonçel ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx və pianoçu Səidə Zülfüqarovanın ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin yer aldığı bədii proqramla davam etdirilib.
Bundan əlavə, tədbirə qatılmış bütün iştirakçılara Xocalı qətliamı və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat təqdim edən broşuralar paylanıb.