Güclü ordu, yoxsa keyfiyyətsiz körpü? Siyasət

Güclü ordu, yoxsa keyfiyyətsiz körpü?

Arzu Şirinova

Bu 21 ildə yazdıqlarımın bəlkə də tən yarısı Dağlıq Qarabağa həsr olunub. Hər üzünə yazmışam-şəhidlərimizdən, əlillərimizdən, Xocalı faciəsində əsir düşən qadınlarımızdan, işğal altında olan Qubadlımdan, işğal tarixlərimizdən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çoxüzülü siyasətlərindən və s. Sonuncudan da yenə hər üzünə yazmışam və hər dəfə də əsaslı ittihamlarımı göstərmişəm. Ağdamın işğal tarixində - 23 iyulda isə bir qədər də özümüzü günahlandırmağı qərara aldım.
Əvvəlcə onu deyim ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşüb. İyulun 22-də Brüsseldə baş tutan görüşdə ictimaiyyətə məlum olan prinsiplər, eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə olunub.
Görünən odur ki, Qarabağ probleminin tənzimlənməsi prosesində hələ də qəti konkretliyin yaranmaması konfliktin tezliklə aradan qaldırılacağına bəslənən ümidləri xeyli zəiflədir. Azərbaycan rəsmiləri, elə biz jurnalistlər də zaman-zaman Dağlıq Qarabağ problemi həllini tapmadığına görə həmsədrləri tənqid eləmişik. Məsələn, rəsmilər deyəndə "son razılaşmanın nə vaxt baş tutacağı ilə bağlı suala həmsədrlər düzgün, konkret və əsaslandırılmış cavab verə bilər. Çünki danışıqlar prosesini onlar aparır. Çox təəssüf ki, onların səyləri də müəyyən nəticə vermir. Həmsədrlər papaqlarını qarşılarına qoyub düşünməlidir ki, bəlkə düzgün yol və ya prinsip seçməyiblər. "Özünüz həll edin, özünüz razılaşın, biz sizi dəstəkləyərik" prinsipi beynəlxalq hüquqda yoxdur", biz onlara sual verməmişik ki, bəs hakimiyyətin görəcəyi işlər nədən ibarət olmalıdır?
Qarabağ münaqişəsinin çözülməməsinə görə məsuliyyətin istisnasız olaraq, ATƏT-in Minsk qrupunın həmsədri olan ölkələrin üzərinə qoyulması düzgün yanaşma deyil. Gəlin aydınlaşdıraq, münaqişənin bu qədər uzanmasında kim daha çox günahkardır? Ermənistan işğalçı ölkədir və çalışır ki, həyata keçirdiyi işğalın nəticələrini rəsmiləşdirsin. ATƏT-in Minsk qrupunin missiyası isə sadəcə, bu konfliktin aradan qaldırılması prosesində vasitəçilikdən ibarətdir. Yəni bu qrupun, ona rəhbərlik edən ölkələrin qarşısında duran əsas vəzifə münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına nail olmaqdır. Obrazlı desək, Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyinə silah tuşlayıb, onlardan işğala son qoymalarını tələb edə bilmir - onun mandatı belə müəyyənləşdirilib. Eyni zamanda Azərbaycanın qarşısında da belə tələb qoymurlar ki, o, işğal olunmuş ərazilərinin itirilməsilə rəsmən barışsın. Düzdür, həmsədrlər pərdə arxasında və mahiyyətcə ermənilərin siyasətini müdafiə etsələr də, hər halda bunu gizlətməyi bacarırlar.
Təbii sual yaranır - əgər Azərbaycan xalqı münaqişənin həllində ciddi irəliləyişlərin olmamasının səbəbini Minsk qrupunun həmsədrlərindən soruşmalıdırsa, onda bəs bu hakimiyyətin işi nədən ibarətdir? Razılaşın ki, bu məsələyə hansı tərəfdən yanaşsaq, məmurların yuxarıdakı sayaq mövqe bildirmələri çox yanlışdır. Bu ölkəni indiki hakimiyyət idarə edirsə, dövlətin pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasının - səbəblər başqa söhbətin mövzusudur - məsuliyyətini də o daşıyır. Çünki xalq qarşısında məsuliyyət daşıyan Minsk qrupu yox, məhz Azərbaycan hakimiyyətidir. Azərbaycan cəmiyyəti də şahiddir ki, hakimiyyətin ayrı-ayrı təmsilçiləri yaxın vaxtlara qədər çox ümidlə bəyan edirdilər: "Danışıqlar prosesində irəliləyişlər var və Ermənistan tezliklə geri çəkilməyə məcbur olacaq". Rəsmilər uzun müddət Azərbaycan cəmiyyətində arxayınlıq yaratmağa çalışıblar, indi isə vəziyyətin gərginləşdiyini - hər gün atəşkəs rejiminin 50-60 dəfə düşmən tərəfdən pozulması buna bariz nümunədir - etiraf edirlər və günahkar qismində də Minsk qrupunu göstərirlər. Hər zaman belə fikirlər söylənilib ki, Azərbaycan Qarabağ münaqişəsinin istər sülh, istərsə də, hərb yolu ilə həllində yalnız özünə güvənməlidir. Ordunun gücləndirilməsinin zəruriliyinə dair davamlı çağırışlar olub. Amma görün, bu təkliflərin nəzərə alnması əvəzinə nələrin şahidi oluruq. Yol çəkilişinə, körpü tikintisinə milyardlarla manat xərclənir və nəticədə də nəinki keyfiyyətli bir iş görülmür, əksinə ayrılan vəsaitlər talan olunur. Ordunun gücləndirilməsinə isə yetərli diqqət ayrılmır. Görəsən, ərazisinin beşdə biri işğal altında qalan, müharibə vəziyyətində olan bir ölkəyə güclü ordu lazımdır, yoxsa keyfiyyətsiz körpü?