Elçibəy günü... Siyasət

Elçibəy günü...

İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür.
Hər şeyi zamanın öhdəsinə buraxan, özü ilə bəlkə də dünya boyda sirlər aparan Elçibəy haqqında təmtəraqlı sözlər, ifadələr yazmaqdan çox uzağam. Çünki ən dürlü sözlər, bədii ifadələr onun millətə sevgisini, vətənə bağlılığını, şəxsi keyfiyyətlərini belə açmaqda yetərli olmaz.
Hər bir millətin içərisindən 50-100 il ərzində yetişən tarixi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər millətin önündə gedərək milləti arzu olunan zirvəyə qaldırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən biri idi. Dünən haqqı danılan, bu gün haqqını dandığımız üçün bundan peşimançılıq hissi keçirən bizlər sabah yəqin ki, Elçibəyin tarixi şəxsiyyət kimi əsl qiymətini verə biləcəyik.
xxx
Nə yazıq ki, Elçibəyi zamanında anlaya bilmədik. Mübaliğəsiz deyirəm, Elçibəy öz düşüncələri, dünya görüşü, demokratikliyi və şəxsi keyfiyyətləri ilə millətdən xeyli irəlidə gedən bir şəxs idi. Bəzən deyirlər ki, Elçibəy hardasa 20-30 ildən sonrakı Azərbaycana rəhbərlik etməliydi. Çünki onun ideyaları, düşəncləri zamanı qabaqladığı üçün sovet rejimindən qurtulmuş bir millətə rəhbərlik etməsi mümkün deyildi. Birdən-birə azadlıq, müstəqillik, demokratiya qazanmış bir milləti idarə etmək olduqca çətin idi. Bu işi tədricən görmək, azadlıq, müstəqillik, demokratiyanı zərrə-zərrə millətə dadızdırmaq lazımıydı. Ancaq Elçibəy millətini sevdiyindən azadlığın, müstəqilliyin, demokratiyanın qapılarını bu xalqın üzünə tabatay açmışdı. Bizlər nə etdik? Hər birimizin məişətdə belə qarşılaşdığımız problemin səbəbkarı kimi Elçibəyi gördük. Başladıq onun idarəçiliyinə şübhə etməyə, ideyalarını ələ salmağa və s.
Pambıq biznesilə məşğul olan, korrupsioner, Rusiyanın adamı Surət Hüseynovun qiyamına haqq qazandırıb, millətinin fədaisi olan bir şəxsin hakimiyyətdən devrilməsini sadəcə seyr etdik. Elçibəyi müdafiə etmək üçün cəsarətimiz çatmadı. Bunu isə sonralar Ulu Tanrı bizə bağışlamadı.
xxx
Elçibəy Azərbaycanı bütöv görmək istəyən şəxsiyyətlərdən birincisi idi. Azərbaycanda Milli Azadlıq Hərakatı başlayan ərəfədə Əbülfəz Elçibəy rayonlara gedər, yerlərdə fəallarla görüşlər çeçirərdi. Günlərin bir günü İranla sərhəd bölgələrin birinə səfər edən Elçibəy ürəyində baş qaldıran arzusuna qarşı çıxa bilmir. Yaxın ətrafı ilə sərhədə yaxınlaşır. Sərhədi qoruyan əsgərlərdən xahiş edir ki, 5 dəqiqəliyə də olsa, keçid məntəqəsindən keçməklə Azərbaycanın Cənubuna ayaq bassın. Sərhədçi Elçibəyin bu arzusunu reallaşdırır. Elçibəy bunu gözləyirmiş kimi sərhəd məntəqəsindən keçərək, Araz çayının lap yaxınlığına gəlir. Əllərini açıb Ulu Tanrıya dualar edir və dizlərini yerə qoyub əyilərək torpağı öpür. Bəlkə də həsrətini soyutmaq üçün Araz çayına yaxınlaşıb ovcunu su il dolduraraq üzünə-gözünə çırpır. Elçibəyin Vətən həsrətini seyr edən əsgərin belə gözləri dolur.
Bəli, Elçibəy bu həsrətlə, bu yanğıyla Bütöv Azərbaycan Birliyini yaratdı. Bu təşkilatı bütün təşkilatların fövqünə qaldırdı. Qələm dostlarımın yaxşı yadındadır, BAB-ın iclasları haylı-küylü keçirilər, mühüm qərarlar qəbul olunardı və bundan da Tehran rejimi əndişələnərdi. İndi isə nəinki BAB, o cümlədən bütün müxalifət yetim qalıb.
xxx
ABŞ-da dünya türklərinin yürüşü keçiriləcəydi. Elçibəy də həmin yürüşə qatılmalıydı. O vaxtlar xəstələnmişdi və bir müddət müalicə alırdı. Ancaq xəstə olmasına baxmayaraq yürüşə qatılacağını bəyanlamışdı. Neçə saatlıq yürüşdə ayaq üstə yürüyən Əbülfəz Elçibəy Azərbaycan türklərini təmsil edirdi. Səfərdən qayıdandan sonra mətbuat konfransı keçirdi və təəssüratlarını jurnalistlərlə bölüşdü. Necə fəxrlə, necə coşqu ilə danışırdı. Xəstəliyi də yadından çıxmışdı. Həyatının son aylarını yaşayırdı. Olurdu ki, müalicə aldığı üçün günlərlə qərargaha gələ bilmirdi. Bundan istifadə edənlər (kimsənin adını çəkib Elçibəylə bağlı yazdığım yazıya xələl gətirmək istəmirəm-A.Ş.) Əbülfəz Elçibəyə qarşı hücuma keçdilər. Para verdikləri mirzələri qəzetlərdə Elçibəyin ünvanına hədyanlar yağdırmağa başladılar. Nəhayət, ona etimadsızlıq məsələsi qaldırıldı. Elçibəy bundan heç də narahatlıq keçirmədi. Ali Məclisin iclasına gəldi, şişmiş ayaqlarıyla güclə kürsüyə qalxdı və ona etimad məsələsinin qoyulmasını israr etdi. Cəbhəni parçalamağa çalışanlar, əvvəlcədən etimadsızlıqla bağlı təbliğat aparanlar elə zənn edirdilər ki, istəklərinə çatacaqlar. Ancaq cəbhəçilər kimsənin fitvasına uymayaraq Elçibəyin xeyrinə olmaqla-ona etimad göstərməklə, onunla birgə olduqlarını sübut edərək səs verdilər.
...Elçibəyin hakimiyyətdən devrilməsinə təxminən bir aydan da az vaxt qalırdı. Qələm dostum, Elçibəy ideyalarının daşıyıcısı Sevda Sunər bir gün məni çağıraraq dərdləşmək istədiyini bildirdi. Həmin vaxt biz hər ikimiz hakimiyyətdə təmsil olunanların müxtəlif partiyalar yaratmasına qarşı çıxırdıq və bildirirdik ki, bu, hakimiyyətin iflası ilə nəticələnə bilər. Sevda mənə gördüyü yuxunu danışdı: "Gördümki, çoxlu sayda insanlar Elçibəyi əllərində çubuq döyürlər. Ancaq birdən Elçibəyi döyənlər, Bəyi əlləri üzərində göylərə qaldırdılar".
...Yuxular çox vaxt gerçək olur. Bu gerçəklik arzusuyla da bütün Elçibəy sevərləri, türk millətini Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin doğum günü münasibətilə təbrik edirəm. Qoy UluTanrı Elçibəy ideyalarının gerçəkləşməsində yardımçımız olsun.

Arzu Şirinova
2010-cu il 24 iyun