“Mehriban qonşuluq Azərbaycan dövlətinin siyasi xəttinin başlıca istiqamətidir” Siyasət

“Mehriban qonşuluq Azərbaycan dövlətinin siyasi xəttinin başlıca istiqamətidir”

Tahir Rzayev: “Bu nəinki cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün əhəmiyyətlidir”

“Ümumiyyətlə, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir". Bunu millət vəkili Tahir Rzayev deyib: "Əgər Azərbaycanda imkan və şərait olmasaydı, təhlükəsizlik tədbirləri istənilən səviyyədə həyata keçirilməsəydi Forumların ölkəmizdə keçirilməsi mümkün olmazdı. Ona görə də dünya ölkələri baxır və görür ki, bunun üçün Azərbaycanda şərait var. Bu mənada beynəlxalq forumların Azərbaycanda keçirilməsi qərara alınır. Digər tərəfdən bu ölkəmizin nüfuzu, dünyada tanıdılması üçün çox vacibdir. Bu kimi tədbirlər keçirilən zaman qarşılıqlı dostluq münasibətləri möhkəmlənir, həm də ölkəmizə gələn xarici qonaqlar buradakı reallıqları görürlər və geniş təsəvvürə malik olurlar. Məsələn, bu gün Minsk şəhərində II Avropa Oyunları keçirilir. Amma hələ də qeyd olunur ki, Azərbaycanda keçirilən I Avropa Oyunlarının analoqu yox idi. Bir sözlə, dünya Azərbaycana heyran oldu. Eləcə də bu yaxınlarda Bakıda Avroliqanın final oyunun keçirilməsi, gələcəkdə isə bir çox mühüm idman tədbirlərinin keçirilməsi onu deməyə əsas verir ki, artıq Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün ən layiqli bir ölkədir".
Millət vəkili bölgədə baş verən proseslərə də münasibət bildirib: "Son vaxtlar ABŞ-İran, Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi, Ermənistanda baş verən hadisələr – hakimiyyətsizlik, özbaşınalıqlar, atəşkəsin tez-tez pozulması regionda sabitliyə, inkişafa bir zərbədir. Bu heç də Azərbaycanın xeyrinə deyil. Çünki Ermənistan istisna olmaqla ölkəmizi bu dövlətlərlə mehriban qonşuluq, sülh, iqtisadi-siyasi əməkdaşlıq əlaqələri birləşdirir. Məhz buna görə də ölkə rəhbəri cənab İlham Əliyev xalqımızın və dövlətimizin mənafeyi naminə Cənubi Qafqazda əminamanlığın, sabitliyin qorunub saxlanılmasına böyük önəm verir və qonşu respublikalarla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edir". Deputatın sözlərinə görə, qaz, neft, nəqliyyat sisteminin fəaliyyətinin səmərəli təmin olunmasında başlıca amil olan sabitlik, mehriban qonşuluq Azərbaycan dövlətinin siyasi xəttinin başlıca istiqamətidir. Əlbəttə ki, bu nəinki cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün əhəmiyyətlidir. Azərbaycan dövlətinin xarici müdaxilələrdən əziyyət çəkməsinə, torpaqlarının bir hissəsinin işğal olunmasına, Ermənistanla müharibə şəraitində yaşamasına baxmayaraq yenə də sülhün, əminamanlığın, dialoqun, qonşuluq münasibətlərinin möhkəmlənməsinə tərəfdardır. Yürüdülən sistemli siyasi xətt, respublikamızda keçirilən bir çox beynəlxalq səviyyəli hümanitar tədbirlər bunun əyani ifadəsidir və ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik bizim ən böyük nailiyyətimizdir. Bu sabitliyi qoruyub saxlamaq ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin beynəlxalq nüfuzunun yüksədilməsi üçün çox vacibdir. Azərbaycan dövləti münaqişələrin baş verməməsi üçün hətta həmin ölkələr arasında vasitəçilik missiyasını belə öz üzərinə götürməyə hazırdır. Rusiya ilə Türkiyə arasında yaranmış narazılıqlar zamanı göstərilən səmərəli təşəbbüslər buna əyani nümunədir”.