“Vasitəçi rolunda çıxış etmək istəyən bir sıra dövlətlər var” Siyasət

“Vasitəçi rolunda çıxış etmək istəyən bir sıra dövlətlər var”

Arzu Nağıyev: “Makron və Merkel danışıqların baş tutmasını istəyirlər”

“Ümumiyyətlə, İranla ABŞ arasında danışıqların aparılmasında vasitəçi rolunda çıxış etmək istəyən bir sıra dövlətlər var. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin verdiyi bəyanatlardan bir daha bəyan olur ki, bu danışıqların baş tutmasını istəyirlər”. Bu fikirləri Azadinform-a politoloq Arzu Nağıyev İran və ABŞ arasında danışıqların başladığı halda ikitərəfli münasibətlərə göstərəcəyi təsirlər barədə danışarkən deyib. Politoloq qeyd edib ki, eyni zamanda, son vaxtlar “Saudi Aramco”ya olan hücumda da dolayı yolla İranı günahlandırırlar: “Lakin ən mühüm məsələ ondan ibarətdir ki, Yaponiya birmənalı şəkildə vasitəçilik rolunu öz üzərinə götürməyə çalışır. NATO-nun bir üzvü kimi ABŞ buna razıdır, həmçinin İran da istəyir ki, bu prosesdə vasitəçi rolunda yaponlar iştirak etsin. Məlumdur ki, Yaponiya İrandan xam neftin ən mühüm alıcısıdır. İran da çalışır ki, onların texnologiyasından istifadə etsin və tətbiq olunan sanksiyalardan müəyyən qədər yaxa qurtara bilsin”.
Nağıyev əlavə edib ki, Yaponiyanın Baş naziri Sindzo Abe iyun ayında bəlkə də ABŞ-ın təkidi ilə Donald Tramp və Həsən Ruhani ilə görüş keçirib: “Bundan sonra BMT Baş Assambleyasının 74-cü sessiyasında da onların görüşü gözlənilən idi. Düşünürəm ki, bu proseslər əsasən, ABŞ və İran liderlərinin iştirakı ilə deyil, Xarici İşlər nazirləri səviyyəsində keçirilə bilər. Lakin verilən məlumatlarda da görünür ki, sanksiya tətbiq olunduğu üçün onların görüşü yalnız BMT-nin iqamətgahında keçirilə bilər. Yəni danışıqlar prosesinə müəyyən addımlar atmaq istəyirlər. Çünki Yaxın Şərqdə və İranda baş verən hadisələr alovlanmış müharibəyə gətirib çıxarsa, burda həm Avropanın, həm ABŞ-ın və hətta İsrailin maraqları var. Bunlar istəmir ki, o müharibə alovlansın. Belə getsə yəqin, lokal toqquşmalar baş verə bilər. Hörmüz körfəzində baş verən son hadisələr bir daha onu göstərir ki, bu müharibənin başlanmasını heç kim istəmir. Lakin proseslər belə getsə müəyyən problemlər yaranacaqdır. Ona görə də danışıqlar baş tuta bilər, amma burada kimin vasitəçi rolunda iştirak edəcəyi vacibdir. Rusiyanın da burada marağı var, çünki son zamanlar İranla tərəf müqabili, tərəfdaş kimi çıxış edirlər. Bunu da ABŞ başa düşür və İran ilə Rusiya arasında olan bu müttəfiqliyin ləğvinə çalışır”.