Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır Siyasət

Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən bildiriblər ki, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Elxan Qəhrəman mərasimi açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ölkəmizin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı 1969-1982-ci illərdə ölkəmiz siyasi-iqtisadi cəhətdən inkişaf edərək, SSRİ-də ən çox inkişaf edən respublikalardan birinə çevrilib. Heydər Əliyev SSRİ dövründə yeganə müsəlman rəhbər şəxs kimi ərəb və İslam ölkələri ilə əlaqələri inkişaf etdirib, eləcə də ərəb dövlətlərinin problemlərinin həllini birmənalı şəkildə dəstəkləyib.
Diplomat 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin səhəri günü Ümummilli Liderin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etməsinin, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etməsinin əsl vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək olduğunu vurğulayıb.
Qeyd olunub ki, 1993-cü ildə xalqın tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində ictimai, iqtisadi stabilliyə nail olundu və iqtisadiyyatın inkişafında yeni mərhələ başladı. İqtisadi islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması da məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Səfir E.Qəhrəman Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın bir sıra beynəlxalq uğurlar qazandığını, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanına, həmçinin beynəlxalq nəqliyyat marşrutlarının qovşağına çevrildiyini qeyd edib. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan diplomat Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinin beynəlxalq aləmdə artan nüfuzunun möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. Qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar bütün vətəndaşlar üçün sevindirici və qürurvericidir.
Tədbir çərçivəsində səfirlikdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.
Sonda müasir Azərbaycanın banisi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Küveytin geniş oxucu kütləsinə malik çoxtirajlı “Əl-Cəridə”, “Ən-Nahar” və “Dasman news” qəzetlərində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.