Sudan parlamenti Xocalı soyqırımını tanıdı Siyasət

Sudan parlamenti Xocalı soyqırımını tanıdı

XİN: "Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib"

Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib. Bu barədə ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib.
O deyib ki, Sudan parlamenti öz qərarı ilə Xocalı soyqırımını tanıyıb: "Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib".
H.Hacıyev bildirib ki, Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: "Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir".
O qeyd edib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.
Sənəddə xatırladılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 kilometrliyində yerləşən bu şəhəri işğal ediblər.
Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.
Qeyd edək ki, Sudandan əvvəl də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımının tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənələr qəbul ediblər.
2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul edib.
2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə çıxarıb.
Həmin ilin aprelin 23-də Kolumbiya Senatı Xocalı qırğınına soyqırımı kimi qiymət verib.
2012-ci ilin may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul edib.
Həmin ilin iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərarlar qəbul edib.
2014-cü il fevralın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını tanıyan qərar verib.
2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi bəyanat verilib. Çexiya Respublikası isə Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub.
Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub".
Beynəlxalq qurumlara gəlincə, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının sessiyasında qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.
2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında Xocalı faciəsi ilk dəfə olaraq soyqırımı aktı kimi tanınıb. İƏT-in 2013-cü il fevralın 6-7-də keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsinə soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət qiyməti verilib.
Xocalı qırğınına ABŞ-ın bir neçə ştatı da qiymət verib. 2013-cü il yanvarın 28-də ABŞ-ın Nyu-Meksiko ştatının əvvəlcə Senatında, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edilib. Bunun ardınca ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, Senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul edib. Martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilib, mayın 3-də isə Konnektikut ştatının Baş Assambleyası Xocalı qətliamını rəsmən tanıyıb. Bunun ardınca ABŞ-ın Konnektikut Senatının sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul edilib.