Prezident İlham Əliyev: Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək Siyasət
Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək.
Bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.
Dövlət başçısı bildirib:
"Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.
Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.
Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir".