Azərbaycan ilə Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Siyasət

Azərbaycan ilə Gürcüstan arasında ədliyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin ədliyyə nazirinin müavini Qoça Lordkipanidze ilə görüşüb.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Görüşdə Dursun Həsənov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərimizin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib.

Görüşdə Azərbaycanın və Gürcüstanın ədliyyə nazirlikləri və ədliyyə strukturuna daxil olan digər qurumlar arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Hər iki ölkənin penitensiar xidmətlərinin qarşılıqlı əməkdaşlığı, hər iki tərəfdə cəza çəkən məhkumların ekstradisiyası barədə fikir mübadiləsi aparılıb.

Dursun Həsənov son günlər Ermənistanın Azərbaycana qarşı təxribatı, erməni silahlı birləşmələrinin dövlət sərhədindəki Tovuz rayonu istiqamətində dinc əhalini atəşə tutması barədə nazir müavininə ətraflı məlumat verib. Azərbaycan Ordusunun təcavüzkara layiqli cavab verdiyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin sülh danışıqları fayda verməsə Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Nazir müavini Qoça Lordkipanidze ölkəsinin üzləşdiyi problemlərdən danışıb, Azərbaycan kimi Gürcüstanın da ərazilərinin 20 faizinin işğal olunduğunu qeyd edib.

Gürcüstanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

Görüşdə COVID-19 virusunun yaratdığı problemlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Gürcüstanın koronavirusa qarşı mübarizə sahəsində də səmərəli əməkdaşlıq etdikləri qeyd olunub.