Ərazi mübadiləsi məsələsini gündəmə gətirmək olar Siyasət

Ərazi mübadiləsi məsələsini gündəmə gətirmək olar

Qüdrət Həsənquliyev: "Yalnız Azərbaycanın müəyyən güzəştlərə gedə biləcəyini düşünən qüvvələr Paris danışıqlarından irəliləyiş gözləyirdilər"

Paris danışıqlarından, sözsüz ki, ciddi nəticələr gözləməyə dəyməzdi. Prosesin sülh yolu ilə tənzimlənməsinə yalnız Rusiya arzuladığı halda nail olmaq mümkündür. Çünki Ermənistan Rusiyanın iradəsindən kənar bir addım da atmayacaq.
Bunu BayMedia-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. BAXCP sədri qeyd edib ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransa problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü heç vaxt bəyan etməyiblər: "Bununla da onlar hər zaman Ermənistanın daha maksimalist mövqedən çıxış etməsinə üçün imkan yaradıblar. Ermənistanı şirnikləniriblər. Dolayısıyla Ermənistana mesaj veriblər ki, Azərbaycan güzəştə gedib Dağlıq Qarabağın müstəqilliyini də tanıya bilər. Bu baxımdan da bizim hazırki prosesdən hər hansı bir irəliləyiş gözləməyimiz mümkün deyil. Ermənistana həm ABŞ, həm də Fransa tərəfindən ciddi maliyyə dəstəyi verilir, hər iki ölkədə böyük erməni diasporu var. Bu səbəbdən də biz Fransanın vasitəçiliyindən heç nə gözləyə bilməzdik. Yalnız Azərbaycanın müəyyən güzəştlərə gedə biləcəyini düşünən qüvvələr Paris danışıqlarından irəliləyiş gözləyirdilər. Bu danışıqları təşkil edənlər eyni şeyi düşünürlər – bəlkə Azərbaycan güzəştə getdi... Həm Amerika, həm Fransa. Rusiya isə sözsüz ki, heç Azərbaycanın da güzəştə getməsində maraqlı deyil. Moskvaya lazımdır ki, bu münaqişə davam eləsin. Çünki Rusiya münaqişədə maraqlı tərəfdir. Buna görə də həmişə deyirəm ki. biz Rusiya ilə vasitəçi kimi deyil, tərəf kimi danışıqlar aparmalıyıq. Və çalışmalıyıq ki, Rusiya ilə razılaşaq. Əgər Rusiyanın maraqlarını təmin etmək mümkündürsə... Bu baxır onların tələb və istəklərinin nədən ibarət olmasına. O zaman bəlkə danışıqlar yolu ilə bu problemi həll etmək mümkün oldu. Hazırda isə nə Azərbaycan tərəfi Rusiyanın bu və ya digər maraqlarının təmin olunması barədə düşünmür, nə də Rusiya bu problemin həllində maraqlı görünmür. Buna görə də danışıqlardan yaxın zamanlarda nəticə gözləməyə dəyməz. Son günlər bəzi kütləvi informasiya vasitələrində Parisdə müəyyən razılaşmanın olması barədə iddialar da yer alır. Guya 7 rayon işğaldan azad olunur, Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın ərazisindən keçən dəhliz saxlanılır. Anklavda olan Naxçıvandan isə Azərbaycanın əsas ərzilərinə dahliz açılır. Qarabağın da statusu növbəti mərhələyə saxlanılır . Əlbətdə bu Azərbaycan üçün normal, bəlkə də ideal bir varinatdır. Bu həm də beynəlxalq hüquqa söykənən, ədalətli həll variantıdır. Amma hazırki şərtlər altında Ermənistanın belə bir həll variantına razı olacağı inandırıcı görünmür. Əgər həqiqətən belə bir həll variantı müzakirə olunursa, bunu Azərbaycan üçün uğurlu saymaq olar".
Qüdrət Həsənquliyevin qənaətinə görə, başqa bir həll variantını da yenidən gündəmə gətirmək olar: "Söhbət vaxtilə akademik Saxarovun, daha sonralar isə Pol Qoblun təklif etdiyi ərazi mübadiləsi ilə bağlı həll planından gedir. Azərbaycan Konstitusiyasına görə də referendum yolu ilə ərazi mübadiləsi mümkündür. Amma Konstitusiyamız hətta referdum yolu ilə də bir qarış torpağın belə başqa ölkəyə güzəştə gedilməsinə imkan vermir. Hətta referendum keçirilərsə və Dağlıq Qarabağın müstəqil hüququn subyekti kimi mövcudluğu qəbul edilərsə, bu yenə də qanunsuz və Konstitusiyaya zidd bir addım olacaq. Yəni, referendum yolu ilə ərazi mübadiləsi mümkündür, amma ərazilərin mübadiləsi yox. Düşünürəm ki, Naxçıvanın anklav vəziyyətdən çıxarılması və Turkiyə ilə quru sərhədlərimizin olması naminə biz ərazi mübadiləsinə gedə bilərik. Bu məsələ üzərində də düşünməyə dəyər. Belə bir həll variantının Azərbaycan tərəfindən gündəmə gətirilməsi, qənaətimə görə, mümkündür. Belə bir həll planının həyata keçirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün əlverişli olardı. Bütün bunların reallaşmayacağı təqdirdə isə Azərbaycanın müharibəyə başlamaqdan başqa yolu qalmır. Hesab edirəm ki, Azərbaycan hökuməti bu barədə açıq və ciddi danışmalıdır. Bu istiqamətdə açıq çağırışlar etməlidir. Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal altında qalması ilə heç bir halda barışmamalıyıq.
Münaqişənin həlli üçün Qərbdən ciddi dəstək gözləməyə dəyməz. Buna görə də Rusiya ilə anlaşa bilmətyəcəyimiz təqdirdə müharibədən başqa yol qalmır. Belə olacağı təqdirdə Azərbaycan hökuməti xalqı müharibəyə hazırlamalı, hərbi xərcləri kəskin şəkildə artırmalıdır. Əgər biz müharibə etməyəcəyiksə hərbi xərcləri azaltmalıyıq, yox əgər müharibə edəcəyiksə o zaman hərbi xərclərə ayrılan vəsait indikindən qat-qat çox olmalıdır. İndiki artımla sürətli və az itkilərlə müşaiyət olunan hərbi əməliyyatların həyata keçirilməsinə imkan vermir. Mövcud şəraitdə belə bir missiyanı gerçəkləşdirmək çox çətindir. Nəzərə almaq lazımdır ki, Rusiya da Ermənistana hərbi dəstək verə bilər. İranın da oynaya biləcəyi rol barədə indidən konkret fikir səsləndirmək mümkün deyil. Bu baxımdan Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrindən dəfələrlə güclü olmalıdır. Yəni o dərəcədə güclü olmalıdır ki, Ermənistan kənardan nə qədər dəstək alsa da silahlı qüvvələrimizin hücumları qarşısında davam gətirə bilməsin".