Yerinizə utanmaq istəyərdim, amma... Siyasət

Yerinizə utanmaq istəyərdim, amma...

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycana silah tuşlayan, həmvətənlərimizi qətlə yetirmək üçün qadınlardan ibarət “könüllü dəstələr” formalaşdıran Anna Akopyanla bağlı açıqlamasına Müdafiə Nazirliyinin cavabını heç başa düşmədim... Bu cavabda yer alan bəsit, ikrah hissi doğuran “arqumentləri” də həmçinin...
Maraqlıdır, görəsən əlinə silah alıb Azərbaycan torpaqlarında özü kimilərə “təlim” keçən, silahla erməni qadınlarının qədim peşəsinin “tələblərinə” uyğun poz verən, uzaqdan-uzağa da olsa üzərimizə silah tuşlayan bir düşmənə qarşı münasibətimiz necə olmalıdır? Başını sığallamalıyıq?
Məgər Ermənistan ordusu torpaqlarımızı işğal edəndə, qız-gəlinlərimizi əsir götürəndə, soydaşlarımızı etnik təmizləməyə məruz qoyanda, körpələrimizin gözünü çıxaranda, soyqırım, terror aktları törədəndə “hərbi hüqüqun”, beynəlxalq konvensiyaların tələblərinə riayət edib?
Müdafiə nazirliyinin “xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərləri” ilə bağlı xatırlatmasına gəldikdə isə, düşünürəm ki, milli adət-ənənəmizə, xüsusiyyətlərimizə və mənəvi dəyərlərimizə uyğun gəlməyən davranışların ünvanını başqa yerdə axtarmaq lazımdır. Ehtiyac duyularsa detallı şəkildə xatırlada bilərəm. Amma indiki şəraitdə Anna Akopyanın sinəsinə sıxdığı “Kalaşnikov” kimi sökülüb-yığılmasına 30-40 saniyə sərf edəcəyim məsələlərlə uğraşmaq, polemika açmaq niyyətində deyiləm.
Əgər Qüdrət Həsənquliyevin açıqlaması Anna Akopyanın qohum-əqrabasının xətrinə dəyibsə, utanmasınlar, bunu açıq şəkildə dilə gətirsinlər, biz də işimizi bilək. Onsuz da hər yerdə 30 min erməni əsilli gəlinimizin olduğunu deyirik. Bu 30 mindən 5-6-sı da olsun Anna Akopyanın, yaxud Nikol Paşinyanın qohumu... Nə dəyişəcək ki? Amma Akopyanın təəssübünü çəkənlər isə yaxşı olardı ona Azərbaycan torpaqlarına gəlməməyi məsləhət görsünlər. Həm də başa salsınlar birdən qələt eləyib yenə də gəlsə, hərbi geyimdə, həm də silahla poz verib eləməsin. Əks təqdirdə ona düşmənin sıradanbir əsgəri kimi yanaşılacaq və ən yaxşı halda əsir götürüləcək...
Yerinizə utanmaq istəyərdim, amma bu böyüklükdə, həm də primitivizmin dibinə varan bir “cavab”ın yükünü üzərimə götürə bilmırəm. Qüsura baxmayın...

Elçin Mirzəbəyli