Gürcüstandakı proseslər Azərbaycana nə vəd edir? Siyasət

Gürcüstandakı proseslər Azərbaycana nə vəd edir?

Politoloqlara görə qonşu ölkədə baş verən son hadisələr daha çox geosiyasi maraqların toqquşması ilə bağlıdır

Cavid

Gürcüstan siyasi arenası çalxalanmaqda davam edir. Xəbər verdiyimiz kimi, noyabrın 4-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad edib. Bunun ardınca isə Gürcüstanın xarici işlər naziri Maya Panjikidze və Gürcüstanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili istefa verib. Dünən axşam İ.Alasaniyanın "Bizim Gürcüstanımız – Azad demokratlar" Partiyası hakim "Gürcü arzusu" koalisiyasından çıxıb. Bununla da, faktiki olaraq hakim koalisiya dağılıb.
Gürcüstanda belə bir fikir formalaşmağa başlayıb ki, bütün bunlar keçmiş prezident Mixail Saakaşvilinin qurduğu revanş planının bir hissəsidir. Bəzi ekspertlər də Saakaşvilinin hakimiyyəti qaytarmaq üçün böyük siyasi oyuna başladığını istisna etmirlər. Digər ekspertlər isə Gürcüstanın Rusiya tərəfindən qarışdırıldığını qeyd edirlər.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Gürcüstan hökumətinin bir neçə üzvünün istefaya göndərilməsi məsələsini belə şərh edib: "Əgər "Gürcü Arzusu" koalisiyası dağılarsa, o zaman sabiq prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi reallaşa bilər. Doğrudur, Mixail Saakaşvilinin hakimiyyətə qayıtmasına qarşı təkcə Rusiyada deyil, Qərbdə də etirazlar olacaq. Amma istənilən halda Gürcüstanda siyasi boşluq yaranarsa, o zaman Mixail Saakaşvilinin hakimiyyətə qayıtması gündəmə gələcək. Bunun nə dərəcədə real olacağını zaman göstərəcək".
Ə.Oruclu onu qeyd edib ki, "Gürcü Arzusu" koalisiyasının zorən ittifaq olması əvvəlcədən bəlli idi: "Ona görə də bu koalisiyanın dağılması təəccüblü deyil. Onu da nəzərə alaq ki, Gürcüstanın sabiq baş naziri Bdzina İvanişvilinin "Gürcü Arzusu" koalisiyasını kənardan "boz kardinal" kimi idarə etmək iddiası var idi. Sonunda bu iddialar da öz nəticəsini göstərdi. Gürcüstan hökuməti tərkibində baş verən hadisələr isə təbii prosesdir. Düşünmürəm ki, bütün bunların arxasında kimlərsə dayanır. Ola bilər ki, kimsə buna bir qədər təkan vermiş olsun. Ancaq istənilən halda bu təbii prosesdir. Çünki "Gürcü Arzusu" koalisiyası süni koalisiya idi. Məqsəd İvanişvilinin pulundan istifadə edərək, Mixail Saakaşvilini devirib hakimiyyətə gəlmək idi. Buna nail olsalar da, sonradan bu oyunun mənfi tərəfi özünü göstərməyə başladı. Siyasətdə bu cür oyunlar keçmir".
Politoloq Qabil Hüseyinli isə deyib ki, Gürcüstanda indiki vəziyyət gözlənilən idi: "Hazırda Gürcüstanda zahiri pərdəsi demokratiya, daxili isə avtoritarizm olan siyasi rejim hakimiyyətdədir. Bu rejimin qurduğu hakimiyyət bir gün çatlamalı idi."
Onun sözlərinə görə, keçmiş baş nazir İvanişvili indi qeyri-hökümət təşkilatının rəhbəridir, amma dövləti kənardan idarə edir, Rusiya ilə yaxınlaşma siyasəti aparır. Prezident və baş nazir onun sözü ilə oturub-durur. Məncə, bu böhran daha da dərinləşəcək və əhalinin əhval-ruhiyyəsinə təsir edəcək. Bu prosesin sonu İvanişvilinin Rusiyapərəst rejiminin siyasi səhnədən tamamilə getməsi ilə nəticələnəcək.
Q.Hüseynli deyib ki, bu proseslər Azərbaycana elə də ciddi təsir edə bilməz. Neft, qaz kəmərləri, İpək Yolu layihəsi Gürcüstandan keçir. Azərbaycanın bundan başqa Gürcüstandan asılılığı yoxdur. Gürcüstan sevinməlidir ki, Azərbaycan kimi ölkə ilə qonşudur.
O, istefa verən nazirlərin Qərbə daha yaxınlığı ilə seçildiklərini, indiki böhranlı vəziyyətin yaranmasında Rusiyanın rolu olduğunu söyləyib.
Politoloq Fikrət Sadıqov isə Gürcüstanda baş verən son hadisələri siyasi görüşlərin toqquşması ilə izah edib: "Gürcüstanda daxili və xarici siyasət aydın deyil və bu ölkə yol ayrıcında qalıb. İndiki siyasi proseslər pərdə arxasında baş verir. Gürcüstanda siyasi qüvvələrin bir hissəsi tam Qərbyönlüdür. Bura istefa verən müdafiə naziri, xarici işlər naziri daxildir. Dövlət başçısı və baş nazir də daxil olmaqla bir hissə isə düşünür ki, həm Avropa, həm də Rusiya amili nəzərə alınmalıdır. Əks halda vəziyyət gərginləşə bilər. Əlbəttə, Gürcüstandakı fikir ayrılığı siyasi böhrana yol açır. Təsadüfi deyil ki , keçmiş prezident Mixail Saakaşvili də bu prosesə qoşuldu və istefa verən simaları dəstəklədi."
Politoloqun fikrincə, bu proses xarici qüvvələrin təsiri olmadan baş verə bilməzdi: "Rusiya separatçı qüvvələrinin Gürcüstan mallarına embarqo qoyması, siyasi və hərbi aksiyalar bu prosesi sürətləndirdi. İndi vahid koalisiya dağılmaq üzrədir və bu, iqtidarın fəaliyyətinə təsir göstərməyə bilməz. Bəlli bir müddətdir ki, Qərblə gərginlik fonunda Avropanın hava sərhədlərini pozan, bəzi Qərb ölkələrinin ünvanına təhdidlər səsləndirən Rusiya Gürcüstanda da aktivliyini artırmaqdadır. Belə ki, son vaxtlar Rusiyanın Gürcüstan daxilində qarışıqlıq yaymaq məqsədi ilə təxribatçılıq xarakterli addımlar atması ilə bağlı xəbərlər yayılmaqdadır ki, bu da Kremlin Qərblə qarşıdurma fonunda belə Cənubi Qafqaz faktorunu gözardı etmədiyini göstərir. Hərçənd həm daxili iqtisadi durum, həm də Ukrayna olayları müstəvisində Qərblə yaşanan siyasi-iqtisadi gərginlik Rusiyadan öz diqqət və potensialını daha çox bu yönə səfərbər etməyi zəruri edir. Lakin görünən odur ki, Kremlin nəhəng təxribat-diversiya maşını həqiqətən də bir deyil, bir neçə cəbhədə fəaliyyət göstərmək imkanına malikdir".
Maraqlıdır, hər zaman post-sovet ölkələrində müəyyən təbəddülatlar yaradan Rusiya ABŞ və Qərbin himayəsinə sığınan Gürcüstanda əsaslı gərginlik yarada biləcəkmi? Gürcüstanda baş verəcək daxili qarışıqlıq Azərbaycana nə vəd edir? Ümumiyyətlə, Rusiyanın mövcud Cənubi Qafqaz siyasətinin mahiyyəti nədən ibarətdir?
Politoloq İlqar Altayın fikrincə Saakaşvilinin gedişindən sonra qonşu Gürcüstanda formalaşan yeni hakimiyyət xeyli vaxt idi ki, ölkənin sabit ictimai-siyasi durumunu təmin etmişdi. Ancaq sən demə, bunlar aysberqin yalnız üzdə olan tərəfi imiş. Artıq son hakimiyyətüstü eşalonda çaxnaşmalar göstərir ki, Tiflis hakimiyyəti monilitliyi düşüncələrinə əsas yox imiş. Sadəcə, partlayış üçün tutarlı bir əsas lazım imiş ki, o da Gürcüstanın NATO-ya inteqrasiyası üçün konkret addımında üzə çıxıb: "Ölkənin Avroatlantik məkana daxil olmasını ən real təşkil edə bilən və buna çalışan müdafiı naziri İrakli Alasaniya birdən-birə baş nazir tərəfindən vəzifəsindən çıxarıldı. Onun və nazirlikdəki bir sıra vəzifəli şəxslərin haqqında cinayət təqibi başlanılıb. Gürcüstanın Avroatlantik məkana inteqrasiyası naziri və xarici işlər nazirinin də istefa verməsi təsadüfi deyil. Hətta Gürcüstanın prezidenti bu baərədə xüsusi bəyanat verib.O, siyasi qarşıdurmanın ölkənin Qərbə doğru irəliləyişinə mane olduğu, ordu və digər dövlət institutlarını çökdürməklə dövlət suverenliyini təhlükə altına almağa xidmət etdiyini vurğulayıb".
Politoloqun qənaətincə, bu gün baş verənlər Gürvüstan hakimiyyətinin daxilən sabit və möhkəm olmadığını göstərir: "Bütün bunlar onu gösərir ki, qonşu Gürcüstan hakimiyyətində ikitirəlik hökm sürür. Bir tərəfdə prezident, müdafiə, xarici işlər və sair nazirlər olmaqla qərbyönümlülər. Digər tərəfdə isə baş nazir və hüquq-mühafizə nazirləri olmaqla bu yönümün qəti əks-mövqeyində dayananlardır. Çox yəqin ki, bunlar rusiyapərəstlərdir. Gürcüstanın konstitusiyasına görə, ölkədə real hakimiyyətin baş nazirdə olması və prezidentin mövqeyinin o qədər də güclü və həlledici olmaması vəziyyəti qəlizləşdirir".
İ.Altayın fikrincə, bu gün baş verənlər Saakaşvilinin hakimiyyətdən yola salınması ilə bağlı bəzi məqamları da aydınlatmaqdadır: "Aydın olur ki, vaxtilə, Saakaşvilinin yola salınması zamanı Gürcüstanın yeni hakimiyyətinin təşkilində Moskvanın marağı da təmin olunubmuş. Rusiyapərəst qüvvələrə də mühüm postlar verilibmiş. Baş nazirin hüquq mühafizə sistemi ilə birgə bu gün konkret anti-Qərb mövqe sərgiləməsi isə Gürcüstan hakimiyyətiinin tutarlı qisminin Putinin əlində olduğunun sübutudur. Məhz buna görə imiş ki, Saakaşvilidən sonra Rusiya Gürcüstana qarşı yumşaq mövqeyi ilə fərqlənib. Sadəcə, Moskva və Tiflis hakimiyyətinin həmin Rusiyameyilli qismi bunu indiyədək malalaya bilmişlər və bu həlledici anda üzə çıxdı. Bu gün Qərblə Rusiya arasındakı münaqişənin kritik kulminasiya dövrüdür. Artıq oyun açıq kartlarla oynanılır. İki tərəf arasında ən vacib geosiyasi məkan olan Cənubi Qafqaz uğrunda mübarizə daha da qızışıb. Çünki Rusiyanın əslində dağılma nöqtəsi Qafqaz məkanıdır".
Politoloq Rasim Musabəyovun fikrincə isə Gürcüstanın təhlükəsizlik və xarici siyasətini hansı qüvvələrin həyata keçirəcəyi Azərbaycan üçün də önəmlidir. Hesab edirəm ki, Gürcüstan Azərbaycanla strateji əməkdaşlığını qoruyub saxlayacaq. Təbii ki, bu bizim üçün də maraqlıdır: "Azərbaycan, Gürcüstan və Tükiyənin təhlükəsizliklə bağlı üçlü formatda bir sıra layilərəmiz var. Hesab edirəm ki, bu xətt davam olunacaq".