BBC, nə baş verir? Siyasət

BBC, nə baş verir?

“Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”.

Bu sitat Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 75-ci sesiyasındakı çıxışındandır.

Azərbaycan işğal olunmuş torpaqlara Livan, Suriya və s bölgələrdən köçürülmələr etdiyi, PKK terror təşkilatının beynəlxalq nəzarətdən kənar qalmış ərazilərdə möhkəmlənməsi barədə əldə etdiyi məlumatları açıqlayıb. Terror təşkilatlarının, kənar güclərin bölgəyə cəlb olunmasından narahatlığını ifadə edib, beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa hörmət etməyə, bölgəyə diqqət yetirməyə və Ermənistanın bu addımlarına son verməyə çağırıb.

Prezident Əliyev ən sonunda bunu dünyanın ən mötəbər kürsüsü hesab olunan BMT-də açıq səsləndirib və fikrini də əsaslandırıb, məlumatları paylaşıb. Həmçinin tarixi xatırladıb, erməni terrorçularının 24 türk diplomatını qətlə yetirdiyini yada salıb: “Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir”.

Sentyabrın 27-də isə Ermənistan növbəti dəfə təxribat törədir, Azərbaycanın mövqelərini, paralel olaraq isə yaşayış məntəqələrini və dinc sakinlərini hədəf alır. Azərbaycan mövqelərini qorumaq üçün əks hücuma keçir, dinc əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazisini terrorçulardan təmizləmək üçün geniş miqyaslı antiterror əməliyyatına başlayır.

Və bundan sonra başlayır... Azərbaycan ərazilərinin 25 faizinin bir neçə on ildir ki, terrorçuların nəzarətində qaldığına görə narahat olmayan ölkələr və beynəlxalq təşkilatların “narahatıq”, “dərhal dayanın”, “ tərəflərin güc tətbiqini kəskin şəkildə qınayırıq” tipli bəyanatları... Məsələ ondadır ki, “tərəflər güc tətbiq etmir”, bir tərəf, yəni Ermənistan güc tətbiq edir, digər tərəf, yəni Azərbaycan isə ərazisini və əhalisini işğalçıdan təmizləyir, qoruyur.

Və belə bir vaxtda Ermənistan mediası, rəsmiləri illərdir ki, Azərbaycanın faktlarla ortaya qoyduğu “bölgəyə Ermənistan tərəfindən muzdluların gətirilməsi” iddiasını Azərbaycana qarşı istifadə etməyə başlayır. “Rossiya-1” telekanalı məsələni sual şəklində gündəmə gətirir, Prezident Əliyevdən soruşurlar, o da rahat və konkret cavablayır: “Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

Paşinyan isə eyni mənbəyə müsahibəsində bu iddianı yenidən səsləndirir: “Artıq beynəlxalq mətbuatda çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar və s. və ilaxır”. Azərbaycan sosial media iştirakçıları, siyasətlə məşğul olmayan sadə adamlar belə bu iddiaya gülürlər. Çünki çox qeyri-ciddidir, çünki onlar öz kəndlərində, rayonlarında dönüb ətrafa baxırlar, heç yerdə suriyalı görmürlər, hələ suriyalı ilə “içki davası”. Bu ki lap felyaton oldu...

Və BBC ...

Dünyanın transmilli media quruluşu olan BBC isə sadə azərbaycanlının burda güldüyü iddiaları ciddi-ciddi “araşdırır”, məqalə təqdim edir. Məqalədə mənbələr var. Mənbə yoxdu demək olmaz. Amma o mənbədən istənilən nağılbaz çox rahatlıqla yüzlərlə uydura bilər. BBC-yə Qarabağda suriyalıların döyüşməyə getdiyini deyən “Suriyalı Abdullah”dır. Eee... yəni?) Suriyada indi Abdullahdan çox ad yoxdu.

BBC necə sübut edəcək ki, bu “suriyalı Abdullah” gerçəkdən də döyüşçüdü və doğru deyir? Necə sübut edəcək ki, bu “suriyalı Abdullah” elə Ermənistana muzdlu daşıyan “suriyalı Samvel” deyil?! Axı hər kəs bilir ki, terrorçular gerçək ad və kimliklə, gerçək milli kimliklə döyüşmürlər... Necə sübut edəcək ki, gerçəkdən də belə bir “suriyalı Abdullah” var?! Bu “suriyalı Abdullah” Suriyadakı onlarla qruplaşmadan hansına aiddi, kimdi, vəzifəsi, işi-gücü nədi? Buna bizim ölkəmizdə “dedi-qodu” deyirlər. Pandemiya dövründə bizim ökənin sosial mediasında bir “Niquş” memi yaranmışdı, belə “ded-qoduları” ölkəyə sosial alətlərlə “Niquş” yayırdı. BBC kimi ən üst media standartı ilə tanınmış qurum necə olur ki, “dedi-qodu”, fake mənbələr və görüntülərlə işləyir?!

BBC sosial mediada yayılan hansısa video və şəkillərə istinad edir. Daha sonra isə həmin şəkilləri silir.

İndi istənilən ölkənin hərbi geyim formasını, aksesuarlarını əldə edib foto və video çəkiliş eləmək çox asandır. Dünya bir -birinə bənzəyir, hər yerdə eyni çöllər, eyni təpələr... İndi bir-iki “suriyalı Abdullah” Böyük Britaniya ordusunun formasını geyinib, şəkil çəkdirsə, biz iddia etməliyik ki, o biri “Abdullah” bu “Abdullah”ları İngiltərəni qorumağa göndərib?! Bu nə məntiq, BBC?

Hələ bu da bir yana, həmişə sosial medianın Azərbaycan seqmentində daha çox intim məlumatların sponsorlu reklama qoyulması ilə məşul olan BBC Azərbaycan məhz bu fake xəbəri “sponsorlu yayım”la oxutdurur. Səbəb?

BBC fakt istəyir?

Bölgədə suriyalı, livanlı döyüşçülərin olması faktdır. Azərbaycan bu faktı tanıyır və bundan narahatdır.

Bölgədə BBC-nin axtardığı “suriyalı Abdullah” doğrudan da var. Amma BBC onu səhv ünvanda axtarır. “Suriyalı Abdullah” Ermənistandadır. Bunu "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı sentyabrın 29-da yaydığı məlumatı ilə təsdiqləyir. Məlumatda qeyd olunur: “Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə edilmək üçün Ermənistan tərəfindən Ermənistana aparılıb". Eyni təşkilat daha sonra yazır: "Çox etibarlı SOHR mənbələri, Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-lərdə yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir".

Bu şəkil isə “facebook” sosial şəbəkəsindən götürülüb. Livan əsilli erməni Shahe Ajemian uzun illərdir ki, Ermənistanda döyüşür, özünü “keçmiş döyüşçülərdən” hesab edir.

Başqa bir görüntü isə PKK terrorçuları ilə erməni hərbçilərinin birgə toplantısıdır.

Bunlar artıq hansısa “suriyalı Abdullah”ın dedikləri deyil. Bunlar real, indi yaşayan və fəaliyyət göstərən şəxslər, təşkilatardır.

Daha çox davam eləmək, daha çox fakt ortaya qoymaq mümkündür.

***

Müharibə bitəcək, işğal sona çatacaq. Azərbaycan bunu bacaracaq. Amma həmişə bu media quruluşları Azərbaycandan yazanda bir daha dönüb bu günlərdə yazdıqlarını xatırlayacağıq...