Səməd Seyidov: “Azərbaycanın danışıqlara razılaşması üçün ilk növbədə BMT TŞ-nın 4 qətnaməsi yerinə yetirilməlidir” Siyasət

Səməd Seyidov: “Azərbaycanın danışıqlara razılaşması üçün ilk növbədə BMT TŞ-nın 4 qətnaməsi yerinə yetirilməlidir”

“Hazırkı tarixi məqamda Azərbaycan Prezidenti İlham Əliyevin “Pervıy Kanal”, CNN-Türk və “Euronews” televiziya kanallarına müsahibələri Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, illər boyu beynəlxalq ictimaiyyətin dinləmək istəmədiyi kəlmələr, fikirlər, yanaşmalar sözbəsöz, cümlə-cümlə, sətirbəsətir onlara çatdırılır və qəbul etdirilir: “Düzdür, biz görürük ki, bəziləri bunu qəbul etmək istəmirlər. Məsələn, bunlardan biri Fransanın Prezidenti Emmanuel Makrondur. Ancaq o, sonra öz yalanları içərisində bilmir ki, hansı davranışı ortaya qoysun. Belə təzyiqlər artacaq. Bu gün Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında, sabah Avropa Parlamentinin, Avropa Şurasının hansısa addımlarında belə halları görəcəyik. Bütün bunların hamısı ona dəlalət edir ki, bunlar beynəlxalq hüquq normalarından istifadə edərək heç nəyi dəyişdirmək fikrində deyillər. Eyni zamanda işğalı əbədiləşdirmək, Azərbaycan torpaqlarını qoparmaq və torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına şərait yaratmaq fikrində idilər. Belələri BMT, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in özü tərəfindən qəbul edilən və altına imza atdıqları sənədlərdən imtina edirdilər. Prezidentin çıxışları isə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının ardıcıl həm beynəlxalq mediaya müsahibələri, həm Azərbaycan xalqına müraciətləri bizim gördüyümüz ümumi işlərin fəlsəfəsini ortaya qoyur”.

Parlamentin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqına nə deyirsə, nə bölüşürsə, onu da beynəlxalq təşkilatlara çatdırır, bunu beynəlxalq təşkilatlardan, beynəlxalq aktorlardan tələb edir: “Hiyləgər siyasət yürüdən Ermənistanın baş naziri Nikol Paşinyan isə beynəlxalq təşkilatlara bir söz, öz xalqına bir söz, qonşularına isə başqa söz deyir. Dördüncü sözü isə yəqin ki, Paşinyan otağında oturanda özü özünə deyir”.

S. Seyidov nəzərə çatdırıb ki, Azərbaycan şəhərləri atəşə tutması, Mingəçevir Su Elektrik Stansiyası və Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf seçməsi Ermənistanın siyasətinin, hərbi doktrinasının ayrılmaz tərkib hissəsidir: “Şəhərləri, mülki obyektləri dağıtmaq, mülki insanları öldürməyi, vahimə, çaşqınlıq yaratmağı, bununla da öz məqsədlərinə nail olmağı qarşılarına məqsəd qoyublar. Ermənistan bunları 1992-ci ildə həyata keçirərək torpaqlarımızı işğal etmişdi. İndi isə fərqli Azərbaycan var, Ermənistan şəhərlərimizə, kəndlərimizə nə qədər mərmi, raket atırsa, nifrət də bir o qədər artır, Azərbaycan əsgərinin vətənpərvərliyi, əzmi və iradəsi yüksəlir. Ermənistan hərbi-siyasi rəhbərliyi atdığı addımlar qarşısında belə əks-effekt, müqavimət, Azərbaycan xalqında birlik gözləmirdi. Həm də yalnız Ermənistan deyil, dünya bunu bizdən gözləmirdi. Gözləmirdilər ki, biz bu təcavüzə, təxribatlara, təhqirə layiqincə cavab verə biləcəyik. Fikirləşirdilər ki, ermənilər gəlib Şuşada - Cıdır düzündə rəqs edəcəklər, biz də buna dözəcəyik. Əslində, Azərbaycan əsgəri tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda sülh və ədalətin bərpa edilməsi prosesinə dünya dəstək verməlidir. Ancaq görürük ki, Fransa, Almaniya və müəyyən beynəlxalq təşkilatlar özlərini fərqli aparmağa başlayır. Ona görə də bu regionda real təsiri, gücü olan ölkələr öz sözünü deməlidirlər, Prezident İlham Əliyev də müsahibələrində, çıxışlarında bunu qeyd etdi. Söhbət Türkiyə və Rusiyadan gedir. Regiona ən güclü təsiri olan bu iki ölkədir və bu dövlətlərin bəyanatlarını da konkret olaraq görürük. Ona görə də bu nöqteyi-nəzərdən Azərbaycan öz haqq işini davam etdirməlidir”.

Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir: “Təcavüzkara çox dəqiq siqnal göndərilən bu qətnamələrdə göstərilir ki, işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Təbii ki, bizdən danışıqlar masası arxasında əyləşməyi tələb etmək elə asan deyil, çünki insanlarımız arasında böyük acı, faciəvi hisslər mövcuddur. Amma hər bir halda bizim istədiklərimiz beynəlxalq hüququn tələblərindən artıq deyil. Ona görə də Qərb özündə güc taparaq özünün qəbul etdiyi, tətbiq etdiyi və yaşadığı prinsiplərin bu məsələdə tətbiq olunmasına şərait və imkan yaratmalıdır. Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır”.