Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir Siyasət

Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir

Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır.

Bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq".