Müsavatda saxtakar axtarışı... Siyasət

Müsavatda saxtakar axtarışı...

Səxavət Əlisoy: "İsa Qəmbər saxtakarların təəsübünü çəkir"

Kamil Xəlilbəyli: "Bütün baş verənlərin günahkarı İsa Qəmbərdir"

Müsavat partiyasında ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə gərgin anlar yaşanıb. Başqanlığa sabiq namizəd Qubad İbadoğlu çıxış edərək, Müsavatın bu günə gəlməsinin bir neçə səbəbini açıqlayıb. Bundan sonra Q.İbadoğlu Barışıq Naminə Təkliflər Paketini də açıqlayıb. O, bildirib ki, "MNTK tərəf ola bilməz. MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın. MNTK ədalətli qərarlar qəbul eləsin, partiyadan çıxarılanlar Müsavata bərpa olunsun". Qalmaqala səbəb də məhz Q.İbadoğlunun bu təklifləri olub. Q. İbadoğlunun çıxışına yerdən replikalar atılıb, narazılıq edilib. A.Hacılı zaldakıları sakitliyə çağırsa da, üzvlərdən Q.İbadoğluna qarşı çıxanlar çox olub.
Müsavatın sabiq başqanı İsa Qəmbər çıxışı zamanı Qubad İbadoğlunun ittihamlarına cavab verərək bildirib ki, partiyanın strukturlarına legitim qurum yaradıla bilməz: "Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf MNTK-nı tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar".
Qubad İbadoğlu isə İsa Qəmbərin bu fikirinə etiraz edərək "Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır" - deyə sual ünvanlayıb. İsa Qəmbər Qubad İbadoğluna "sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy, "Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır" - deyə bildirib.
Qubad İbadoğlu isə yerdən İsa Qəmbərə "Niyə əsəbləşirsiz" deyəndə işə Müsavat başqanı Arif Hacılı Qubad İbadoğluna yerdən danışmamağı məsləhət görüb.
Müsavat partiyasının divan üzvü Osman Kazımov mətbuata açıqlamasında bildirib ki, Qubad İbadoğlunun mövqeyi görüntü xatirinə sərgilənib: "Qubad İbadoğlu sanki sərt basqı altında idi. Mənə elə gəldi, o ciddi təzyiqə məruz qalır. Məncə prosesləri o idarə etmir".
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan Arif Hacılının partiyanın ümumrespublika müşavirəsi zamanı səsləndirdiyi fikirlərə cavab verib. O, səsləndirilən fikirlərin tamamilə əsassız olduğunu bildirib: "Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Xəyanət saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir. Saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir. Ömrünün 10 ilini, 20 ilini Müsavata qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır? Orta səviyyəli kənd tamadasına tabe olmayanlara nifrət, təbii ki, psixoloji problemdən xəbər verir".
Səxavət Əlisoy "Müsavatın keçmiş başqanı İsa Qəmbərin müşavirədə narazıların üzərinə səsini yüksəltməsini saxtakarların təəsübünü çəkməsi kimi qiymətləndirirəm",- deyə əlavə edib. Səxavət Əlisoy bildirib ki, bu gün Müsavat Partiyası faktiki olaraq iki hissəyə parçalanıb: "Bir tərəfdə saxtakarlığa qarşı çıxanlar, digər tərəfdə isə saxtakarlığa yol verənlər dayanır. Onlar çalışır ki, mübarizəmizi səssiz şəkildə, 2006-cı ildəki kimi batırsınlar. Amma bu alınmır. Ciddi ittihamlar səsləndirirlər. Narazıları Müsavata xəyanətdə suçlayırlar. Saxtakarlığa qarşı çıxanları xəyanətdə suçlamağın özü absurddur. Müsavata xəyanət edənlər saxtakarlığa yol verənlərdir. Onlar bilirlər ki, artıq eyforiyaları bitib. Onların özləri də anlayır ki, saxtakar imicindən xilas ola bilməyəcəklər. Ona görə də təhdid formasındakı böhtanlarını daha da genişləndirəcəklər. Qısa zaman ərzində narazıların qərarı açıqlanacaq. Partiyanın demokratik imicini özünə qaytarmaq üçün mübarizəni dayandırmayacağıq".
Keçmiş müşavir onu da qeyd edib ki, artıq partiyanın qatarı gedib: "Artıq qatar gedib. O proses bitib. Bu prosesə, saxtakar ssenarisi başlığı qoyulub. Bundan sonra prosesə kimin necə müdaxilə etməsinin önəmi yoxdur. Faktiki olaraq partiyada birliyin olması qeyri-mümkündür. Saxtakarlığa qarşı çıxan insanların səsini kəsmək inandırıcı deyil. Onları partiyadan xaric etmək olar. Amma bizim səsimizi kim kəsə bilər? Bizim səsimizi kəsmək qeyri-mümkündür. Çünki bizim sayımız yüzlərlədir. Bu, ciddi bir faktdır".
Səxavət Əlisoy qeyd edib ki, yaxın zamanda bu siyasətdən narazı rayon təşkilatları da prosesə qoşulacaq: "Hesab edirəm ki, onlar reallığı o zaman anlayacaqlar. Belə ki, keçmiş zamandan danışmağın mənası yoxdur, biz gələcək zamanda danışacağıq. İnsanları qarşı-qarşıya qoymaq İsa Qəmbərə yaraşan hərəkət deyil. Uzun müddət partiyanın başqanı olmuş birinin narazılarla bağlı dediyi fikirlər yanlış yanaşmadır".
"Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Xəyanət, saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir. Saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir. Ömrünün 10 ilini, 20 ilini "Müsavat"a qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır? Orta səviyyəli kənd tamadasına biət etməyənlərə nifrət, təbii ki, psixoloji sorundan xəbər verir. Bir silahdaşı, beş silahdaşı xəyanətkar saymaq olar, onlarla, yüzlərlə silahdaşı xəyanətkar elan etməyin adı daha nə ola bilər? Vicdan gərək cüzdana bağlı olmasın. Yalnız o halda obyektiv fikir izhar etmək mümkündür. Kəsəsi, qurultaydan narazı qalanları xəyanətdə ittiham etmək absurddur. "Müsavat"a xəyanət edənlər yalnız və yalnız saxtakarlardır".
Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev deyib ki, Müsavat Partiyasının ümumrespublika müşavirəsi qaranlıq məqamlara aydınlıq gətirdi. Təşkilat sədrinin sözlərinə görə, uzun müddət müsavatdaxili prosesləri izləmək zorunda qalan İsa Qəmbər nəhayət susqunluğunu pozaraq "narazılara" qapını göstərdi: "Əslində bu, gecikmiş bir şoudur. Arif Hacılı bu gedişi artıq çoxdan edib və narazıları artıq qapı arxasında qoyub. O zaman uzun müddət susan İsa Qəmbər nəyi gözləyirdi? Gecikmiş bəyanatının arxasında hansı məqamlar durur? Hesab edirəm ki, İsa Qəmbərin susmağının iki səbəbi var. Birincisi mənəvi məsələdir, yəni "narazıları" seçki ərəfəsində kifayət qədər dəstəkləyə bilmir. İsa Qəmbərin hesablamalarına görə Qubad İbadoğlu seçkilərdə qalib çıxmalı idi. O səbəbdən də İsa Qəmbər qurulatayda açıq mətnlə Qubad İbadoğlunu dəstəkləmədi və bunu edə bilməzdi. Lakin sonrakı proseslərdə İbadoğlu, eyni zamanda İsa Qəmbər tərəfdarlarının keçmiş başqanın birmənalı olaraq onların tərəfini tutmasını tələb etməyə başlamasından sonra vəziyyət dəyişdi. Partiyaya nəzarəti ələ ala bilən Arif Hacılının mövqelərini gücləndirdiyini görən İsa Qəmbər "narazı" tərəfi dəstəkləmək planından imtina etməli oldu. O səbəbdən də İsa Qəmbərin indiyə qədər susmağının ikinci səbəbi aydın oldu".
Vasif Əfəndiyev hesab edir ki, hazırda İsa Qəmbər Arif Hacılının yanında olmaq görüntüsünü verərək xərclənmiş reputasiyasını bərpa etməyə çalışır. Hələ ki, "narazılar" Arif Hacılının başqan seçilməsində İsa Qəmbəri günahlandırsalar da, ona qarşı aktiv hücuma keçmək niyyətində deyillər. Bütün qaranlıq vəziyyətlərdə Rauf Arifoğlunu dəstəkləyən və ona görə xüsusi bəyanat verən İsa Qəmbər Yeni Müsavat qəzetinin "narazılar"a geniş yer verməsindən də narahat deyil. Hesab edirəm ki, İsa Qəmbər prosesləri bir qədər də dərinləşdirəcək ki, itirilmiş başqanlıq postunu geri ala bilsin. Lakin görünən odur ki, bu, yalnız parçalanmadan sonra baş verə bilər. Əgər proses bir neçə ay uzansa, İsa Qəmbər Hacılının yanında köhnələrək, qalan nüfuzunu da itirəcək. Onsuzda İsa Qəmbər tərəfdarları bütünlüklə Qubad İbadoğlunun yanındadırlar..."
Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyada narazıların yaratdığı işçi qrupun üzvü Tural Abbaslı "ümid etmək istəyirəm ki, qalib tərəf olan Arif Hacılı və onun tərəfdarları dünənki müşavirədən müəyyən nəticələrə gəliblər və müşavirəyəqədərki davranışlarında bir dəyişiklik olacaq",- deyə bildirib. Tural Abbaslı bildirib ki, hazırda partiyada 3 tərəf var. Onun sözlərinə görə, Qubad İbadooğlu və tərəfdarları qurultayın nəticələrini qəbul etmək istəmir, partiyanın başqanı Arif Hacılı və tərəfdarları hər şeyin yaxşı olduğunu bəyan edir, o özü (Tural Abbaslı) isə tərəfdarları ilə birlikdə qurultayın nəticələrini, legitimliyini şübhə altına almır, ancaq qurultaydan sonra partiyanın idarəçiliyindən narazıdır: "Müşavirədə üzbəüz sözlərimizi dedik, cavablarımızı aldıq... İsa Qəmbər də mövqeyini açıqladı, fraksiyanın yaradılmasının əleyhinə olduğunu, bunun böhranını davam etməsində rol oynayacağını, ancaq nəzəri baxımdan fraksiya yaradılmasının Nizamnamə pozuntusu olmadığını bildirdi. Yeri gəlmişkən, İsa Qəmbər bir müddət əvvəl bir status yazmışdı, həmin statusa bir müddət sonra aydınlıq gətirəcəyini qeyd etmişdi. Mən şəxsən indi də İsa Qəmbərin həmin statusa aydınlıq gətirməsini gözləyirəm".
Tural Abbaslı qeyd edib ki, Arif Hacılı və tərəfdarlarının müşavirədən sonrakı mövqelərindən asılı olaraq addımlar atılacaq: "Əgər partiya rəhbərliyi fraksiya yaradılmadan bunu edəcəksə, fraksiyaya ehtiyac qalmayacaq. Mən ən azı 2-3 gün gözləməyin tərəfdarıyam ki, bu müşavirənin real işdə hansı nəticələr verəcəyini görək. Arif Hacılı və tərəfdarlarının mövqelərində dəyişiklik olmadığı halda fraksiya yaradılması məsələsi yenə gündəmdə qalacaq". Tural Abbaslı onu da əlavə edib ki, işçi qrupda iki tərəf - onun və Qubad İbadoğlunun tərəfdarları təmsil olunur: "Mən və tərəfdarlarımın konkret qərarı var, əgər münasibətlər belə gedərsə, biz fraksiyanın yaradılmasını istəyirik. Amma deyəsən, hələ Qubad İbadoğlunun tərəfdarları arasında fraksiya yaradılması məsələsi ilə bağlı birmənalı fikir yoxdur. Gərək Qubad İbadoğlu da konkret mövqe ortaya qoysun".

Əli