Ermənistana görə beynəlxalq cinayət tribunalının yaradılması zəruridir - Qafqazşünaslıq İnstitutu Siyasət

Ermənistana görə beynəlxalq cinayət tribunalının yaradılması zəruridir - Qafqazşünaslıq İnstitutu

Humanitar atəşkəsi dəfələrlə pozaraq mülki əhalini artilleriya və raket atəşinə tutmaqla qətlə yetirən, yaralayan Ermənistanın bu cinayətləri onun 1992-ci ildə törətdiyi Xocalı soyqırımına görə cəzasız qalmasının nəticəsidir.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, 30 ilə qədər bir müddətdə Azərbaycanın 20% ərazisini işğal altında saxlayan Ermənistan nəinki bu ərazilərin işğaldan azad edilməsinə imkan vermədi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də maneə yaradaraq Azərbaycana qarşı əlavə ərazi təhdidləri etməyə başladı. Bunun nəticəsi olaraq, həm Qarabağda, həm də Qarabağdan kənar ərazilərimizdə (Tovuz) Azərbaycana qarşı təxribatlar törətməyə cəhd göstərdi:

"Azərbacan belə təxribatların qarşısını almaq üçün işğal olunmuş ərazilərimizdən Ermənistan hərbi qüvvələrini çıxarmağı qərara aldı. Azərbaycan Milli Ordusunun qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri mülki əhalinin yerləşdiyi şəhərlərə, o cümlədən Tərtər, Gəncə, Mingəçevir, Ağdam, Ağcabədi və Bərdə şəhərlərinə raket zərbələri endirdi. Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan hərbi qüvvələri Bərdə şəhərinə istifadəsi qadağan edilmiş raketlərlə zərbə endirdi".

Q.Hacıyev əlavə edib ki, Ermənistan hakimiyyəti bu cinayətləri ilə təkcə bir xalqa yox, bütün insanlığa qarşı dəhşətli cinayət törətdi.

O qeyd edib ki, beynəlxalq təşkilatlar, 1949-cu il insan haqları konvensiyasına qoşulmuş ölkələr bu cinayət aktına kəskin münasibət bildiməli, Ermənistan hökumətinin bu cinayətkar hərkətləri durdurulmalı və cinayətkarlar cəzalandırılmalıdır:

"Müharibə zamanı mülki şəxslərin müdafiəsi Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə konvensiyaları, xüsusilə IV Cenevrə Konvensiyası və bu Konvensiyaya 1977-ci il tarixli 1 saylı Əlavə Protokolla tənzimlənir. Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla uşaqlara qarşı ağır cinayətləri törətməkdə Ermənistan BMT Təhlükəsizlik Şurasının (1999-cu il 1261 saylı) qətnamələrini pozur".

Mütəxəssis hesab edir ki, Ermənistanın Azərbaycanın ərazilərinə hücumu və işğalı faktlarının regional sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilməsini nəzərə alaraq, BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq, Beynəlxalq Cinayət Tribunalının yaradılması zəruridir. Həmin tribunalda Azərbaycan Respublikasına və xalqına qarşı beynəlxalq cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin mühakimə olunması təmin edilməli, baş verən beynəlxalq cinayətlərin həm də insan hüquqlarının pozuntusu kimi qiymətləndirilməsi həyata keçirilməlidir:

"Ümidvarıq ki, qeyd edilən məsələlərin həlli beynəlxalq hüquq normalarına olan ümidlərin artmasına, beynəlxalq səviyyədə cəzasızlıq mühitinin aradan qaldırılmasına, nəhayət, cinayət qurbanlarının pozulmuş hüquqlarının bərpasına gətirib çıxaracaq".