NATO-nun Qarabağ “intizarı” Siyasət

NATO-nun Qarabağ “intizarı”

Alyansın son vaxtlar Azərbaycanın maraqları ilə uzlaşan mövqeyi nədən xəbər verir?

Cavid

NATO Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında qəbul olunan "NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edilib.
Bu barədə Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Assambleyada iştirak edən ermənilər cidd-cəhdlə Azərbaycan nümayəndə heyəti tərəfindən təklif edilən bu maddənin qətnaməyə əlavə edilməsinin qarşısını almağa çalışdılar: "Ermənilərin bu səylərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin ortaya qoyduğu tutarlı arqumentlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən maddə qətnaməyə əlavə edildi".
Millət vəkili onu da qeyd edib ki, ermənilər həmin qətnaməyə "azlıqların öz müqəddəratını həll etməsi" ilə bağlı maddənin əlavə edilməsinə cəhd etdilər: "Lakin Azərbaycan nümayəndə heyəti bu cəhdin qarşısını almağa nail oldu. Biz ermənilərin artıq bir dəfə öz müqəddəratını həll etdiklərini Assambleya iştirakçılarının diqqətinə çatdırdıq. Assambleyada iştirak edən digər ölkələrin nümayəndələri də bizi dəstəklədi və ermənilərin irəli sürdüyü bu təklif müzakirəyə qoyulmadan rədd edildi".
O əlavə edib ki, NATO-nun yeni baş katibi Yens Stoltenberq də sessiya zamanı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulyıb: "Yens Stoltenberq qeyd etdi ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa vasitəçi olmasa da, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərinə yaxından dəstək göstərməyə hazırdır".
Xatırladaq ki, bu, NATO-nun Uels sammitində ərazi bütövlüyünü dəstəkləyən qətnaməsindən sonra son iki ayda ikinci belə qətnaməsidir. Deməli, Qərb hərəkətə keçib və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışır.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri açıqlamasında bu proseslərin Qərb-Rusiya qarşıdurmasında baş verdiyini və Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu deyib: "NATO PA-nın qəbul etdiyi qətnamələrdə ermənilərin öz müqəddəratını təyin etmə prinsipini gündəmə gətirməsinə baxmayaraq, ərazi bütövlüyünü dəstəkləməsi müsbət haldır. Bu mövqe Ukrayna hadisələrindən sonra ortaya çıxdı. Krımda referendum keçirildi və yarımada Rusiyaya birləşdirildi. "Xalqların öz müqəddəratını təyin etmə" prinsipi və bütün post-sovet məkanında dondurulmuş münaqişələr Rusiyanın xeyrinədir. Bunu Qərb artıq anlayır. Bunun fonunda Şotland sindromu baş verdi. Orda keçirilən referendum və Şotlandiyanın Böyük Britaniyadan ayrılmaması Qərbin işi idi. Eyni proseslər İspaniyada katalonların ayrılmaq istəklərində də baş verdi. Yəni ATƏT xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləsə də, Qərb bunun səhv yol olduğunu anlayır və buna görə də ərazi bütövlüyü prinsipini önə çəkir".
Natiq Miri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi artıq qəbul edilib. Lakin politoloq Dağlıq Qarabağ münaqişəsinin Qərbin istədiyi kimi həll olunmasında Rusiya faktorunun maneə olduğunu bildirib. Onun sözlərinə görə, Moskvanın orbitində olan İrəvan müstəqil siyasət apara bilmir: "Amma Qərb hərəkətə keçib. Fikir verin, regionda proseslər paralel şəkildə aparılır. Bir tərəfdən, Rusiya zəiflədilir, digər tərəfdən münaqişələrin həlli istiqamətində addımlar atılır. Azərbaycan və Ermənistan prezidentləri Uels və Parisdə görüşdü. Bunun davamı yenə olacaq. Buna paralel olaraq son vaxtlar Türkiyə ilə Ermənistanın münasibətlərinin tənzimlənməsi ilə bağlı çağırışlar var. Bu çağırışlar Ermənistanın Rusiya monopoliyasından çıxarılmasına hesablanıb. Ermənistanda bu istəklər var. Amma İrəvan rejimi bunu edəcəyi təqdirdə dövlət çevrilişi ilə qarşılaşacağını anlayır".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu çox önəmli maddə idi: "Çünki, bir çox beynəlxalq təşkilatlar konkret olaraq işğalçının ünvanını göstərməkdən çəkinir, son helikopter olayının arxasında Ermənistanın təxribatının dayandığını da demirlər. Ancaq NATO Parlament Assambleyasınndakı müzakirələrdə bu məsələ müzakirə olundu və növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi vurğulandı. Ancaq bu o demək deyil ki, NATO işğalçı dövlətə, yəni Ermənistana təzyiq edəcək. NATO Qarabağ münaqişəsinin həllinə qarışmaq istəmir. Buna baxmayaraq, düşünürəm ki, NATO-nun Azərbaycanla bağlı ənənəvi qətnamələri münaqişədənə kimin haqlı, kimin isə haqsız olduğunu bir daha ortaya qoyur".
Ekspert Əli Orucov isə bildirib ki, bu fakta Azərbaycanın haqq işinın və ərazi bütövlüyün dəstəklənməsi kimi yanaşmalıyıq. Azərbaycanın ərazi bütövlüyünün bu yüksək və nüfuzlu qurum tərəfindən tanınması ölkənin beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmiş olur: "Bu, Azərbaycan diplomatiyasına çox güclü imkanlar yaradır ki, işğal faktorunu dünyaya çatdırsın və Azərbaycanın mövqeyini güclü şəkildə müdafiə edə bilsin. Ermənistana gəlincə isə hesab etmirəm ki, bu təzyiqdir. Beynəlxalq güclər rəsmi İrəvana heç vaxt təzyiq göstərməyiblər. Əksinə güzəşt edilməsi üçün Azərbaycana davamlı təzyiqlər göstərilib. Lakin bu gün Azərbaycan qütbləşməyə doğru gedən dünyada hər iki qütbə lazımdır. Ermənistan isə əlavə yükdür. Bu yükü heç kəs öz çiyinlərində bundan sonra daşımaq istəmir. Ermənilər də bunun fərqindədirlər. Azərbaycan hakimiyyətinə dövlətin və milli maraqlarımızın müdafiə edilməsini asanlaşdıran çox yaxşı bir fürsət yaranıb. Yetər ki, bunu ustalıqla dəyərləndirmək".
Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberqin də bu günlərdə Qarabağ açıqlaması geosiyasi proseslər fonunda diqqət çəkir. Çünki Şimali Atlantika Alyansı belə münaqişələrlə bağlı çox nadir hallarda mövqe bildirir. Baş katibin özü NATO-nun münaqişənin həllində birbaşa rolunu istisna edib. O, sadəcə olaraq Minsk qrupunu dəstəklədiklərini bildirib.
Stoltenberqin Qarabağ açıqlamasının iki mənası ola bilər. Hər iki məna bir-biri ilə paralel şəkildə özünü biruzə verir.
Birincisi, cənab Yens Şimal Alyansına yeni rəhbərlik edir və bu üzdən də özünü bir növ bölgəyə tanıtmaq niyyəti güdür. Bu fərdin siyasi fəaliyyəti baxımından normaldır.
İkincisi, bu, Şimal Alyansının geosiyasi maraqlarından irəli gəlir. Rusiya ilə qarşıdurma fonunda Moskvanın bütün təsir imkanlarının əlində saxladığı münaqişə haqda açıqlama vermək ümumi savaş müstəvisində daha bir gediş etmək deməkdir. NATO bununla "diqqətimiz sizdədir" deyə münaqişə tərəflərinə yumşaq mesaj göndərir.
Rusiyalı politoloq Vladimir Yevseyev Stoltenberqin Qarabağ açıqlamasını NATO-nun bütün dünyaya diqqət ayırdığını göstərmək cəhdi kimi qiymətləndirir: "Əgər Antarktidada görünmək lazımdırsa, NATO bunu edərdi. Hazırda Qafqazda görünmək lazımdır və NATO Qarabağla bağlı münasibət sərgiləyir. Həqiqətən də Şimali Atlantika Alyansının münaqişəyə təsiri yoxdur. Baş katibin bu haqda dedikləri doğrudur. Lakin praktiki cəhətdən NATO sülhməramlılarının Qarabağda iştirakı mümkün olmadığı üçün alyans Minsk qrupunu dəstəklədiyini bəyan edir. Eyni şey Baltikyanı və ya Polşada olsaydı başqa cür olardı".
Politoloq NATO-nun başqa işlərlə məşğul olmasının daha vacib olduğunu deyib. Onun sözlərinə görə, İŞİD-lə mübarizə aparmaq NATO-ya daha çox sərf edər: "Amma Qarabağ münaqişəsinin nizama salınmasında birbaşa iştirak heç nə vəd etmir".
Siyasi şərhçi Andrey Petrov isə bu açıqlamanı NATO-nun regionda maraqları ilə əlaqələndirib. Onun sözlərinə görə, Alyansın Cənubi Qafqazda öz maraqları var: "Bu gün NATO-nun əsas strategiyası Şərqə doğru genişlənməkdir. Xüsusilə Rusiya sərhədlərinə doğru irəliləməyə cəhd edir. Post-sovet ölkələrindən yalnız Baltikyanı ölkələr NATO-ya üzv oldular, Ukrayna və Gürcüstanla hələlik danışıqlar aparılır. Lakin NATO-nun nizamnaməsində Cənubi Qafqaza daxil olmağa mane olan bir müddəa var. Bu, ərazi münaqişəsi olan ölkələrin üzvlüyə qəbul edilməməsi ilə bağlıdır. Məhz buna görə, NATO Azərbaycanı, Gürcüstanı və Ermənistanı sıralarına daxil edə bilmir".
Ekspertə görə, Stoltenberqin Qarabağ açıqlaması NATO-nun yenidən Qafqaza gəlmək niyyətinə düşməsindən xəbər verir: "Cənubi Qafqaz Rusiya ilə birbaşa sərhədlərə malikdir. Qərbin son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq da bundan irəli gəlir. Yəni Qərb təkcə diplomatik yox, həm də hərbi-siyasi istiqamətdə hərəkəti gücləndirib. Misal üçün, Uelsdə keçirilən NATO Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təsadüfi deyildi".
Burda diqqət çəkən xüsusi bir məqam da var. Söhbət Cənubi Qafqaz regionunda münaqişə tərəfləri olan Bakı və İrəvanın xarici siyasət oriyentasiyasından gedir. Ermənistan Avrasiya İttifaqının üzvü olmaqla Moskvanı seçdi. Eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi hərbi istiqamətini də ortaya qoyub. Deməli, Qərb üçün Ermənistan "itirilmiş ada" kimidir. Azərbaycan isə heç bir hərbi-siyasi ittifaqda təmsil olunmadan balans siyasətini aparır. Lakin Qərbdə yaxşı anlayırlar ki, Bakının hansı tərəfdə olması yalnız Qarabağ münaqişəsinin ədalətli həllindən sonra müəyyənləşə bilər.
Rusiyalı ekspert Petrov da Qərbin Dağlıq Qarabağ münaqişəsini beynəlxalq prinsiplər çərçivəsində həll etmək niyyətində olduğunu düşünür. Onun sözlərinə görə, bu, Azərbaycanın xeyrinədir.
"Bu, təsadüfi deyil. Çünki Bakı tarazlaşdırılmış siyasət aparır və heç bir hərbi-siyasi ittifaqda təmsil olunmaq niyyətində olmadığını açıqlayıb. Yalnız münaqişə həll olunandan sonra Bakının öz tərəfini bəlli edəcəyi gözlənilir. Beləliklə, Azərbaycanın Şimal Alyansına daxil olması perspektivi görünür. Ermənistan isə artıq Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının üzvüdür. 2015-ci ilin ilk ayından Avrasiya İttifaqında fəaliyyətə başlayacaq. Yəni Qərb İrəvandan əlini üzüb. NATO isə bu "poker" oyununu oynamaqda israrlıdır. Onsuz da Ermənistan itirilib. Buna görə də Azərbaycanı əldən vermək istəmirlər", - deyə rusiyalı politoloq vurğulayıb.