Xocalı soyqırımı - insanlığa qarşı amansız cinayət! Siyasət

Xocalı soyqırımı - insanlığa qarşı amansız cinayət!

Leyla Əliyeva: "Bu gündən "Xocalıya ədalət" kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlanır"

Moskvanın "AZIMUT Moscow Olympic" otelinin konfrans salonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etdib.
Tədbir zamanı otelin foyesində Bakının uşaq evlərində tərbiyə alan balacaların çəkdikləri rəsmlər sərgilənib, iştirakçılara soyqırımından bəhs edən müxtəlif ədəbiyyat paylanıb. Foyedə quraşdırılmış monitorda Dağlıq Qarabağın müharibə zamanı viran edilmiş ayrı-ayrı guşələrini əks etdirən kadrlar bir-birini əvəz edib.
Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edib: "Bu gün biz "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışıq. Bu kampaniya 5 il əvvəl Moskvada start götürüb. Kampaniyanın başlıca məqsədi 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə haqqında həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq 5 ildir ki, bu fevral günlərində dünyanın 70-dən çox ölkəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri Xocalı faciəsinin qurbanları barədə haqq səslərini ucaldırlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini ələ keçirdilər və nəticədə 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, min nəfərdən çox insan şikəst oldu. Bu faciə Azərbaycan tarixində ən dəhşətli, qanlı və müdhiş səhifələrdən biridir. Əlbəttə, bu gün biz nə etsək də o günahsız adamları həyata qaytara, öz yaxınlarını itirmiş insanların dərdini yüngülləşdirə, hər bir azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik. Lakin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bu müddət ərzində böyük iş görülmüş və nəticələr əldə edilmişdir. Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı 5 dildədir. Bu gün "Xocalıya ədalət!" kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmayıb. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Bir neçə gün bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq ediblər ki, Xocalıda soyqırımı törədilib. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunub. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılıb. Keçən il iyulun 9-da - Srebrenitsa qurbanlarının milli matəm günündə Sarayevonun mərkəzində bütün gün ərzində işıqlandırılmış monitorda Xocalıya ədalət çağırışı səslənb. Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir. Bu filmlərdən birinin qəhrəmanı, helikopter pilotu Leonid Kravets bu gün bizimlədir. Mən 1992-ci ildə günahsız insanları xilas edərkən göstərdiyi cəsarətə, bu faciə haqqında bütün həqiqəti danışmaqla nümayiş etdirdiyi igidliyə görə ona "çox sağ olun" deyirəm".
Leyla Əliyeva bildirib ki, bu gündən "Xocalıya ədalət" kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlanır: "Biz, əldə olunmuş nəticələrlə kifayətlənmək istəmirik. Qarşıda görəcəyimiz işlər, layihələr və aksiyalar çoxdur. İnanıram ki, ildən ilə dünyanın daha çox ölkəsi Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyacaq. Tezliklə dünya ictimiayyəti bu faciəyə hüquqi qiymət verəcək.
XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına yer olmamalıdır. Bu gün Azərbaycan müxtəlif sahələrdə uğurları ilə bütün dünyanı heyran qoyan, iqtisadiyyat, idman, mədəniyyət, elm sahələrində dinamik inkişaf edən, abadlaşan güclü, müasir və müstəqil dövlətdir. Azərbaycan regional liderdir. Zaman göstərir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt heç kim heç nə ilə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında bildirib ki, son illər ölkəmiz Xocalı faciəsinə diqqəti təkcə Azərbaycanın dərdi kimi deyil, həm də beynəlxalq ədalətə çağırış kimi cəlb edə bilib: ""Xocalıya ədalət!" kampaniyası sayəsində son bir neçə ildə bir çox beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalıda törədilən hərbi cinayətlərin tanınması prosesi genişlənir".
Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyev, Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Rusiyanın Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin vitse-prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə yerindən videoçəkilişlərin aparıldığı helikopterin komandiri Leonid Kravets çıxış ediblər.
Xocalı soyqırımının şahidi olan ukraynalı pilot deyib ki, insanlığa qarşı törədilmiş belə amansız cinayət görməyib: "Dəhşətli bir hadisə idi. Qadınları, körpə uşaqları vəhşicəsinə öldürmüşdülər. Müharibə zamanı əsgərlərin ölümü təbiidir. Lakin dinc insanların belə vəhşicəsinə öldürülməsi alçaq bir addım idi".
Sonra "Cəhənnəmi görən pilot" sənədli filmi nümayiş etdirilib.