Milli Məclisin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

Vahid Əhmədov: "Tarif Şurası benzinin qiymətinin aşağı salınması məsələsinə bir daha baxmalıdır"

Siyavuş Novruzov: "Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir, indi isə qaradərililərin soyqırımına başlayıblar"

Dünən Milli Məclisinin payız sessiyasının növbəti plenar iclası keçirilib. Qeyd edə ki, iclasın gündəliyinə 30 məsələ daxil edilmişdi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən zvvəl deputatlar onları narahat edən məsələlər barədə danışıblar.
Öncə deputat Musa Quliyev iclasda çıxışı zamanı deputat həmkarı Asəf Hacıyevin bu yaxınlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilməsinə diqqət çəkərək, beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunmasının, nümayəndə heyətlərimizin öz dilində çıxış etməsinin vaxtının çatdığını qeyd edib: "Bunun üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmaq olar. Yetər ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışsın, Azərbaycan dilində də çıxışlar olsun".
Spiker Oqtay Əsədov deputatın təklifini dəstəklədiyini bildirib: "Yaxşı ideyadır, beynəlxalq təşkilatlarla danışıb həll etmək olar".
İqtisai siyasət komitəsinin üzvü Vahid Əhmədov isə vurğulayıb ki, son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlər istiləşir və bu, təqdirəlayiqdir: "Amma 2014-cü il bitir, Dağlıq Qarabağ məsələsi isə hələ də öz həllini tapmayıb".
O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin Rusiya olduğunu xatırladıb. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan elə siyasət aparmalıdır ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində aktiv iştirakçı olsun.
Vahid Əhmədov dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən də danışıb. O qeyd edib ki, bu mənada Tarif Şurası benzinin qiymətinin aşağı salınması məsələsinə bir daha baxmalıdır.
Millət vəkili Zahid Oruc isə çıxışı zamanı Avropa İttifaqını (Aİ) və ABŞ-ı Ermənistana göstərilən yardımları kəsməyə çağırıb. O, qeyd edib ki, ötən gün Brüsseldə Aİ xarici işlər nazirləri Krıma qarşı sanksiyaları növbəti dəfə razılaşdırdılar: "Onlar diplomatlarının hər hansı şəkildə ora göndərilməsini qadağan edirlər. 50 adda məhsulların oradan alınmasına qadağa qoyurlar, eyni zamanda, maliyyə-bank sektorunda bütün əməkdaşlıqların ciddi şəkildə qadağan edilməsini razılaşdırırlar. Bunun yaxşı və ya pis olması gələcək dövrdə özünü göstərəcək. Amma Aİ eyni sanksiyaları Dağlıq Qarabağa münasibətdə də tətbiq etməlidir".
Z.Oruc ABŞ Konqresinin Ermənistana maliyyə yardımı məsələsinə də toxunub: "3 gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verdi. Biz pul davası açmırıq. Ulu öndər 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu mənəvi və siyasi cəhətdən bizə mane olur".
Millət vəkili qeyd edib ki, ABŞ yardımlarını Ermənistandan kəsmiş olsa [20 il ərzində bu rəqəm 2 milyard dollardan artıqdır] bu, daha müsbət nəticə verə bilər: "Bu vəsaitlər Ermənistanı demokratikləşdirməyib, bölgədəki təhlükəsizliyə xidmət etməyib. Hesab edirəm ki, Avropa İttifaqı da, ABŞ da o yardımları Ermənistandan kəssə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox təsirli tədbir olar. Onda biz ABŞ-Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq. Ona görə mən həm Avropa İttifaqına, həm də ABŞ-a müraciət edirəm ki, bu yardımları dayandırsınlar".
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov ABŞ-ı tənqid edib.
O, çıxışında qeyd edib ki, ABŞ-da insanlara verilən işgəncələr dünyanın hər bir yerində müzakirəyə səbəb olub: "Demokratiya, insan hüquqları, söz, fikir azadlığı pərdəsi altında maskalandığını, lakin əmələ gəlincə hansı nəticəyə sahib olmasını biz yox, məhz ABŞ Konqresinin özü deyir. Təsadüfi deyil ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi, eləcə də vitse-prezidenti də etiraf edir ki, terrorun qarşını almaq üçün işgəncələrə əl atıblar. O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdrımaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan "Freedom House" təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?".
S.Novruzov qeyd edib ki, tarix boyu Teymurləng işgəncə verən kimi qələmə verilib: "Lakin Teymurləng bunların yanında heç nədir. Hər zaman sonradan məlum olurdu ki, işgəncə verilən insanların əksəriyyəti günahsız olub. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Bilirsiniz ki, adətən Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qaradərililərin soyqırımına başlayıblar".
Deputat Fərəc Quliyev bildirib ki, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103.89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir. Deputat bildirib ki, dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi. "Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub, 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib, demək olar ki, əksər xərclər üzrə qənaət tətbiq edilib. 2015-ci ildə bu profsitdən faydalanmaq imkanı var. Bilirsiniz ki, Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır.Onlara dövlətin dəstək çıxması və və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir Fond yaratmaq mümkündür".
Deputat təklif edib ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn Dövlət miqrasiya xidməti idarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsın: "Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək həm oz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar.Bu əyalət siyasəti,qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır. Dövlət-sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür. Məsələn, sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib. Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər".