Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat Siyasət

Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya səfəri həm də mənəvi baxımdan vacibdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsi 39 il əvvəl - 1982-ci il yanvarın 14-də açılıb. Bu rəmzilik möhkəm siyasi iradə və milli dəyərlərimizə, tariximizə dərin ehtiramın təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci Xanım Mehriban Əliyevanın Şuşaya xüsusi münasibətini görürük, bu yanaşma hər birimiz üçün nümunədir:

“Dövlət başçımızın işğaldan azad olunduqdan sonra mədəniyyət paytaxtımıza, Azərbaycanın qədim musiqi beşiyinə getməsi, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə tanış olması, xüsusilə 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini aparması bizi qürurlandırdı. Güllələnmiş büstlərin Şuşaya qayıdışı Qələbənin rəmzidir. Ali Baş Komandanın söylədiklərindən aydın oldu ki, o vaxt mənfur düşmən tarixi şəxsiyyətlərin xatirə büstlərini əritmək niyyətində olub.

Lakin məhz ulu öndər Heydər Əliyevin iradəsi sayəsində pulla bu abidələr alınıb. Bu, bir daha göstərir ki, mədəni irsin qorunması Azərbaycanda hər zaman prioritet olub. Biz məsələyə milli maraqlar kontekstindən yanaşaraq, güllələnmiş heykəllərimizə belə sahib çıxdıq. Bu gün isə Müzəffər Ali Baş komandan həmin büstləri öz doğma yurdlarına qaytardı, dahi şəxsiyyətlərin ruhunu şad etdi”.

Deputat vurğulayıb ki, bu abidələr dövlət səviyyəsində qorunaraq, paytaxt Bakıda 30 il ərzində öz tarxi məkanına qaytarılacağı üçün saxlanılırdı:

“Biz bu abidələri hər dəfə İncəsənət Muzeyinin həyətində görəndə kədərlənirdik, amma eyni zamanda hər birimizdə əminlik var idi ki, bir gün onlar Şuşaya mütləq qayıdacaq. Elə Şuşada cənab Prezident də bu barədə bildirdi: “Mən o vaxt dedim ki, bu büstləri biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq”.

Artıq Şuşada bütün tarixi ənənələrimiz bərpa olunur. Cənab Prezidentin tapşırığı ilə Vaqif Poeziya Günləri bərpa ediləcək. “Xarı bülbül” festivalı artıq bu il keçiriləcək. Bu, bir daha göstərir ki, biz tariximizə, mənəvi dəyərlərimizə sahib çıxmağı bacarırıq”.