“Bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik” Siyasət

“Bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik”

Qüdrət Həsənqulıiyev: “Bu istiqamətdə konstitusiya islahatları aparılmalıdır”

“Konstitusiyaya görə icra hakimiyyətinin formalaşdırılması səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Ona görə də mən, sözsüz ki, buna səs verəcəyəm. Amma dövlət idarəetməsi ilə bağlı bəzi təkliflərimi irəli sürmək istəyirəm”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili bildirib ki, sovet hökuməti dövründə yerli hakimiyyət xalq deputatları sovetləri idi: “Onlar tərəfindən formalaşdırılan icraiyyə komitələri də icra hakimiyyətlərinin funksiyalarını yerinə yetirirdilər. Əlbəttə, kommunist partiyası konstitusiyaya görə, hakim partiya kimi müəyyən nəzarət funksiyalarını həyata keçirirdi. Əslində real idarəetmə onlarda idi.

Amma qeyd etdiyim kimi yerli hakimiyyətləri xalq seçkilər yolu ilə formalaşdırırdı. Həmin xalq deputatları sovetləri də icraiyyə komitələrini, sədri seçirdilər, formalaşdırırdılar. Biz hazırda icra hakimiyyətlərinin formalaşmasında qanunverici orqan kimi iştirak etmirik. Yalnız Baş Nazirin təyin olunmasına razılıq veririk. Bunları mən niyə xatırlatdım? Azərbaycanın ilk prezidenti Mütlibovun zamanında xalq deputatları sovetləri ləğv olundu, icra hakimiyyətləri yaradıldı. Yalnız 1999-cu ildə bələdiyyələr formalaşdı. Bələdiyyələr formalaşanda onların səlahiyyətləri olduqca məhdud idi. O zaman bu, cəmiyyətdə ciddi narazılıq yaratdı. Amma belə əsaslandırıldı ki, zamanla bələdiyyələrin səlahiyyətləri genişləndiriləcək, bu yeni yaranmış bir institutdur, təcrübə yoxdur və.s. Amma çox təəssüf ki, sonrakı illərdə biz bunu görmədik, yenə də yerlərdə bütün məsələləri icra hakimiyyətləri həyata keçirir. Ona görə mən nəyi təklif etmək istəyirəm? Bizə verilmiş arayışda da qeyd olunur ki, idarəetmədə çevikliyin və səmərələliyin artırılması məqsədilə həm də bu xüsusi nümayəndələr institutu yaradılır. Prezident tərəfindən təyin edilmiş şəxslərdən yerlərdə insanlar hesabat tələb edə bilməzlər, onlar Prezident qarşısında məsuldurlar və ona hesabat verirlər. Buna görə də biz, bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik. Bu istiqamətdə konstitusiya islahatları aparılmalıdır.

Bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməldir. Xalq seçdiyi insanlardan yerlərdəki vəziyyətə görə hesabat istəməlidir.

Əlbəttə də prezidentin yerlərdə səlahiyyətli nümayəndələri olmalıdır. Onlar konstitusiyanın icrasına nəzarəti həyata keçirməlidirlər, dövlətin bütövlüyü, dövlət əhəmiyyətli layihələrlə bağlı və.s. fəaliyyəti həyata keçirməlidirlər.

Amma digər məsələlərdə səlahiyyətlər bələdiyyələrə verilməlidir. Yəni biz buna getməsək, düşünmürəm ki, bu istiqamətdə ciddi irəliləyişlərə nail ola bilək. Dünyanın inkişaf etmiş ölkələrinin keçdiyi yol var. Hazırda modern və mədəni xalqlar və onların qurduğu dövlətlər var. Onların təcrübəsi göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Düşünürəm ki, qardaş Türkiyə nümunəsi var. Prezident əgər bu gün xüsusi nümayəndələr institunu təsis edirsə, gələcəkdə rayonlarda xüsusi nümayəndələr olmalıdır və icra hakimiyyətləri ləğv edilməlidir. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

Millət vəkili həmçinin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunun layihəsi və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı da fikirlərini bölüşüb.

Millət vəkili bildirib ki, vətəndaş hər hansı xarici dövlətdə cinayət sayılmayan əməli edirsə, Azərbaycana qayıdandan sonra onun məsuliyyət məsələsinə baxıla bilər. Amma psixotrop maddəni Azərbaycana gətirirsə və bizim qanunvericilik buna yol vermirsə, əlbəttə, o, məsuliyyətə cəlb olunacaq: “O deyə bilməz ki, bunu Almaniyadan gətirirdim, orada buna qadağa olmadığına görə, Azərbaycanda məsuliyyətə cəlb oluynmayacağam, siz məni bağışlamalısınız, belə bir şey yoxdur. Ona görə də, vətəndaşlar bilməlidirlər ki, Azərbaycana gətirdikləri maddələrdən istifadə, əgər bizim ölkədə cinayət sayılırsa, deməli onlar məsuliyyətə cəlb olunacaqlar. Amma xanım Nigar Arpadarai bir məsələyə də toxundu ki, bəzi dərmanların bir neçə adı var. Hesab edirəm ki, aydınlıq gətirilməsi üçün mötərizədə o adların hamısını yazmaq olar. Yoxsa tərkibin dərmanın qutusunda göstərilməsi bir az çətin məsələdir. Ona görə ki, hüquq mühafizə orqanlarının əməkdaşları hansısa şəxsi şübhəli şəxs kimi saxladığı zaman onların araşdırılması xeyli dərəcədə çətindir. Buna görə də əgər dərmanların bir neçə adı varsa, onların hər birini qeyd etmək olar”.

Əli Zülfüqaroğlu