“Hacılı partiyadan xaric olunmalıdır” Siyasət

“Hacılı partiyadan xaric olunmalıdır”

Səxavət Əlisoy: "Saxtakar özünü raykom katibi kimi aparır"

Qubad İbadoğlu: "Bu kimi qərarlar vaxtilə Kommunist Partiyası tərəfindən verilirdi"

Hikmət Hacızadə: "Belə razələt görməmişdim, daha sizə söz yox"

Müsavat Partiyasında növbəti qalmaqal yaşanıb. Partiya üzvü Ənvər Əhməd Müsavat sıralarından xaric edilib. Məlumatı Facebook-da paylaşan Ənvər Əhməd Müsavat başqanı Arif Hacılı və Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbası ona qarşı qondarma ittihamla çıxış etməkdə günahlandırıb.
Ənvər Əhməd Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğluna yaxınlığı ilə seçilən partiya üzvlərindən sayılır. O, Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.
Ənvər Əhmədin partiya sıralarından kənarlaşdırılması Müsavatda yeni narazılığın əsasını qoyub. Belə ki, sosial şəbəkələrdə Müsavat üzvləri buna etiraz əlaməti olaraq narazı statuslar paylaşırlar.
Ənvər Əhməd Müsavat Sumqayıt şəhər təşkilatının üzvü idi, o, 2003 -cü ildəki məlum 15-16 oktaybar hadisələri zamanı həbs olunub.
Ənvər Əhmədin çıxarılmasına digər hərəkat üzvü Səxavət Əlisoyun münasibəti bu cür olub: "Ənvər Əhməd yox, saxtakar Hacılı partiyadan xaric olunmalıdır. Saxtakar özünü raykom katibi kimi aparır. Özünü və patronunu qəbul etməyənləri partiyadan kənarlaşdırır. Adam anlamaq istəmir ki, fikir ayrılığına görə kimsəni cəzalandırmaq olmaz. Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması tərtəmiz axmaqlıqdır. Yazıqlar olsun "Müsavat"a. Partiya görün hansı zehniyyət sahiblərinin işğalına məruz qaldı. Ənvər bəy saxtakarlıq etdi? Etdiyi saxtakarlığa görə "Müsavat"ı parçalanmağa məruz qoydu? Partiyada avtoritar mühit formalaşdırdı? Yaxud intriqaların və maliyyə fırıldaqlığının başında dayandı? Vicdanı olan kəs bu suallara obyektiv cavab verməlidir".
Ənvər Əhməd isə məsələ ilə bağlı yaydığı bəyanatında aşağıdakıları söyləyib:
"Məni bir məsələ çox düşündürür. Belə ki, 20 ildən artıqdır İsa Qəmbəri siyasətdə maksimum hesablanmış addımlar atan bir lider kimi tanıyırdıq. Hesab edirəm ki, İsa Qəmbər də hardasa səhv edib. O səhvin mahiyyətini isə İsa Qəmbərin özündən başqa dəqiqliklə ancaq qaragüruhun başqanı Arif Hacılı bilər.
Belə olmasaydı, İsa Qəmbər əsla və əsla "Müsavat" rəhbərliyinin saxta yollarla, nizamnamə və seçki qanunlarının pozulması ilə müşayiət olunan bir qurultay prosesi nəticəsində bir ovuc dahilik xəstəliyinə tutulmuş adamların əlinə keçməsini belə razılıq əlaməti sayılan susqunluqla müşahidə etməzdi. Belə olmasaydı, İsa Qəmbər "Müsavat" daxilində haqqı müdafiə edənlərin əzilməsinə susmazdı".
Ənvə Əhməd isə hesab edir ki, sosial şəbəkədə yazdığı statusa görə, partiyadan kənarlaşdırılıb: "28 dekabr 2014-cü ildə sayın İsa Qəmbərlə qısa inboks yazışmamızda həmin ayın 30-a, saat 13-14 arası görüş planlaşdırdıq.
Ertəsi gün, yəni dekabrın 29-dan 30-a keçən gecə "Müsavat üzvləri" qrupunda bir cümləlik status yazdım: "Sabah Şimal qoşunlarının komandanı, general Maksimusun son döyüşü olacaq". Təsəvvür edin ki, mənim "Müsavat" sıralarından xaric olunduğum idarə heyətinin iclasında Fəxrəddin Abbas həmin statusu oxuyaraq, mənim guya İsa Qəmbəri bu cümlə ilə təhqir etdiyimi dedi".
"Qərarlar verilir ki, partiyanın ideoloji-siyasi xəttinə zidd mövqe tutduğuna görə üzvlər partiyadan kənarlaşdırılsın. Bu kimi qərarlar vaxtilə Kommunist Partiyası tərəfindən verilirdi. Hesab edirəm ki, bu cür yanaşma düzgün deyil və bunu dayandırmaq lazımdır. Bunun üçün ilk növbədə birgə müzakirələr aparılmalıdır",-deyən Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu bildirib ki, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında partiyadakı vəziyyəti müzakirə etmək üçün təkliflə çıxış edib. O, təkliflə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatına müraciət etdiyini söyləyib: "Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Təkcə, bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam. Tədbirə sosial şəbəkə vasitəsilə Arif Hacılını, İsa Qəmbəri və digər müsavatçıları da dəvət etmişəm. Mən istənilən halda müzakirələrin bağlı qapılar arxasında deyil, açıq və geniş formada aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, istənilən problemin həlli müzakirələrdən keçir. Hər iki tərəf öz arqumentləri ilə çıxış edə bilər. Bu müzakirə partiyadaxili demokratiya üçün çox əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, təklif normal qiymətləndirilməlidir".
Qubad İbadoğlunun sözlərinə görə, birgə müzakirələrə qarşı çıxanlar açıq debatları arzulamayan və eyni zamanda arqumenti olmayan şəxslərdir: "Çünki istənilən halda müzakirələrə hazırdırlarsa, arqumentləri varsa, bu təklifi dəstəkləməlidirlər".
Q. İbadoğlu tərəfdarlarının partiyadan çıxarılmasında Müsavat başqanı Arif Hacılının rolunun olub-olmamasını belə şərh edib: "Arif Hacılının rolu barədə məlumatım yoxdur. Bunu kənarlaşdırılan şəxslərdən soruşmaq lazımdır. Hər halda partiya rəhbərliyi bu qərarlardan məlumatsız olmamış deyil. Ancaq hansı səviyyədə, bunu deyə bilmərəm. Hazırda partiyada tənqidlərə, təkliflərə, fərqli fikrə dözümsüzlük var və fikir, söz azadlığı təmin olunmur".
"Belə razələt görməmişdim, daha sizə söz yox",- deyən Müsavat Partiyasından istefa verdikdən sonra partiyadaxili məsələlərlə bağlı açıqlama verməyəcəyini bəyan edən Hikmət Hacızadə bildirib. Facebook səhifəsində Ənvər Əhmədin Müsavat Partiyası üzvlüyündən xaric edilməsinə münasibət bildirən H.Hacızadə "Ənvər Əhməd Müsavatı Müsavat edən şəxslərdəndir. Heyf o Müsavatdan..." deyə yazıb.

Əli