“Avropada hər kəs beynəlxalq sənədlərlə qorunmalıdır” Siyasət

“Avropada hər kəs beynəlxalq sənədlərlə qorunmalıdır”

Tyorbyörn Yaqland: "Dondurulmuş münaqişələr olan bölgələr insan haqlarının qorunması baxımından qara dəliklərdir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü plenar iclasında çıxış edən Avropa Şurasının (AŞ) baş katibi Tyorbyörn Yaqland assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə aşağıdakı sualla müraciət edib:
"Bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmə quraraq onlara əziyyət və işgəncələr verməkdə davam edirlər və bu şəxsləri azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?"
Yaqland suala cavabında bildirib ki, bu məsələ Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişə ilə bağlıdır: "Avropa Şurası indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma AŞPA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatında deyilir ki, biz "dondurulmuş" münaqişələr olan bölgələrdə öz alətlərimizdən istifadə edə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu bölgələr bir növ qara dəliklərdir. Biz düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik? Hələlik biz heç nə edə bilmirik. Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma münaqişə olduğundan, bu, çox həssas bir məsələdir. Mən yenə də əvvəlki kimi Konvensiyamızın "dondurulmuş" münaqişələrin mövcud olduğu bölgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hər kəs - o cümlədən Dnestryanı bölgədə və Dağlıq Qarabağda - İnsan hüquqları üzrə Avropa Konvensiyası və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdır".