
Azərbaycan Mətbuat Şurasından çağırış
21 Mart 16:34
Nurlan Qələndərli: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib”
“Koronavirus pandemiyası dünya tarixinin yaddaşına XXI əsrin qlobal problemlərindən biri kimi həkk olunacaq. Bəzi beynəlxalq qurumlar bəhs olunan pandemiyanı dünyanın tibbi problemi-qlobal səhiyyə böhranı kimi xarakterizə edirlər. Amma bu, eyni zamanda, milli və beynəlxalq təhlükəsizlik məsələsidir”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, COVID-19 infeksiyasının sürətlə yayılaraq ölkələri cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub: “Bir çox inkişaf etmiş dövlət sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Paradoksal olsa da, yüksək texnoloji inkişafa, geniş maliyyə imkanlarına və funksional, dinamik iqtidasi sistemə malik olan aparıcı ölkələrin uzun müddət aciz - çarəsiz vəziyyətdə qaldıqlarını görürük. Yəni bir çox ölkədə ümumi vəziyyət qənaətbəxş hesab olunmur, mövcud durum postkorana erası üçün optimist proqnozlar ifadə etməyə imkan vermir. Müxtəlif dövlətlərin timsalında dinamika fərqli olsa da, dünyada ümumi vəziyyətlə əlaqədar hələ ki, həyəcan təbili çalınır. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb”.
Politoloq qeyd edib ki, “gözəgörünməz düşmənlə müharibə” sınağında zəruri resurslarını səfərbər edərək vətəndaşlarının sağlamlığını maksimum dərəcədə qorumağa, pandemiyanın təsirlərini minimum səviyyədə saxlamağa müvəffəq olan dövlətlər də var: “Bu baxımdan, Azərbaycan təcrübəsi müsbət və mütərəqqi model kimi diqqəti cəlb edir. Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkəmizdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Koronavirus pandemiyasının müşahidə edildiyi dönəmdə Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. “Dövlət başçısı Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir",-deyə bildirdi. Heç şübhəsiz, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış etməsi qlobal strateji önəm daşıyır”.
Əli Zülfüqaroğlu