"Azərbaycan İran üçün daha önəmli, əhəmiyyətlidir” Siyasət

"Azərbaycan İran üçün daha önəmli, əhəmiyyətlidir”

Əfşar Süleymani: “İranda dövlət radikalların əlinə düşüb”

İyunun 18-də İranda 13-cü çağırış prezident seçkiləri keçirilib və İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb.

Xatırladaq ki, səsvermədən əvvəl seçkilərin əleyhdarları və bəzi islahatçılar onun boykotuna çağırıblar. Onların fikrincə, İbrahim Rəisiyə ciddi rəqabət mühiti yaratmamaq üçün bəzi namizədlərin seçkiyə qatılması əngəllənib.

Lakin İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyinin dəstəklədiyi Rəisi rəqiblərini səs çoxluğu ilə üstələyib. İbrahim Rəisinin andiçmə mərasimi avqustun əvvəlinə təyin olunub.

Qeyd edək ki, İran özünün nüvə proqramı ilə bağlı ABŞ sanksiyaları ilə üzləşəndən bəri ağır iqtisadi vəziyyət içindədir və bu, iranlılar arasında narazılıqları genişləndirib. Bəs Rəisinin prezidentlik dönəmi İrana nə vəd edir, ölkənin iqtisadi, əhalinin sosial durumu yaxşılaşa biləcəkmi, İran xarici təsirlərdən necə qorunacaq?

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani “Xalq Cəbhəsi”nə müsahibə verərək bu və digər suallara aydınlıq gətirib.

- Gözləntilər fərqlidir. İbrahim Rəisiyə səs verənlərin sayı səs verməyənlərdən və seçkiyə qatılmayıb onu istəməyənlərin sayından azdır. Ölkənin iqtisadi, əhalinin məişət vəziyyəti o qədər də ürəkaçan deyil, işsizlik, infiyasiya, milli valyutanın kəskin aşağı düşməsi müşahidə olunur. Bu baxımdan bunların düzələcəyinə indidən proqnoz vermək çətindir. İranın daxili və xarici siyasətində reform lazımdır. Əgər bu aparılsa vəziyyət yaxşı ola bilər. Söylənilir ki, bu seçkidən sonra İranda dövlət radikalların əlinə düşüb. Əhali radikal işlərin görülməsini gözləyir, ölkədə həm radikallıq, həm də xarici siyasətdə geriləmə olarsa, sonu yaxşı olmaz. İran güclü və düzgün siyasət aparmalıdır. Ay yarımdan sonra yeni hökumət formalaşacaq. Əhalinin yeni hökumətdən irəliləyişlə bağlı gözləntiləri çoxdur.

- Ruhaninin prezidentliyi dönəmlərində İran nə qazandı, nə itirdi? Ümumiyyətlə, onun fəaliyyətini necə təhlil edərdiz?

- Ruhani ikinci dəfə prezident seçiləndə verdiyi vədləri yerinə yetirə bilmədi. Ölkədə iqtisadi vəziyyət ağırlaşdı. İranın siyasi sistemində fikir fərqliliyi də vardı. Ondan dolayı Ruhani lazımi işləri görmədi və nəticəsi də bəllidir. Ruhani hökumətinin öz öhdəlikləri vardı ki, bunu yerinə yetirə bilmədi. Düzdür, bəziləri deyir ki, sanksiyalar dönəmində Ruhani ölkədəki iqtisadi, sosial vəziyyəti qoruyub saxlaya bildi. Amma ümumi fikir budur ki, əhali Ruhanidən razı deyil. Bu narazılıq ötən prezident seçkilərində də özünü göstərdi, nəticədən məlumdur.

- Son aylarda İran-ABŞ münasibətlərində bir istiləşmə hiss olunur. Məsələn, ABŞ hökuməti İranın üç keçmiş rəsmisi və əvvəllər ölkənin neft məhsullarının satışı ilə məşğul olmuş iki şirkətin üzərindən sanksiyaları qaldırıb..

- İran xarici siyasətindəki problemləri həll etməlidir. Ən əsası ABŞ-la bağlıdır. Düzdür, sanksiyalar məsələsini İran ABŞ-la üz-üzə müzakirə etmir, 4+1 vasitəsilə bu məsələlər müzakirə olunur. Bu da proseslərin gecikməsinə gətirib çıxarır. Ay yarım vaxt var ki, Ruhani yenidən danışıqlara getsin və hansısa bəzi məsələlərdə bir nəticə əldə edə bilsin. Amma ümumilikdə İran-ABŞ münasibətlərinin düzəlməsi çox uzun və mürəkkəb məsələdir. İran üzərindən sanksiyaların götürülməsi, nüvə sazişinin bərpa olunması və başqa mövzuların birdən-birə həll olunmasını güman etmirəm. Bu məsələlər zaman-zaman, ardıcıllıqla həll olunmalıdır. İndi bəziləri iddia edirlər ki, yeni dövlət radikal addımlar atacaq. Əlbəttə, xarici siyasətdə dövlətin bir o qədər də rolu yoxdur. Bu məsələlər yuxarıdan həll olunur və nəzarətdə saxlanılır. Hər şey ali rəhbərin əlindədir və ona tabe olan təşkilatlar prosesləri həyata keçirir. Onu da vurğulayım ki, İran bu sanksiyalardan çox ciddi təsirlərə məruz qalıb, ziyan görüb. İrana balanslaşdırılmış siyasət lazımdır. Bəzi işlər Bayden dönəmində görülür. Düzdür, ABŞ-da xarici siyasət taktiki strateji olaraq bir qapıya çıxır. Bayden Səudiyyə Ərəbistanı, İsrail, Yəmən, Suriya, İraq, Əfqanıstan məsələlərində fərqli yanaşır. İran da bütün bu məsələlərdə var. Ona görə də İran oradan müsbət təsirlər alır. Məsələn, Bayden hakimiyyətə gələndən sonra Səudiyyə Ərəbistanı ilə İran arasında istiləşmə müşahidə olunur. İraqda İran və Səudiyyə Ərəbistanı rəsmiləri arasında danışıqlar baş tutub, Omanda da bu danışıqlar nəzərdə tutulub. Yəmən məsələsində danışıqlar gözlənilir. ABŞ-ın Orta Şərq məsələlərində bir az siyasətini dəyişməsi İran-ABŞ münasibətlərində az da olsa müsbət təsir göstərir. Hər halda bu başlanğıcdır və davam edərsə tərəflər heç nə itirməz, əksinə qazanar. Eyni zamanda, siyasi toqquşmalar azalar, ola bilər gələcəkdə bəzi məzələlər həll olunsun. Düşünürəm ki, beynəlxalq məsələlərdə İranla ABŞ-ın üst-üstə düşəcək mövqeləri var. Onlar bu kimi məsələlərdə razılığa gələ bilərlər. Onu da deyim ki, burada Çin və Rusiya məsələsi də var. İran imkan verməməlidir ki, Rusiya və Çin ondan sui-istifadə etsin. Baxmayaraq ki, onların ABŞ-la əlaqələri , eyni zamanda ixtilafları var, amma İranın əlaqəsi olmasa da, ixtilafı var. Bu da həmin ölkələrin xeyrinədir. Hər halda danışıqlar birbaşa aparılsa daha xeyir verə bilər.

- Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi İranın Cənubi Qafqaz siyasətində nə kimi dəyişikliklər vəd edə bilər?

- İran Cənubi Qafqazda iqtisadi cəhətdən və başqa məsələlrdən həm Türkiyə, həm də Rusiyadan geri qalıb. İran bu ölkələrlə müqayisədə Cənubi Qafqazda yoxdur. Amma onlarla birgə bəzi məsələləri həll etsə daha yaxşı ola bilər. Həm də düşünürəm ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə regionda təhlükəsizliyin təmin olunmasına gətirib çıxarır. Bu da İran üçün çox önəmlidir. İran Azərbaycanın yaxın qonşu ölkəsidir və 44 günlük müharibədə Azərbaycanın İranla 132 kilometrlik sərhədi ermənilərin işğalından azad etməsi imkan verir ki, bu məsələ də Azərbaycanla İran sərhəd təhlükəsizliyini birgə qorusun. Eyni zamanda, sərhəddə bərpa işlərinin aparılmasında İran Azərbaycana yaxından dəstək ola bilər.

- Bəziləri deyir ki, regionda Rusiya və Türkiyə faktoru, sülhməramlıların yerləşdirilməsi, rəsmi Ankara ilə razılıq və s. amillər İranın regional gücünü və rolunu zəiflədib.. Buna münasibətiniz.

- Gizli deyil ki, Azərbaycanın Türkiyə ilə əlaqələri daha yaxın və daha dərindir. Son vaxtlar Ərdoğanın Qarabağa səfəri, Şuşa bəyannaməsinin imzalanması buna sübutdur. Bu əlaqələr İranla da ola bilərdi, amma o səviyyəyə çatmayıb. Bunun da müxtəlif səbəbləri var. Üçtərəfli, dördtərəfli əlaqələr yaranarsa, birlikdə iş aparılarsa pis olmazdı. Rusiya özünü orada hamıdan çox göstərdi. Rusiya istəmir ki, bölgədə başqası ondan çox görünsün, güc göstərsin. Bir yandan NATO-dan qorxur, bir tərəfdən də region ölkələrinin Avropaya meyil etməsindən narahatdır. Rusiyaya qarşı fikrim həmişə mənfi olub, Kreml başqa siyasət yürüdür. Amma İranla Azərbaycan, İranla Türkiyə arasında inam möhkəmlənməlidir. Düzdür, İranın Ermənistanla əlaqələri var, amma o qədər də yaxşı deyil. Başqa bir tərəfdən Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan), region ölkələri (İran, Rusiya və Türkiyə) arasında əməkdaşlıq həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq məsələsi İran üçün də faydalıdır. İran bu məsələdə maraqlı olub, bununla bağlı təhlillər aparıb. Rusiya isə bu məsələdə maraqlı olmayıb, amma məcburiyyət qarşısında qala bilər. Rusiya istəməyib ki, Türkiyə və İran Cənubi Qafqaza nüfuz etsin. Moskva istəyir ki, bölgədə 3+1 – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya modeli tətbiq olunsun. Bğlgədə ölkələrin əməkdaşlığı, siyasi vəziyyətin sabitləşməsi üçün müxtəlif modellər təklif olunub. İran hətta BMT-nin də bura qoşulması modelini təklif edib. Bəziləri isə hətta Avropa Birliyini də bura qoşmaq istəyib. Yəni əməkdaşlıqla bağlı müxtəlif modellər səsləndirilib. İndi Rusiya sülhməramlı adı altında Xankəndidə oturub nə lazımdırsa edir. Bəzi proseslər var ki, İranın bura qoşulması həm Azərbaycana, həm də özünə xeyir verə bilər.

- Əfşar bəy, İran üçün hansı ölkə daha əhəmiyyətli, tərəfdaş hesab oluna bilər - güclü və qalib Azərbaycan, yoxsa zəif, məğlub və işğalçı Ermənistan?

- Əlbəttə, Azərbaycan İrana daha yaxındır. Bəzi siyasi məsələlrdə ixtilaflar var. Amma onlar İranın Azərbaycana üstünlük verməsinə mane olmur. İqtisadi, təhlükəsizlik, regional məsələlərdə, xarici siyasətdə müştərək tarix, ənənələr, əlaqələr Azərbaycanın İran üçün daha önəmli və əhəmiyyətli olduğunu göstərir.

- Azərbaycan İran üçün belə əhəmiyyətlidirsə, o zaman 44 günlük müharibədə Azərbaycanın haqlı müharibəsini niyə açıq şəkildə dəstəkləmədi, Türkiyə, Pakistan, Əfqanıstan kimi..

- İran açıq şəklidə Azərbaycanın ərazi bütövlüyünün bərpa olmasını dəstəklədi . Əgər o qədər dərinə getməyibsə, bəlkə də İsrail-Azərbaycan əlaqələri, regionda geopolitik dəyişmə, o cümlədən Ermənistanın İranla sərhədinin itirilməsi ehtimalı və başqa amillər ola bilər. Hansı ki, bunlar da İranın strateji mövqeynin zəifləməsi ehtimalına səbəb ola bilərdi.