Qüdrət Həsənquliyev: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm ünvanlı sosial yardım alanların sayını ildən-ilə azaltmaq yolları barədə ciddi şəkildə düşünməlidir"
Milli Məclisin dünənki iclasında "Ünvanlı dövlət sosial yardım; haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müvafiq düzəlişə səs verəcəyini bildirərək, aztəminatlı insanlarla bağlı təkliflərini verib. Millət vəkili qeyd edib ki, ərzaq məhsullarının qiymətinin artması ilə əlaqədar ünvanlı social yardım alan şəxslərin müavinətləri artırılmalıdır: "Ünvanlı sosial yardım alan şəxslərin müavinətləri ən azı mart ayından 35 faiz artırılmalıdır. Ona görə ki, bunlar əhalinin ən aztəminatlı hissəsidir və fakt budur ki, ərzaq məhsullarının, özü də əsas gündəlik tələbat mallarının qiymətləri mağazalarda xeyli dərəcədə, hətta 30 faizdən çox artıb".
Qüdrət Həsənquliyev vurğulayıb ki, hökumət bu barədə ciddi şəkildə düşünməlidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm ünvanlı sosial yardım alanların sayını ildən-ilə azaltmaq yolları barədə ciddi şəkildə düşünməlidir. Yəni bu istiqamətdə araşdırılma aparılmalıdır, əmək qabiliyyətli insanların işlə təmin olunması üçün dövlət ciddi iş görməlidir. Yəni çalışmalıyıq ki, daha az insan dövlətdən sosial müavinətlər alsın, insanlar ələbaxımlı olmasın və onlar işləyib halal zəhmətləri ilə özlərini dolandırsınlar. Bax, bu siyasəti həyata keçirməyə çalışmalıyıq ki, büdcədən bu istiqamətdə ayrılan xərclər azaldılsın".
Cavanşir Həsənli