Uğursuzların növbəti revanşı Siyasət

Uğursuzların növbəti revanşı

Elçin Mirzəbəyli: "Nə Əli Kərimli, nə də onun qəzeti ictimai rəyə təsir göstərə bilməz"

AXCP-nin ruporu olan "Azadlıq" qəzeti iqtidarla dialoq prosesində iştirak edən müxalifət partiyalarına qarşı kampaniyanı dayandırmır.
"Azadlıq" qəzeti ötən ilin dekabrından başlayan hakimiyyət nümayəndələri ilə müxalifət partiyalarının sədrləri arasında başlayan silsilə görüşlərə qatılan təşkilatları müntəzəm "hədəf"də saxlayır.
"Azadlıq" qəzetinin bugünkü sayında da Fransaya mühacirət etməsi haqqında məlumat yayılan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun (Güləhmədoğlu) bu mövzuya dair "Yüz minlik mitinqə mane olan nədir?" başlıqlı köşə yazısı dərc olunub.
Müəllif qəzetin kursuna uyğun olaraq, hakimiyyət-müxalifət dialoqunu və bu prosesdə iştirak edən müxalifət partiyalarını aşağılayıcı ifadələrlə hədəfə götürüb.
Adıçəkilən qəzetin və müəllifin qeyd olunan yanaşmasını dəyərləndirən, haqqında danışılan görüşlərdən birinin iştirakçısı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli hakimiyyət-müxalifət dialoquna qarşı belə mövqe ifadəsinin məqsədli xarakter daşıdığını deyib:
"Əslində, bu gün Əli Kərimlinin özünün və dəstəsinin belə acınacaqlı vəziyyətə düşməsi onların real vəziyyəti düzgün, obyektiv qiymətləndirə bilməmələrindən irəli gəlir.
Onların dialoq məsələsinə münasibətləri də digər mövzulardakı fikirləri kimi əsassız və gerçəkliyin təhrifinə yönəlmiş cəhddir. Kərimli və dəstəsi real siyasi proseslərdən qopduğu üçün ölkədə nəyin və necə baş verməsinin fərqində deyil.
O baxımdan, tamamilə tükənmiş təşkilatın, onun rəhbərlərinin ölkədə gedən prosesləri dərk etmələri, buna adekvat mövqe sərgiləmələri də imkan xaricindədir.
Belə olan təqdirdə, Kərimlinin dialoq prosesini qaralamağa çalışması, orada iştirak edən partiyaları aşağılamağa cəhd etməsi cılızlıq göstəricisi olmaqla bərabər, həm də özünün mövcudluğunu göstərmək niyyətindən irəli gəlir.
Bu dəstənin bütün fəaliyyəti əllərindəki qəzet və saxta profillər vasitəsilə müsbət təşəbbüsləri gözdən salmağa, siyasətdə artıq mövcud olmadıqları halda "perspektivləri" haqda yalançı görüntü formalaşdırmağa yönəlib.
Reallıqda isə onlar yox vəziyyətindədirlər. Baxın, uzağa getməyək, cəmi on il əvvəl Kərimlinin Rəyasət Heyətində təmsil olunan üzvlərdən biri də bu gün onun yanında deyil. Bu halda o, kimi öz uydurma təbliğatına inandıra bilər?
Hesab edirəm ki, Kərimlinin dəstəsi indi də Avropa Oyunları ərəfəsində Azərbaycana və cəmiyyətdə müsbət qəbul olunan proseslərə qarşı fəaliyyətini davam etdirəcək, öz "yalan maşını"nın sürətini artıracaq.
Amma nə Kərimlinin özü, nə də onun qəzeti öz əsassız və qərəzli mövqe ifadələri cəmiyyəti çaşdıra və ictimai rəyə təsir göstərə bilməzlər".