“Stefan Füle dedi ki, “probleminizi özünüz həll edin”” Siyasət

“Stefan Füle dedi ki, “probleminizi özünüz həll edin””

Nərmin Əzizova: "Demokratiyadan, insan haqlarından və azadlıqlarından danışan Stefan Fülenin hansı həddə qədər ədalətli olduğu, ikili standartlarla problemlərə yanaşdığı aydınca görünürdü"

"Martın 27-29-da BAXCP, YAP, DİP, AXCP, VHP, MHDP, Ümid və Müsavat Partiyalarının nümayəndələri Gürcüstan Parlamentində sayca üçüncü dəfə keçirilən "Gənc Siyasətçilərin Cənubu Qafqaz" forumunda iştirak elədik". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qadınlarla iş şöbəsinin müdiri Nərmin Əzizova bildirib.
Onun sözlərinə görə, bu foruma əvvəlkilərdən fərqli olaraq 3 ölkədən - Azərbaycan, Gürcüstan, Ermənistan- başqa Ukraynadan olan gənclər də qatılıb:"Foruma dəvət olunmuş qonaqların arasında 2010-2014-cü illərdə Avropa komissarı olmuş Stefan Füle və Niderlandın Gürcüstan və Ermənistandakı səfiri də vardı. Biritaniyanın Gürcüstandakı səfiri də təşkilati dəstək verənlərin sırasında idi. Foruma Hollandiyadan olan gənc siyasətçilər də qatılmışdı". Stefan Fülenin forumun açılışında çıxış eddiyini qeyd edən Nərmin Əzizova deyib ki, keçmış Avropa komissarı çıxışını Rusiyanı tənqidlə başlayıb:"Stefan Füle Rusiyanın Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Asetiyanı, eləcə də Ukraynanın ərazisi olan Krımı işğalından yetərincə danışdı. O, Rusiyanın bu ölkələrin ərazilərini işğalından odlu-alovlu, hətda deyərdim ki, çox aqressiv söz açdı. Ancaq Stefan Füle uzun çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında danışmadı. Bu zaman Azərbaycan nümayəndə heyəti haqlı olaraq "bəs Dağlıq Qarabağ problemindən nə üçün danışmadınız və mövqeyinizi bildirmədiniz?" sualını verdilər. Və ona xatırlatdılar ki, Dağlıq Qarabağın işğalı toxunduğunuz işğallardan öncə başlayıb və bu işğal nəticəsində Azərbaycan 20 faiz ərazilərini itirib, 1 milyondan artıq qaçqın və məcburu köçkünün taleyilə üz-üzə qalıb, on minlərcə şəhid verib, yüz minlərcə əlil bu gün də torpaqlarının erməni işğalında qalmasından üzülür, hələ də erməni əsirliyinə Azərbaycanın vətəndaşları işgəncələr altındadır". Onun bütün bu deyilənlərə və Azərbaycan nümayəndə heyətinin sualına qəribə cavabı oldu: "Siz məni ikili standartlarda günahlandırırsınız. Amma Dağlıq Qarabağ problemi bunlardan fərqli bir problemdi. Burada ATƏT-in Minsk qrupu iş görür. Bu iş də müəyyən olunmuş çərçivə daxilindədir. Müəyyən çətinliklər var, ancaq bunların həlli sülh yolu ilə mümkündür". Bir cözlə, keçmiş Avropa komissarı açıqca bildirdi ki, "probleminizi özünüz həll edin". Demokratiyadan, insan haqlarından və azadlıqlarından danışan Stefan Fülenin hansı həddə qədər ədalətli olduğu, ikili standartlarla problemlərə yanaşdığı aydınca görünürdü".
BAXCP funksioneri qeyd edib ki, sözügedən forumda Niderlandın Gürcüstanda və Ermənistandakı səfiri də çıxış edib:" Səfir də Stefan Füledən fərqli danışmadı və onun da qərəzli olduğu aydınca görünürdü".
Nərmin Əzizovanın sözlərinə görə, Ermənistandan gələn forum iştirakçıları sülhdən danışaraq, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu hər zamankı yalanları kimi sırıyıblar: "Ermənilər bildirdilər ki, "biz sülh şəraitində yaşamağa hər zaman hazırıq". Nə qədər gülməli olsa da moderator bu mövzuya qayıtmamağı məsləhət gördü".