Müxalifət birliklərinin ömrü niyə qısa olur? Siyasət

Müxalifət birliklərinin ömrü niyə qısa olur?

Zəfər Quliyev: "İllərdir eyni adamlar, eyni siyasi təşkilatlar heç nəyi dəyişmədən sadəcə eyni birlikdə təmsil olunurlar"
Əliməmməd Huriyev: "Müvəqqəti birliklər o qədər eyni subyektlərdən yaranır ki, cəmiyyət onu yenilik kimi qəbul etmir"
Sərdar Cəlaloğlu: "Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi halda yarana bilər"

Azərbaycan müxalifətində, əsasən radikal düşərgədə daimi müşahidə olunan bir tendensiya yaranıb. Müxalifətdəki birliklərin qısamüddətli olması ənənə xarakteri alıb.
"El" Hərəkatı sədrinin müavini Zəfər Quliyev deyib ki, müxalifətdəki birliklərin qısamüddətli olması, yeniləri ilə əvəzlənməsinə ölkədə gedən siyasi proseslərin dinamikası da təsir edir: "Adətən seçkidən sonra müxalifət düşərgəsində qısamüddətli böhran yaşanır. Bu da reallıqdır. Eyni zamanda daha optimal birliklərin axtarış prosesi gedir". Onun sözlərinə görə, əslində yaranan birlikləri cəmiyyətə necə təqdim etməkdən də çox şey asılıdır: "Hesab edirəm ki, müxalifət düşərgəsindəki birliklərin tez-tez dağılması, yeniləri ilə əvəz olunması cəmiyyətdə şübhələrə səbəb olur və müxalifətə inamsızlığı gücləndirir".
Zəfər Quliyev bildirib ki, Azərbaycan müxalifəti yeni birliklər yaratmaqdansa, fəaliyyətini gücləndirməlidir: "İllərdir eyni adamlar, eyni siyasi təşkilatlar heç nəyi dəyişmədən sadəcə eyni birlikdə təmsil olunurlar, lakin ortada bir şey yoxdur. Söhbət təşkilatların adından, sayından getmir. Cəmiyyət real, güclü bir fəaliyyət gözləyir. Ona görə də güclü bir fəaliyyət olmayan yerdə təşkilatların, birliklərin dəyişməsi, ya dəyişməməsi əsas məsələ deyil. İndiki mərhələdə də hesab edirəm ki, cəmiyyət müxalifətə inanmaq üçün onu fəal görmək istəyir. Hazırda müxalifətin qeyri-fəal olmasının bir çox obyektiv və subyektiv səbəbləri də var. Çünki çox vaxt seçkidən sonra müxalifət özünə gələnə qədər passiv, böhranlı vəziyyətdə olur. Ola bilsin ki, indi də bu vəziyyəti yaşayırıq".
Zəfər Quliyevin fikrincə, hazırda ölkə qarşısında xarici təhlükələr var və buna görə də müxalifət və iqtidar birgə mövqedən çıxış etməlidir: "Ukrayna və keçmiş SSRİ məkanında gedən dövlətçiliyə qarşı təhlükəli prosesləri nəzərə alaraq, belə bir vəziyyətdə bütün Azərbaycan ictimaiyyəti, həm iqtidar, həm də müxalifət ilk növbədə real təhlükələrə qarşı birgə mövqedən çıxış etməlidirlər".
"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevin sözlərinə görə, siyasi partiyalar mövsümi şəkildə fəallaşırlar. Əliməmməd Nuriyev qeyd edib ki, bu fəallıq əsasən seçki ərəfəsində baş verir: "Dünyada da belədir, amma qonşu ölkələrə baxsaq, məsələn, Türkiyədə seçki aktivliyini ilboyu müşahidə edirik. Daimi görüşlər, əlaqələr həyata keçirilir. Azərbaycanda partiyaların əksəriyyətinin resursları yetərincə deyil. Uzun müddətdir ki, siyasi partiyalar eyni şeyləri vəd etməklə məşğuldur. Ona görə istər-istəməz insanlarda siyasi partiyalara qarşı biganəlik var. Siyasi partiyalar marginallaşıblar, kiçik qrupun maraqlarının ifadəçisindən uzağa gedə bilmirlər. Şübhəsiz ki, seçki ərəfəsindən başqa fəallaşmaq imkanları yoxdur. Nə maliyyə resursları, nə də insan resursları kifayət qədər deyil. Buna görə də elektoratı hərəkətə gətirmək gücünə malik deyillər".
Əliməmməd Nuriyev əlavə edib ki, siyasi partiyaların bir-birinə münasibətdə düşmənçiliyi davam edir: "İllərdən bəri yığılıb qalmış düşmənçilik davam edir. Partiyaların bir-birini ittiham etməsi şübhəsiz ki, elektoratın inamını zədələyir. Zədələnmiş etibarın daha da zədələnməsi və hər seçkidən sonra bunun geniş miqyas alması, ümidlərin doğrulmaması siyasi partiyaların passivləşməsinə gətirib çıxarır. Cəmiyyətə yeni impulslar verə bilmirlər".
Onun fikrincə, insanlar eyni simaları görməkdən də yorulub: "Siyasi partiyalarda yeniləşmə prosesi getmir. Hətta nəsillərin dəyişməsi prosesi belə yeni qüvvələrin gəlməsi ilə müşayiət olunmur. Daha çox mexaniki dəyişmə baş verir. Alternativlər yox səviyyəsindədir. Partiyadaxili demokratiya yoxdur. Hamı liderin ətrafında cəmlənir. Liderə daimi sadiqlik prinsipi gənclərin siyasi partiyalara gəlməsinin qarşısını alır. Gənclik sərbəst və müstəqil olmaq istəyir. Siyasi partiyalarda fərqli fikirlər olanda bu, satqınlıq, kiməsə "işləmək" kimi qiymətləndirilir. Gənclərin potensialı açılmır. Partiyalara gələn gənclər də partiya üzvlərinin övladları və qohumlarıdır. Kənar elektorat yox səviyyədədir. Partiyalarda dəyişiklik getmədiyindən bu, gənclərin siyasi qurumlara axınını heçə endirir".
Siyasi partiyaların qruplaşmasına gəlincə, Əliməmməd Nuriyev qeyd edib ki, seçkilər ərəfəsində yeni birliklərin yaranması halı normaldır: "Amma müxalifətdəki yeni birliklərdə də subyektlərin dairəsi dəyişmir. Eyni insanlar, eyni şüarlar da bezdirir. Bu da yeni koalisiyaların davamlı olmasına gətirib çıxarmır. Müvəqqəti birliklər o qədər eyni subyektlərdən yaranır ki, cəmiyyət onu yenilik kimi qəbul etmir. Cəmiyyətin gözləntiləri həyata keçirilmir. Üsul və formalar dəyişmədiyi və gözləntilər nəticə vermədiyi halda blokların səmərəsi olmayacaq. Bloklara daxil olanların bir-birinə həqarətli münasibəti insanları onlardan çəkindirir. Protest elektorat olsa da, hazırkı müxalifət onu təşkil etmək imkanına malik deyil".
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, hazırda demokratik cəbhədə olan müxalif qüvvələrin özləri də demokratik dəyərlərdən uzaqlaşıblar və birliklərin, siyasi blokların bu şəkildə qısamüddətli olması, dağılması bununla əlaqədardır.
ADP sədri qeyd edib ki, Azərbaycanda bloklar yaranandan sonra, bura daxil olan partiyalar həmin blokları öz təsirində saxlamaq, hegemonluq etmək niyyəti güdür: "Bloka daxil olan partiyalardan biri digərlərini öz təsiri altına almağa və həmin qurumda üstünlük əldə etməyə çalışır. Həmin qurumlarda maraqları sıxışdırılan partiyalar məcbur olurlar ki, həmin blokların əleyhinə iş aparsınlar və kənarda da yeni birliklərin yaranmasına cəhd etsinlər. Əgər irəli sürülən yeni təşəbbüs də hər hansı partiyanın maraqlarına xidmət edəcəksə, onun da taleyi digər birliklərin taleyi kimi olacaq. Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər".
Milli Şuranın sabiq üzvü Elşad Musayev isə deyib ki, ölkədə müxalifətin daxilində kifayət qədər problemlər var. Milli Şuranı isə Elşad Musayev müxalifəti parçalayan başlıca qurum hesab edib: "Görünən budur ki, müxalifətdə olan bəzi dostlarımız hələ tam demokrat olaraq yetişməyiblər. Ona görə də bir-birilərini ittiham edirlər. Məsələn, bir partiya hansısa təşkilatdan çıxıbsa, buna görə ittiham olunmamalıdır. Çünki bu həmin partiyanın hüququdur. Amma biz görürük ki, bir partiya hansısa birlikdən çıxıb gedən kimi başlayırlar onu söyməyə. Fikrimcə, bu bizlərin demokratik qüvvə kimi tam yetişməməyimizin səbəbindəndir. Mən çox səmimi deyim ki, Azərbaycan müxalifətinin içində çoxlu sayda insan var ki, demokratik dəyərləri əxz edə bilməyib. Bu belədir. Siyasəti də bir-birini gözdən salmaqda, "mən güclüyəm" deməkdə görürlər. Ancaq fakt odur ki, Azərbaycanda güclü müxalifət yoxdur. Situasiyanı dəyişmək gücündə olan müxalifət yoxdursa, deməli, güclü müxalifət yoxdur. Odur ki, heç kim deməsin ki, mən güclüyəm".

Əli