Əsrlər boyunca Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri formalaşıb - Baş ravvin Siyasət

Əsrlər boyunca Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri formalaşıb - Baş ravvin

Əsrlər boyunca Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri formalaşıb.

Bunu Trend-ə Bakı Avropa yəhudilərinin dini icmasının baş ravvini Şneor Senqal deyib.

O, Ağdamda olduğunu və gördüklərindən kədərləndiyini bildirib: "Bir vaxtlar çiçəklənən və inkişaf edən şəhər dağıntılar arasında qalıb. Bunu görmək çox ağrılı idi. Fəxr edirəm və çox şadam ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri fəal şəkildə dirçəldir. 30 ilə yaxın davam etmiş işğal müddətində bu ərazilər dağıntılara məruz qalıb, bu gün isə Azərbaycan burada böyük işlər görüb. Bu bir daha sübut edir ki, ölkəmiz inkişaf, rifah və çiçəklənmə yolu ilə gedir".

Ravvin bildirib ki, sentyabrın 27-i Anım günündə Azərbaycanın bütün dini icmalarında 44 günlük Vətən müharibəsində canlarını ölkənin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin xatirəsi yad edilib:

"Azərbaycan ərazilərinin işğal altında olduğu 30 ilə yaxın müddət ərzində biz gözləyirdik, ümid edirdik, inanırdıq və dua edirdik ki, ədalət zəfər çalsın və bu torpaqlara həqiqi sahibləri qayıtsın. Sentyabrın 27-də, Azərbaycanda Anım günü qeyd olunarkən, ölkəmizdə yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri dualar oxuyur və şəhidlərin xatirəsini yad edirdi. Məscidlərdə, kilsələrdə və sinaqoqlarda anım mərasimləri keçirilib. Bu, bir daha Azərbaycan xalqının birliyini və həmrəyliyini nümayiş etdirir".

O qeyd edib ki, əsrlər boyunca Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri formalaşıb:

"Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin bir hissəsidir".