“Qubadlı şəhərinin işğaldan azad olunmağı ilə müharibənin taleyi kökündən dəyişdi”- Tural İsmayılov Siyasət

“Qubadlı şəhərinin işğaldan azad olunmağı ilə müharibənin taleyi kökündən dəyişdi”- Tural İsmayılov

“Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır”.
Bu fikirləri aşıqlamasında STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.
“ Qubadlının işğaldan azad olunmağı müharibədə böyük dəyişikliyə səbəb oldu. Qubadlının azad olunmağı ilə bağlı Laçın şəhərinə yol açıldı. Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlı azad olunduqdan sonra düşmən ordusu psixoloji baxımdan tamamilə darmadağın vəziyyətə düşdü. Cənab Prezident Qubadlı ictimaiyyəti ilə görüşdə rayonun işğaldan azad olunmağının Şuşa şəhərinin işğaldan azad olunmağında da mühüm rol oynadığını vurğuladı. Qubadlının işğaldan qurtarılmağı Qarabağ zəfərində Şuşaya doğru növbəti zəfəri daha da tezləşdirdi. Azad edilmiş rayonların ictimaiyyəti ilə yerində görüşlər zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrin üzvlərinə, müharibə iştirakçılarına xüsusi münasibəti cəmiyyət tərəfindən də diqqətlə izlənilir. Ölkə başçısının rayon sakinləri ilə səmimi görüşləri insanlar tərəfindən də rəğbətlə qarşılanır. Azad edilmiş şəhər və kəndlərdə bərpa işləri başa çatandan sonra şəhidlərin xatirəsinin əbədiləşdirilməsi geniş vüsət alacaq. Qubadlı şəhərinin Baş planının hazırlanması və bu planda Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırığın verilməsi, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilməsi birbaşa cənab Prezidentin nəzarətindədir. Prezident hazırda işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərini əsas diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin “biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq” fikri bu baxımdan strateji əhəmiyyət daşıyır.
Ekspert vurğulayıb ki, Qarabağda böyük infrastruktur layihələri uğurla davam etdirilir:
“Qubadlıda enerji siyasətimiz böyük müvəffəqiyyətlə tərtib edilir. “Qubadlı” yarımstansiyasının vacib əhəmiyyəti var. 7 yarımstansiyanın istifadəyə verilməsi, işğaldan azad edilmiş ərazilərin 80 faizinin artıq Azərbaycanın ümumi enerji sisteminə qoşulması qısa zamanda görülən geniş çaplı işləri ifadə edir. Nəzərə almaq lazımdır ki, Həkəri çayı da mühüm əhəmiyyətə malikdir. 10 noyabr bəyannaməsinə uyğun olaraq erməni silahlılarının Laçın rayonunu tərk etməsini xalqa elan edən cənab Ali Baş Komandan çıxışında su ehtiyatları məsələsinə də toxundu: “Onu da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır”.
Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur”.
Ekpert bildirib ki, Qubadlıda və Qarabağın digər ərazilərində Dördüncü Sənaye İnqilabına uyğun abadlıq işləri həyata keçirilir ki, bunun regional təsirləri də böyük olacaq.

Əli Zülfüqaroğlu