“Litva anlamalıdır ki, ermənilərə Rusiya ordusu kömək edib” Siyasət

“Litva anlamalıdır ki, ermənilərə Rusiya ordusu kömək edib”

Litvalı jurnalist: "Ermənistan Dağlıq Qarabağın işğalının ədalətsiz olduğunu nə vaxt etiraf edəcək?"

"Litva işğalçını tanımadan həm özünü riskə atır, həm də işğalçını dəstəkləmiş olur". APA-nın məlumatına görə, bu sözlər litvalı jurnalist Qintaras Visotskasın yazısında yer alıb.
Serj Sarkisyanın Vladimir Poznerə müsahibəsinə etiraz edən jurnalist qeyd edib ki, Litva parlamentində deputat Dalya Koudite tərəfindən formalaşdırılmış Dağlıq Qarabağla dostluq qrupu fəaliyyət göstərir: "Lakin bu qrupda dostluqdan əsər-əlamət yoxdur. 1990-cı ildə Sovet İttifaqı dağılarkən Dağlıq Qarabağ Azərbaycana məxsus idi. Sərhədlərin toxunulmazlığı haqqında beynəlxalq prinsiplərə əsasən bu ərazi bu gün də Azərbaycana məxsusdur. Lakin hazırda Dağlıq Qarabağ Azərbaycanın əlindən alınıb, bu qan tökülməsi hesabına baş verib".
Q. Visotskas bildirib ki, Dağlıq Qarabağ balaca Ermənistan tərəfindən böyük ambisiyalarla işğal olunub: "Ermənistan kömək olmadan Dağlıq Qarabağı təkbaşına işğal etmək üçün çox balaca ölkədir. Ona görə də Litva həmişə anlamalıdır ki, ermənilərə Rusiya ordusu kömək edib. Bu şəkildə Dnestryanı, Abxaziya, və Krım işğal olunub. Latviya, Estoniya, Polşa parlamentlərində işğalçı Dağlıq Qarabağ rejimi ilə dostluq əlaqələrini dəstəkləyən qruplar mövcud deyil. Təəssüf ki, Litva Seymində bu cür qəribə qrup formalaşıb, bu ölkəmiz üçün başucalığı deyil".
Jurnalist yazısında S. Sarkisyanın Türkiyənin "erməni soyqırımı"nı tanımadığına görə Azərbaycanı günahlandırmasına təəccübləndiyini bildirib: "Bu ədəbsizlikdir. Dağlıq Qarabağı Ermənistanın əlindən Azərbaycan almayıb. Ermənistan Rusiya ilə əlbir olaraq Dağlıq Qarabağı işğal edib. Ermənistan Dağlıq Qarabağın işğalının ədalətsiz olduğunu nə vaxt etiraf edəcək? Əsl soyqırımı onların 1992-ci ildə Xocalıda törətdiyini nə zaman deyəcək?".