"Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyin rəsmi "kupça"sıdır..." Siyasət

"Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyin rəsmi "kupça"sıdır..."

“Şuşa Bəyannaməsi sənədlərin anası, gələcəyimizin yol xəritəsidir”

Xəbər verdiyimiz kimi, hamının intizarla gözlədiyi Şuşa Bəyannaməsi Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə salınıb.

Moderator.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri "İMZA" sosial inkişafa dəstək İçtimai Birliyi Türkiyə Nümayəndəsi Hulusi Kılıç Şuşa Bəyannaməsinin önəminə diqqət çəkib, bu sənədin Azərbaycan və Türkiyə parlamentlərində müzakirəsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:



“Şuşa Bəyannaməsində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin Bir millət iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə öz əksini tapmışdır. Bu da böyük önəm kəsb edir. Həm 30 ildən sonra Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi xatırladılmaqda, həm də sözdə “soyqırım” mövzusuna da toxunulmaqdadır. Sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır.
Şuşa Bəyannaməsində hər sahədə əməkdaşlıq nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, orada həyatın yenidən bərəqrar edilməsi, birgə hərbi təlimlərin keçirilməsi, qarşılıqlı yardımlar və s. kimi məsələlər öz əksini tapır. Sənəddə diaspor sahəsində əməkdaşlıq da nəzərdə tutulur.
Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələri baxımından mühüm önəm kəsb edir. Bu sənəd Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərini tənzimləyir. Bu bəyannamənin ən önəmli özəlliyi sözügedən sənədin 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Şuşanın azad edilməsindən sonra Şuşada imzalanmasıdır. Bu, ayrı bir önəm daşıyır.
Şuşa Bəyannaməsi həm Türkiyə, həm Azərbaycan üçün konstitusiya səviyyəsindədir. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci ilin Qars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə həm siyasi, həm iqtisadi, həm hərbi, həm də sosial sahədə əməkdşlığı nəzərdə tutur.
Şuşa Bəyannaməsində BMT-nin nizamnaməsinə istinad olunmaqdadır. Bu Bəyannamədə BMT, ATƏT, Avropa Şurası, Türk Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı yardımlaşma ilə bağlı müddəalar yer almaqdadır. Ən önəmli məqamlardan biri də hərbi əməkdaşlığın genişlənməsidir. Bəyannamə tərəflərdən hər hansı birinə hücum olarsa, o zaman müttəfiq tərəfin ona dəstək verməsini nəzərdə tutur.
Sənəddə Zəngəzur dəhlizi ilə bağlı da məqamlar yer alır. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında imzalanan ən önəmli sənədddir, sənədlərin anasıdır. Bu Bəyannamə bugünə qədər imzalanan sənədləri əhatə edir. Belə önəmli sənədin Milli Məclisdə müzakirə ediləcəyi xəbəri məmnuniyyət doğurur. Milli Məclisdə müzakirə ediləndən sonra bu sənəd Milli Məclis tərəfindən təsdiq olunacaqdır. Türkiyədə də bu proses eyni şəkildə təkrarlanacaq.
Şuşa Bəyannaməsi hər iki dövlətin gələcəyinə işıq tumaqdadır. Bu Bəyannamə gələcəyimizin yol xəritəsi, təhlükəsizlik sənədidir. Bu baxımdan Milli Məclisin 1 fevralda başlayacaq yaz sessiyasında bu Bəyannamənin müzakirə edilməsi sevindiricidir. Millətimizə xeyirli olsun deyirəm”.