“Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır”! Siyasət

“Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır”!

Almaniyalı deputat Tobias Zek: "İşğal olunmuş ərazilərdən qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı"

Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, parlamentin (Bundestaq) Məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf Komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek "TV Berlin" kanalının "Aus dem Bundestag" ("Almaniya parlamentindən") proqramına müsahibə verib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, müsahibədə T. Zek üzvü olduğu Cənubi Qafqaz üzrə parlament qrupu tərəfindən Gürcüstan, Ermənistan və Azərbaycan parlamentarları ilə müntəzəm parlamentlərarası mübadilənin aparıldığını, həmçinin, qeyd edilən ölkələrin də öz aralarında dialoqun baş tutması üçün dəstək verildiyini bildirib. Millət vəkili Cənubi Qafqaz bölgəsinin Avropa İttifaqı və Almaniya üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, ən mühüm məsələ region ölkələrinin dialoqa hazır olması, xüsusilə də münaqişə vəziyyətində olan dövlətlər arasında dialoqun baş tutmasıdır.
T. Zek aparıcının "Dialoq çağırışı Gürcüstanda fayda vermədi. Orada Rusiya tərəfindən müdaxilə oldu. Bildiyimə görə, Azərbaycan ərazilərinin xeyli hissəsi də xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Almanların çoxunun bundan xəbəri yoxdur. Siz bu məsələnin "ölü nöqtə"dən tərpənməsi üçün Almaniya siyasətində nələr edirsiniz?" - sualına cavab olaraq qeyd edib ki, 20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır: "Bu, bizim birbaşa qonşuluğumuzda baş verən bir münaqişədir. Son 20 ildə bu münaqişə közərirdi - gah təkrar kəskinləşən, gah da yenidən soyuyan məsələ kimi. Sevindirici haldır ki, burada hazırda açıq münaqişə və ya müharibə şəraiti yoxdur. Lakin burada bir növ, közərən bir münaqişə və başqa ölkənin ərazisinin işğalı faktoru var".
İyimi il bundan əvvəl Dağlıq Qarabağda baş verənlər haqda danışan T. Zek bildirib ki, Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycanın ərazisinə təcavüz edərək Dağlıq Qarabağı işğal edib. Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı Ermənistandan qaçqın və Dağlıq Qarabağdan məcburi köçkün düşərək öz yurdlarını tərk etməli olub. Beləliklə, Azərbaycan hazırda ən çox qaçqın əhalisi olan ölkədir. Bundestaq üzvü münaqişənin həllinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və onun həll yolunun tapılması üçün səylərini daha da artırmalıdır. Düşünürəm ki, bu sahədə nəsə çatışmır".
T. Zek danışıqlar prosesində yaranmış vəziyyəti qiymətləndirərkən qeyd edib ki, sülhə nail olmaq üçün təkcə istək və müvafiq qətnamələrin qəbulu kifayət etmir: "Biz ilk növbədə danışıqlar aparan tərəfləri yenidən masa arxasına oturtmağa nail olmalıyıq".
T. Zekin fikrincə, əsas problem ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq yoxdur: "Bu, sadəcə Cənubi Qafqazda iki ölkə arasında gedən bir münaqişə deyil. Bu münaqişəyə beynəlxalq müdaxilələr də var. Ermənistanla Azərbaycan arasında qonşu ölkələrin müdaxiləsi olmadan birbaşa danışıqlar aparılsa, bu, daha faydalı ola bilərdi. Lakin hazırda bu, mümkün deyil".
Alman deputat aparıcının "Azərbaycanlılar Ermənistan qoşunlarının dərhal həmin ərazidən çıxmasını istəyir. Lakin ermənilər qoşunlarını çıxarmaqdan imtina edir. Ermənilər bəyan edir ki, bu, onların ərazisidir. Bəs beynəlxalq hüquq bu haqda nə deyir ?" - sualına cavab olaraq bunları söyləyib: "Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İşğal olunmuş ərazilər Azərbaycanın dünya tərəfindən tanınmış ərazisidir. Bu, o deməkdir ki, torpağın verilməsi və ya satılması barədə təsəvvür edə biləcəyiniz heç bir müqavilə olmayıb. Beləliklə, bu vəziyyət Almaniya üçün qəbuledilməzdir və biz Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğal olunması ilə razılaşmırıq. Almaniya nə Dağlıq Qarabağ hökumətini, nə də orada keçirilən hər hansı bir seçkini tanıyır. Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin ilhaqına son qoyulmalıdır. Əlbəttə, biz bu münaqişənin həll olunmasında israr edirik. Dağlıq Qarabağdan qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı".
T. Zek beynəlxalq təşkilatların Dağlıq Qarabağda sülhün əldə olunması üçün göstərdiyi fəaliyyətə də münasibət bildirib. O, münaqişə zonasında atəşkəs rejiminin monitorinqini lazımi qaydada həyata keçirmək üçün müvafiq beynəlxalq strukturların işçi heyət və avadanlıq baxımından hazır olmadıqlarını etiraf edib. T. Zek bu sahədə fəaliyyət göstərən ATƏT-in 6 əməkdaşından ibarət monitorinq qrupunun qoşunların təmas xəttində monitorinq keçirməsinin yetərli olmadığını vurğulayıb: "ATƏT bu məsələyə ciddi yanaşırsa, bu halda işçi heyətin və avadanlığın sayını artırmalıdır".
T. Zek müsahibəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən də söz açıb: "Biz bu qətnamələrə sadəcə səs verməmişik, biz onları həm də dəstəkləmişik. Fikrimcə, Dağlıq Qarabağa oxşar münaqişələr bir gecədə həll oluna bilməz. Çağdaş tarixə nəzər saldıqda görürük ki, bu kimi münaqişələrin həlli prosesi azı 30-40 ilədək uzanıb. İlk növbədə ona nail olmalıyıq ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin doğma yurdlarına dönməsinə imkan verilsin".
Onun sözlərinə görə, Azərbaycan Almaniya üçün çox mühüm ticarət tərəfdaşıdır. O, Azərbaycan hökuməti və Milli Məclisdəki həmkarları ilə daim dialoqda olduğunu, ələlxüsus da onlarla Strasburqda - Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı görüşərkən müxtəlif məsələlərə dair fikir mübadiləsi apardıqlarını deyib. Alman deputat Azərbaycanın ötən il Avropa Şurasında sədrlik missiyasının öhdəsindən layiqincə gəldiyini bildirib.
T. Zek aparıcının "Bakı öz nefti ilə tanınır. Ən böyük neft ehtiyatları vaxtilə Bakıda olub. Nobel mükafatının təsisçisi Alfred Nobel öz milyonlarını Bakıda qazanıb. Çox adam bilmir ki, Nobel mükafatı hələ indinin özündə də həmin pullar hesabına maliyyələşir. Beləliklə, Azərbaycan bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə mühüm tərəfdaşdır?" - sualına cavabında qeyd edib ki, Avropanın enerji təchizatçılarının asılılığından azad olmağa ehtiyacı var: "Avropa dərk edir ki, yalnız bir təchizatçıdan asılılıq - hətta hazırda təchizatla bağlı heç bir problem olmasa belə - uzunmüddətli perspektivdə çox da optimal qərar deyil. Avropanın alternativ enerji mənbələrinə ehtiyacı var. Bu baxımdan Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan bu missiyanın yerinə yetirilməsində mühüm rol oynaya bilər. Azərbaycan Almaniyadan ötrü yeddinci ən böyük neft təchizatçısıdır".
Almaniyalı deputat hesab edir ki, Almaniya-Azərbaycan, Avropa İttifaqı- Azərbaycan münasibətlərində Avropanın enerji təhlükəsizliyi məsələsi bölgədəki humanitar vəziyyət amilini arxa plana çəkməməlidir: "Avropa diplomatiyasının əsas diqqəti bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycanın işğal altındakı ərazilərinin erməni silahlı birləşmələri tərəfindən azad olunması məsələsinə yönəlməlidir. Birinci tələb ondan ibarət olmalıdır ki, Ermənistan Respublikası qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır və yalnız bundan sonra münaqişənin davamlı həll yolu tapıla bilər. Ermənistan isə deyir ki, onlar yalnız bütün məsələlər həll ediləndən sonra qoşunlarını ərazidən çıxara bilər. Beləliklə, burada bir növ "toyuq və yumurta" vəziyyəti yaranıb. Mən inanıram ki, burada beynəlxalq hüququ pozan ilhaq amili var və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Asim Mollazadənin Amerikanın "The Daily Caller" qəzetində məqaləsi dərc olunub

"Totalitarizmdən çıxmış, Qərblə ittifaqda olan və azad bazar demokratik ictimaiyyətinə daxil olmağa çalışan ölkə təsəvvür edin". Bu barədə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın "The Daily Caller" qəzetində dərc olunan məqaləsində yazır.
A.Mollazadə yazır: "Birləşmiş Ştatlar insan hüquqlarının müdafiəsinə ən yaxşı hansı yolla kömək edə bilər – tərəfdaş kimi ölkəyə kömək etməklə yoxsa, izqoy kimi onu hücumlara məruz qoymaqla?"
O bildirib ki, bu gün bu, ABŞ və müttəfiqləri üçün mühüm sualdır: "Tənqidçilər yaddan çıxarmamalıdır ki, Azərbaycan 70 il Sovet hakimiyyəti altında yaşayıb və artıq 20 ildir ki, ərazisinin 20 faizi işğal altındadır".
A.Mollazadə məqalədə qeyd edir ki, Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərqin kəsişməsində yerləşməsi onu əhəmiyyətli ticarət və nəqliyyat qovşağına çevirir: "Qonşu Ermənistan 1990-cı illərdə ölkəmizə soxulub, Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu işğal edib. Azərbaycanlılar üçün insan hüquqlarının pozulmasının ən pis nümunəsi Ermənistan işğalı nəticəsində 1 milyon qaçqının doğma torpaqlarını məcburi tərk etməsidir".
Məqalədə qeyd edilir ki, insan hüquq müdafiəçiləri Azərbaycanın tolerantlıq ənənələrini də qiymətləndirməlidirlər: "Belə ki, əsrlər boyu müsəlman, xristian və yəhudilər ölkədə sülh şəraitində yaşayıblar. Bizi tənqid edənlər etiraf etməlidirlər ki, digər ölkələrdə acınacaqlı halda olduğu təqdirdə, Azərbaycanda təhlükəsizlikdə olan dini azadlıq əsas insan hüququdur".