İnsan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru təhlil edilib Siyasət

İnsan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru təhlil edilib

Bu gün ictimaiyyət nümayəndələrinin, müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, millət vəkillərinin, siyasətçilərin, beyin mərkəzlərinin, QHT təmsilçilərinin, jurnalistlərin və sosial media fəallarının iştirakı ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” analitik kitabının təqdimatına həsr edilmiş konfrans keçirilib.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” əsaslı və ətraflı şəkildə izah edilib.
Tədbiri giriş nitqi ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, informasiya meydanındakı savaş Vətən müharibəsinin tərkib hissəsidir: “Bu ideyaya xidmət edən və təqdimatına toplaşdığımız “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabı yeni informasiya əsrində və postmüharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platformalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupların məqsədlərini təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını dərindən təhlil edir, yeni çağırış və həll yollarına işıq salır”.
Mərkəzin sədri qeyd edib ki, analitik hesabatda ilk dəfə qlobal “araşdırmaçı jurnalist və insan hüquqları” şəbəkəsində son onillikdə baş verən proseslər, ölkəmizə qarşı pozucu fəaliyyətində yeni metodlar, meyllər, məqsədlər, aktorlar və icraçılar, Azərbaycana qarşı fəaliyyətində erməni faktoru sistemli və əsaslı faktlarla təhlil edilib.
STM sədri diqqətə çatdırıb ki, aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni faktorunun yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir: “Bəs nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfləri sırasındadır? Bu suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir. Sitat: ”Bizi iradələrinə tabe etdirmək istəyirlər”. Əlbəttə, şübhə yoxdur ki, beynəlxalq şantajın səbəbləri və hədəfləri çoxdur. İnformasiya hücumları təkcə Azərbaycanla bağlı deyil, Avropa ölkələri, Türkiyə, Rusiya və digər paytaxtlar üçün də daimi təhdidlər yaradır. Xatırlatmaq yerinə düşər ki, məhz 2016-cı ildə “Cambridge Analytica” şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etməsi rəqəmsal hücumlar və kiber təhlükələr mövzusunu xeyli ictimailəşdirdi. Ona görə də 2016-cı ildə “posthəqiqət” (posttruth) ifadəsi “Oxford dictionary” tərəfindən ilin sözü elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar-demokratiya və azadlıq haqda Billər rəqəmsal despotizmin və faşizimin dekorasiyasına çevrilib”.
Daha sonra Z.Oruc bildirib ki, bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa Birliyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.
Mövcud yeni geosiyasi reallıqda qlobal güclərin təzyiq aləti kimi çıxış edən bu şəbəkənin informasiya inqilabının ən son texnoloji imkanlarından istifadə etməklə, müstəqil Azərbaycan dövlətini başlıca hədəflərindən biri kimi müəyyən etməsinin səbəbləri barədə danışan STM rəhbəri bildirib ki, son otuz ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyinin Qarabağda məğlubiyyətdən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər etməsi hesabatda faktlarla əksini tapıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Dezinformasiya və milli təhlükəsizliyə təhdidlər: hüquqi-qanunvericilik sahəsində mövcud çağırışlar” mövzusunda çıxış edərək sözü gedən məsələ ilə bağlı dünyada və ölkədə duruma diqqəti cəlb edib.
STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova “Ölkəmizə qarşı qlobal dezinformasiya şəbəkəsində erməni faktoru”adlı məruzə ilə çıxış edib.
Milli Məclisin üzvü, Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, Hesabatın yayılması STM-nin yaradılmasının 3-cü ildönümünə, Zahid Orucun 50 illiyinə təsadüf edir: "Həmişə olduğu kimi bu dəfə də hörmətli həmkarımız Zahid Orucun rəhbərlik etdiyi kollektiv aktual bir mözuya diqqət yetirib və hər kəsi düşündürməli olan araşdırma aparıb. Mən həm 3 yaşlarının tamam olması, həm də uğurlu fəaliyyətə görə onları təbrik edirəm.

Hesabatda Azərbaycana qarşı aparılan ideoloji və informasiya müharibəsinin hardan qanaqlanması, kimlər tərəfindən təşkil olunması, hansı məqsədlərlə bunun edilməsi ciddi şəkildə təhlil olunub.

Yəqin ki, bu Hesabatı Azərbaycanın güclənməsindən əndişələnən çevrələr, dünya erməniləri və onların təsir altına salıb işlətdikləri dairələr. islamafoblar Azərbaycanda korrupsiya faktlarını ört-basdır etmək, insan hüququ və azadlıqları, qanunun aliliyi ilə əlaqədar hər şeyin qaydasında olduğunu sübut etmək cəhdi kimi qiymətləndirməyə çalışacaqlar. Hesabatla yaxından tanış olduqda hər kəs bunun
qarşıya məqsəd kimi qoyulmadığına əmin ola bilər. Korrupsiya, insan haqları, qanunun aliliyi kimi problemlər bütün ölkələrdə var, birində bir az çox, digərində bir qədər az. Hesabat Azərbaycanın xüsusi hədəf seçilməsinə işıq salır və burada düşmənlərimiz olan ermənipərəst dairələrin iştirakı çox uğurla, təkzibedilməz faktlarla sübut olunur.

10-a yaxın “insan hüquqları, demokratiya və korrupsiya ilə mübarizə” istiqamətində fəaliyyət göstyərən beynəlxalq təşkilatın rəhbərinin erməni olması Hesabatda öz əksini tapıb. Hesabatla tanış olduqca bir daha əmin olursan ki, bu təşkilatların əsas məqsədi problemlərin həlli yox, vətəndaşlarımızın özünə və dövlətimizə olan inamını sarsıtmaq, ölkəyə xarici investisiya qoyuluşunun qarşısını almaq, Azərbaycanın beynəlxalq imicini ləkələmək, beləliklə də qarşımızda dayanan problemlərin həllinə, xüsusilə Qarabağ üzərində suverenliyimizin
bərpa etməyimizə mane olmaqdır.

Hesabatda Azərbaycanı daim xüsusi diqqət mərkəzində saxlayan 70 ölkəni əhatə edən 155 junalistin bir araya gətirildiyi OCCRP-nin fəaliyyətinə nəzər yetirilir. Bu təşkilatın Direktorlar Şurasının 8 üzvündən biri azərbaycanlı Xədicə İsmayıldır. Bu yaxınlarda onun bir alman saytına verdiyi müsahibə yerli mətbuatda dərc olundu. Həmin müsahibədə Xədicə ismayıl gileylənir ki, “mən İlham Əliyevi müdafiə etmirəm, amma “o Qarabağ məsələsində sona qədər haqlıdır” - deyəndən sonra Qərb institutlarının ona olan marağı itib, daha onu tədbirlərə dəvət etmirlər. Xədicə İsmayıl əlavə edib ki, Qərbdə bəzi insanlar ona deyirlər ki, “mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni indiyə qədər dəstəklədiklərinə görə peşman olacaqlar”. Budur real mənzərə, hansı ki, hesabat da bunu təsdiq edir.

Nə etməliyik?
Azərbaycan diasporu ilə işləyən müvafiq Komitə nəhayət ki, ciddi işlərlə məşğul olmalı, Qərb ölkələrinin paytaxtlarına səfərlərini iş kimi təqdim etməməlidirlər.

Bu kimi hesabatların bizim səfiliklərlə birlikdə Qərb dairələrinin ictimaiyyət nümayəndələrinə çatdırılmasını təmin etməlidirlər. Mütəmadi olaraq, mətbuat və QHT nümayəndələri ilə, parlamentarilərlə, siyasi partiya təmsilçiləri ilə görüşlər keçirməlidirlər. PA, XİN bu barədə onlardan hesabat tələb edilməlidir. Yalnız bu
yolla, həmçinin hazırlıqlı gənclərimizin fədəkarlığı qarşılığında, həm də mövcud problemlərimizin həlli üçün islahatları dərinləşdirməklə bizə qarşı aparılan məkrli kampaniyanın təsirini azalda, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıra bilərik.

Hesabat belə bir zərirəti ortaya çıxarır ki, STM-in yaradılması çox uğurlu qərar olsa da, yetərli deyil və ölkəmizdə başqa sivil və inkişaf etmiş ölkələrdə olduğu kimi STM-in bazasında Sosial Tədqiqatlar İnstitutunun yaradılmasına ehtiyac var. Bu institut həm də bu istiqamətdə analitika ilə məşğul olacaq magistrlər hazırlamalıdır. Prezident tərəfindən xarici universitetlərə təhsil üçün – 50 nəfər - siyasi elmlər, jurnalistika, hüquq üzrə göndərilməlidir. Sonda qeyd etmək istəyirəm ki, Hesabatda “nəticə” hissəsi ilə yanaşı ictimaiyyət üçün açıqlana biləcək “tövsiyyələr” hissəsinin də öz əksini tapması məqsədəuyğun olar. Növbəti araşdırmalarada, ölkəmizə qarşı intellektsiz, kriminal, savadsız, tərbiyə görməmiş şəxslərdən istifadə barədə STM tərəfindən araşdırma aparılmasını da istəyərdim. Təxribatlara qarşı ən yaxşı mübarizə savadlı cəmiyyətdir. Savadlı insanları aldatmaq çox çətindir, mümkünsüzdür”.
Daha sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov açıqlayıb ki, bu gün informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır. İnternet vasitəsilə saxta xəbərlərin yayılması beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır: “Vətən müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılmışdır. Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilmişdir. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb”.
O, yekunda qeyd edib ki, “Dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilmiş, coğrafi adların bərpa edilməsinə nail olunmuşdur. Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” layihəsi hazırlanmışdır”.
Digər tərəfdən, mövcud vəziyyət bütün potensial və resurslarını yüz dəfələrlə artırmaqla revanş götürməyə cəhd edən məğlub qüvvələrin apardığı və planlaşdırdığı yeni təhdidlərə bizim hər zaman hazır olmağımızı, çevik və anında veriləcək cavab addımlarının atılması ilə bağlı fəaliyyət həyata keçirməyimizi diktə edir. Araşdırmada Vətən müharibəsində döyüş meydanında məğlubiyyətdən sonra bütün gücünü informasiya müharibəsinə səfərbər edən “qlobal erməni milləti” faktoru konkret şəxslər və təşkilatlar nümunəsində əksini tapıb. “Pandora sənədləri” üzərindən dünya ermənilərinin Azərbaycana qarşı çoxşaxəli fəaliyyətinin daha da genişlənməsi, araşdırmaçı şəbəkənin rəhbərliyi və üzvləri sırasına sızmaları təhlil edilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Cəmiyyətdə rəqəmsal savadlılıq və dezinformasiyaya qarşı mübarizədə onun əhəmiyyəti” mövzusuna toxunaraq qeyd edib ki, müasir dövrdə yalan xəbərlər və feyk məlumatlar sosial şəbəkələr vasitəsilə çox sürətlə yayılır: “Oxucular bəzən bu materialları doğru məlumatlardan ayıra bilmirlər. Erməni lobbisi bu məsələdən çox ustalıqla istifadə edir. Düşünürəm ki, xüsusilə gənclərlə bağlı bu sahədə məxsusi işlər aparılmalıdır. STM xətti ilə ərsəyə gələn müxtəlif analitik materiallar gənclərin siyasi fikrinin formalaşmasında, informasiya ilə düzgün təminatında mütləq nəzərə alınmalıdır. Çünki feyk mənbələrin aşkar edilməsində gənclər xüsusi rol oynamaqla, bu prosesə mühüm töhfələr də verə bilərlər”.
Siyasi şərhçisi, tanınmış jurnalist Nurani “Jurnalistika və “fake news” – reallıq və media siyasətinin bəzi məsələləri” mövzusuna toxunaraq bildirib ki, təəssüf kütləvi informasiya vasitələrinin ictimai institut olaraq formalaşması ilə sinxron olaraq dezinformasiya da yaranıb.
Hesabatda “insan hüquqları” sahəsində beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətinin dərindən araşdırılması, erməni faktorunun burada da kök salması, maskalanması və olduqca fəallaşması faktlar əsasında göstərilib. Ermənistanın yeni bəyan etdiyi milli rebrendinq - “Ermənistan kiçik dövlət, qlobal millətdir” devizini həyata keçirmək yönündə sözügedən qlobal şəbəkədə Vətən müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra dünya erməniliyinin: ermənilər; erməni diasporu; çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər; Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması əsaslandırılıb.
Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov açıqlayıb ki, hibrid təhdidlər əsrində informasiya ilə davranış beyin mərkəzləri üçün xüsusi fəaliyyət sahəsi müəyyənləşdirir: “Kommunikasiya siyasəti bu şəraitdə daxili və xarici istiqamətlərdə müəyyən edilir. İnformasiya mənbələri ilə iş prinsipləri mühüm əhəmiyyət kəsb edir ki, mütləq burada daxili və xarici auditoriyaya düzgün məlumatların çatdırılması, mif və stereotiplərin ziyanlarını hesablamaq vacib məsələ kimi çıxış edir”.
Tədbir çıxışlarla davam edib.