“Ermənistanın Qarabağda ucuz təxribatlar etmək imkanları tükənib” Layihə

“Ermənistanın Qarabağda ucuz təxribatlar etmək imkanları tükənib”

Tural İsmayılov: “Cənab Prezidentin iradəsi yeni siyasi konturları müəyyən edir”

“Laçın dəhlizinin Azərbaycana təhvil verilməsi ilə bağlı ortada 10 Noyabr Bəyanatı var. Təəssüflər olsun ki, Ermənistanın bu mövzu ətrafındakı manipulyasiyalarını qızışdıran bəzi beynəlxalq faktorlar prosesi dalana dirəməyə çalışırdı. Azərbaycan isə vaxtından da əvvəl Laçına alternativ yolu tikərək Ermənistanı Laçını boşaltmağa məcbur etdi... Laçın dəhlizinin boşaldılması tamamilə yeni reallıqlar yaradır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Tural İsmayılov səsləndirib. Ekspert digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.

-Hazırda Qarabağ bölgəsində bütün əsas təşəbbüslər Azərbaycana məxsusdur. Bu gün Azərbaycan ərazilərində heç kimin özbaşınalıq etmək haqqı yoxdur. Faktiki müşahidə edilən də odur ki, Qarabağla bağlı Ermənistanın hansısa ucuz təxribatlar etmək imkanları tükənib. Rusiya sülhməramlıları da artıq əvvələ baxanda bir az daha ehtiyatlı davranmağa çalışır. Bütövlükdə cənab Prezidentin iradəsi, regionda Azərbaycan, Türkiyə və Rusiya işbirliyi yeni siyasi konturları müəyyən edir. Qarabağda hansısa gərginlik Ermənistandan və onun Qərbdəki havadarlarından başqa heç bir siyasi güc üçün artıq sərfəli deyil. O baxımdan hesab edirəm ki, Ermənistan tamamilə sınmış bir vəziyyətdədir. Bundan sonra Ermənistanın dövlət olaraq Qarabağa boylanmağa heç bir taqəti qalmayıb.

-Xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin Şuşa səfəri ilə verilən mesaj nədən ibarətdir?

- Bir həqiqətdir ki, Şuşa ili çərçivəsində dövlətin atdığı addımlar bu gün Şuşanı daha da önəmli bir hala gətirib. Şuşanın Azərbaycan tarixində misilsiz yeri və xalqımızın Azərbaycanın incisinə həssaslığı tarix boyu mövcud olub. Amma məhz cənab Prezidentin səyləri ilə bu gün Şuşa həm də regionun önəmli beyin və diplomatiya mərkəzi halına gəlib. Şuşada artıq dəfələrlə beynəlxalq səviyyəli, mühüm tədbirlər həyata keçirilib. Səfirlərin sonuncu Şuşa toplantısı isə bir daha Azərbaycanın ərazi bütövlüyünə olan inam və dəstəyin göstəricisi idi. Xoşluqla ya da zorluqla; bütün dünya suveren hüquqlarımıza və ərazilərimizə hörmət etməyə məcburdur.

-ABŞ Fransa səfirləri Şuşadakı toplantıya qatılmadılar. Onların bu addımı hansı anlama gəlir?

44 günlük Vətən müharibəsi dövründə də ABŞ Fransa və Qərb dairələri Azərbaycanın haqlı işini dəstəkləmək əvəzinə özlərini erməni lobbisinin yedəyində aparmağa çalışırdı. Ona görə də ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirdən imtinasının həm də birbaşa erməni lobbisi ilə bağlı olan bir məsələ olması variantı istisna deyil. Çünki həm Fransada, həm Amerika Birləşmiş Ştatlarında bir çox yüksək rütbəli siyasətçilər erməni lobbisi qruplarının maliyyə təsirləri altındadır. Eyni zamanda həm ABŞ, həm də Fransa erməni diasporasının Qərbdə ən çox mənzilləndiyi və ciddi şəkildə kompaktlaşdığı ölkələrin ilk başında yer alır.

Hesab edirəm ki, həm Fransanın, həm ABŞ-nin Azərbaycan- Ermənistan münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe həmişə erməni lobbisinin maraqlarının nəzərə alınması ilə müşahidə edilibdir. Ona görə hesab edirəm ki, ABŞ və Fransa bu addımları ilə növbəti dəfə təkcə Azərbaycan xalqına deyil, dünya ictimaiyyətinə əsl simalarını nümayiş etdirmiş oldular.

-Ermənilərin Laçın dəhlizindən istifadəsinin tamamilə dayandırılması mövcud duruma necə təsir edəcək?

- Laçın dəhlizinin Azərbaycana təhvil verilməsi ilə bağlı ortada 10 Noyabr Bəyanatı var. Təəssüflər olsun ki, Ermənistanın bu mövzu ətrafındakı manipulyasiyalarını qızışdıran bəzi beynəlxalq faktorlar prosesi dalana dirəməyə çalışırdı. Azərbaycan isə vaxtından da əvvəl Laçına alternativ yolu tikərək Ermənistanı Laçını boşaltmağa məcbur etdi. Bundan sonra Ermənistanın dövlət olaraq hansısa iddiaları sadəcə gülünc idi. Həm də Rusiyanın da imzası olan sənədə qarşı çıxmaq idi. Bu baxımdan Laçın dəhlizinin boşaldılması tamamilə yeni reallıqlar yaradır. Yəni, Laçına alternativ yeni yolda situasiya necə olacaqsa Zəngəzurda da həmin situasiya tətbiq ediləcək.

-İranın Azərbaycandakı səfiri Musəvi Zəngəzur dəhlizinin əleyhinə olmadıqlarıqlarını ifadə edib. Həmçinin “İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur, bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik”, - deyə vurğulayıb. Bu açıqlamanı necə şərh etmək olar?

- İran bu günə qədər Azərbaycana qarşı dürüst davranmayıb. İranın bütün siyasi sistemi Azərbaycan və Türkiyə qısqanclığına fokuslanıb. İran Azərbaycan faktorundan narahat olduğu üçün, bu gün islami ənənələrə zidd addım ataraq, Ermənistanla bir çox sahədə əməkdaşlıq edir. Və eyni zamanda Ermənistanı hər bir formada dəstəklədiyini vurğulayır. İrandakı indiki hakimiyyət gələcəkdə Cənubi Azərbaycanda növbəti Səttar Xan Xiyabani və digər bu cür hərəkatlanmaların təkrarlanması faktorundan qorxur. Və bu qorxuya görə də içərisində Təbriz adı keçən istənilən mədəniyyət nümunəsindən belə çəkinir. Bütövlükdə İrandakı hazırkı siyasi rejim peşəkar biliklərdən daha çox ideoloji xətt üzrə davam edir. İran atdığı bu addımlarla Azərbaycan cəmiyyətində böyük bir qıcıq yaratdığının fərqində deyil. Azərbaycan İrandan fərqli olaraq bu ölkəylə hər zaman dürüst, səmimi əlaqələrə önəm verib. Eyni zamanda beynəlxalq təşkilatlarda İran əleyhinə alınan qərarlarda heç vaxt bu ölkənin əleyhinə səs verməyib. Həmçinin bu gün İran ərazisindən Azərbaycanın dövlət quruluşu əleyhinə çağırışlar edən Tohid İbrahimbəyli, Orxan Məmmədov və digər terror çağırışı edən şəxslərin Azərbaycana təhvil verilməməsi İranın əsl simasını ortaya qoyur. Hesab edirəm ki, İranın bu mövqeyi davam etdikcə, cəmiyyətimizdə İrana qarşı olan güvənsizlik daha da artacaq. Bu baxımdan Azərbaycan İrandan fərqli olaraq münasibətlərdə gərginlik istəmir.

Əli Zülfüqaroğlu