“Huffington Post”: “Bakı – dialoqun və sülhün unikal vəhdəti” Layihə

“Huffington Post”: “Bakı – dialoqun və sülhün unikal vəhdəti”

Amerikanın "Huffington Post" xəbər portalında incəsənət və ictimai fəaliyyət sahəsində tanınmış şəxslərdən olan Annett Blümün "Bakı – dialoqun və sülhün unikal vəhdəti" sərlövhəli məqaləsi yayılıb. Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərində yerləşən Simon Vizental Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Annett Blüm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə ötən il mayın 18-19-da Azərbaycanın paytaxtında "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib.
Məqalədə insanlar arasında ən nüfuzlu əlaqə vasitəsi və insanların qarşılıqlı fəaliyyətinin ən yaxşı modellərindən biri olan mədəniyyətlərarası dialoqun əhəmiyyətindən bəhs edilir. A.Blüm Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından söhbət açaraq yazır ki, onun Bakıya səfər etmək və Azərbaycanla daha yaxından tanış olmaq qərarı üç səbəblə bağlı idi. Müəllif qeyd edir ki, əvvələn, 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın bütün müsəlman aləmində ilk dünyəvi və demokratik dövlət olması faktı onun üçün maraqlı idi. İkincisi, həmin dövrdə regionda mühafizəkar və radikal ideologiyanın üstünlük təşkil etməsinə baxmayaraq, Azərbaycan 1919-cu ildə qadınlara seçki hüququ verib. Azərbaycan hökumətinin belə bir addımı Birləşmiş Ştatlarda qadınlara seçki hüququ verilməsindən bir il əvvəl atması Azərbaycan cəmiyyətində və ölkənin hakimiyyət orqanlarında qadınların mühüm rolunun göstəricisi idi. Nəhayət, bu səfərin üçüncü səbəbi müəllifin Azərbaycan ilə İsrail arasında çoxdan bəri yaranmış dostluq münasibətlərinə marağından irəli gəlirdi. Hər iki dövlət dinlərin və mədəniyyətlərin müxtəlifliyi kimi dəyərlərə sadiqdir. A.Blüm yazır ki, Azərbaycanda səfərdə olarkən Simon Vizental Mərkəzinin nümayəndəsi ravvin Kuper ilə birlikdə sinaqoqa gedib, orada Azərbaycan yəhudi icmasından olan dostları ilə görüşüb. Müəllif enerji sahəsində İsrail ilə əməkdaşlıqda Azərbaycanın mühüm rolunu, Azərbaycana texnologiyalar və xidmətlər sahəsində sərmayə qoyulmasında İsrailin rolunu da vurğulayır.
A.Blüm xalqlar arasında dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətindən söhbət açaraq yazır ki, nadir geosiyasi mövqedə yerləşən Azərbaycan bu regionda mövcud olan ekstremizmdən qoruna bilib. O qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycanın münaqişə zonasından kənarda yerləşən ərazilərində 30 mindən çox erməni dinc şəraitdə yaşayır. Müəllifin fikrincə, bütün bu amillər nəzərə alınmaqla Azərbaycan Respublikası həmin Forumun keçirilməsi üçün ən münasib yerdir. Forumda bu ölkənin həm dövlətdaxili, həm də beynəlxalq səviyyələrdə mədəniyyətlərarası harmoniyaya sadiqliyi aşkar görünürdü.
A.Blüm vurğulayır ki, Azərbaycan cəmiyyətin bütün təbəqələrində tolerantlığa sadiq olduğunu artıq sübut edib. Məsələn, Azərbaycan Ali Məhkəməsində və ölkə parlamentində müsəlmanlarla yanaşı, yəhudilər və xristianlar da işləyirlər. Müəllif sonda qeyd edir ki, Azərbaycanda dini və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün insanlar azad yaşayırlar və uğur qazanmaq üçün bərabər imkanlara malikdirlər.
Xatırladaq ki, Annett Blüm senator Dayenn Faynstaynın və amerikalı milyarder, "Blum Capital" investisiya şirkətinin prezidenti Riçard Blümün qızıdır. Məqalənin mətnini təqdim edirik.

***

Oskar Uyaldın aforizmində qeyd edilir ki, "Həyat incəsənəti incəsənətin həyatı təqlid etdiyindən daha çox təqlid edir. Bu gün incəsənət xəyallarımızın mahiyyətini, yaradıcı olan anlayışların dərk edilməsini və formalaşdırılmasını bir çox formalarda təzahür və təqlid edə bilir. Bu bədii prosesin ən ali nümunəsi dialoqdur. Ümumi dəyərlərin bölüşdürülməsi və ünsiyyət bəzən yaradıcılıq forması kimi başa düşülür. Ancaq ən ali və təsirli vasitə mövcüdluqdur. Dialoqun incəsənət və innovasiya sahəsində gücünün sübutu - sosial fəaliyyət və ədalətin incəsənətdə birləşməsində görünür. Dünyada birgə fəaliyyət göstərən və bu fəaliyyətdə əməkdaşlığa əhəmiyyət verilməsi məqsədi ilə yaradılan sektorlar əsas cərəyanlardır. Sülhə dəstək olan bir mexanizm kimi dialoq qurmaq potensialında olan fəallar, incəsənət və din xadimləri tərəfindən bu prosesə qlobal səviyyədə qiymət verilməsi zəruridir.
Sual yaranır: "Bəs bu perspektivli istiqamətlərin reallaşdırılması və daha da təkmilləşdirilməsində dialoqun rolunun nədən ibarət olması, sülhü qoruyan insan fəaliyyəti və potensial imkanlarının daha yaxşı modellərini hansı üsullarla araşdırmalı və nəticə çıxarmalıyıq? Mənim üçün dinlərarası diaoloq təşkilatları, Sülh üçün Din QHT-nin fəalı, incəsənət dostu və dəstəkçisi kimi bu sual böyük əhəmiyyət kəsb edir. Bakıya səfərim çərçivəsində bu prosesi əyani şəkildə görmək şansım oldu.
2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi, dialoq anlayışının dəyərlərinin bölüşdürülməsi, multikulturalizm və sosial harmoniyanın təməl prinsipini təbliğ edən böyük bir beynəlxalq qrupa qoşuldum. Azərbaycanla bağlı mənfi fikirlər eşitsəm də, bir çox səbəbdən dəvəti məmnuniyyətlə qəbul etdim.
Birincisi, öyrəndim ki, 1918-ci ildə ilk dəfə müsəlman aləmində demokratik və dünyəvi dövlət Azərbaycanda qurulub. Bundan əlavə, ilk dəfə mühafizəkar və radikal idealogiyalara baxmayaraq, 1919-cu ildə qadınlara seçki hüququ verilib. Bundan bir il sonra isə Amerika Birləşmiş Ştatları qadınların cəmiyyətdə və idarəetmədə rolunun önəmli olduğunu qəbul edərək onların hüquqlarını tanıyıb.
Ölkədəki bərabərlik hüququnun önəmi ilə bağlı üçüncü faktor isə Azərbaycanın İsraillə uzun tarixə malik dostluq əlaqələrinin olmasıdır. Hər iki ölkənin ümumi dünyagörüşü və güclü müxtəliflik dəyərləri var. Simon Vayzental Mərkəzinin əməkdaşı Rabbi Kuper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkmək şansımız oldu. Yəhudilər müsəlmanların çoxluq təşkil etdiyi Bakı şəhərində sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ölkədə dinlərarası evlilik qəbul edilir və hər iki cəmiyyətin nümayəndələri daha yaxşı millət formalaşdırmaq üçün ümumi maraqlara xidmət edən birgə işlər görürlər. İsrail və Azərbaycan əsas sosial dəyərlərlə yanaşı, təbii resurslarını da bölüşürlər. Azərbaycan İsrailin böyük neft ehtiyacını ödədiyi halda, İsrail Azərbaycan hökumətinə investisiyalar qoymaqla yanaşı, vətəndaşları xidmət və texnologiya vasitələri ilə təmin edir.
Davamlı inkişafa nail olmaq üçün dialoqun önəmli rol oynadığı bir dövrdə nümayəndə heyətimiz Bakıda cəmiyyət və hökumət nümayəndələrinin strateji əməkdaşlığının inkişafı və hədəflərin müəyyən edilməsində oynadıqları önəmli rolu müzakirə ediblər. Azərbaycan özünün gücü baxımından geosiyasi cəhətdən unikal ölkədir. Azərbaycan özünü ölkədə sabitliyi pozmaq istəyən və ətraf ölkələrdən gəlməyə çalışan ektremist qüvvələrdən qoruya bilib. Bu mənada, Azərbaycanla Ermənistan arasında davam edən münaqişə ölkələr arasında olan dini müxtəliflikdən qaynaqlanmamışdır. Münaqişənin əsas səbəbi Ermənistan sərhəddinə yaxın yerdə yerləşən Qarabağ ərazisinin 1992-ci ildə Sovetlərin dəstəyi ilə ermənilər tərəfindən işğalıdır. Bu münaqişədən öncə müsəlman azərilərlə xristian ermənilər arasında nikah adi hal idi və yenə də münaqişənin olmasına baxmayaraq, hazırda Azərbaycanda 30 mindən çox erməni sülh şəraitində yaşayır.
Bütün bu amillərə nəzərən hesab etmək olar ki, Azərbaycan Respublikası həm dövlət səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası dialoqun və çoxmədəniyyətliliyin vəhdətinə nail olmaq üçün götürdüyü öhdəlikləri uğurla həyata keçirir və tədbir üçün uyğun və maraqlı məkandır. Dünyəvi olan, həm də müsəlmanların çoxluq təşkil etdiyi ölkədə multikultural dəyərlərin necə tətbiq olunduğunu və bugünkü cəmiyyətdə Azərbaycanda tolerantlıq ənənələrinin necə qorunub saxlandığını əyani görmək üçün Bakıya gələn həmkarlar və həmfikirlərimlə yenidən görüşmək olduqca ruhlandırıcı idi. Onu anladıq ki, Azərbaycanda olan müsbət məqamları paylaşmaqla, başqa xalqların əldə etmək istədiyi yeni perspektivlərin əldə edilməsinə yardımçı ola bilərik.
Biz dünyada dialoqun davam etdirilməsinə olan ehtiyac və onun təsir imkanları barəsində, eləcə də bundan sonra görülməli işlər haqqında qrup olaraq birmənalı danışıqlar apardıq. Bu unikal cəmiyyət Azərbaycanın timsalında dinlərarası sülh, bir çox ölkələr üçün müxtəlif icmaların birlikdə sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını sübut edən güclü nümunə rolunu oynayır. İranla qonşu olmağına rəğmən Azərbaycanın nailiyyətləri, dövlətin prinsipindən, sadiqliyindən və gücündən xəbər verir.
İsrailin əksər qeyri-stabil hökumətləri olan və sülh əldə etməkdə çətinlik çəkən xalqlara malik müsəlman müttəfiqlərindən fərqli olaraq, Azərbaycanın nailiyyətlərinin kökündə onun həm dövlət, həm də cəmiyyət səviyyəsində bir çox onilliklər ərzində stabil qalan açıqlığa və tolerantlıq ənənələrinə sadiqliyi dayanır. Ekstremizm və dözümsüzlüyə qarşı, həmçinin, xalqının dəstəyi ilə onu əhatə edən ölkələrin törədə biləcəyi təhlükələrin inkişafına maneə olan açıq və aydın gündəliyi var.
Azərbaycan bu öhdəçiliyini cəmiyyətin bütün səviyyələrində və sahələrində sübut etmişdir. Yəhudi qadın Azərbaycanın Ali Məhkəməsində öz müsəlman və xristian həmkarları ilə birlikdə oturur, Parlamentin yəhudi və xristian üzvləri müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan bütün dinlərə, mədəniyyətlərə aid insanların, xalqların azad şəkildə yaşadığı və uğura bərabər şansı olan ölkədir.
Dialoq və sülh istiqamətində mexanizm kimi aktivizmin roluna olan şəxsi marağım çərçivəsində mənim Bakıda yaşadığım təcrübəni müzakirə etmək üçün yığışdığımız mövzunun dəqiq təsviri kimi gördüm. Bu təcrübə bizim hamımızın maraqlandığımız birgəyaşayışın canlı nümunəsi kimi çıxış etdi və dünyada sülhə nail olunması üçün öhdəçiliyə sadiqliyin və başqasını qəbul etmənin hədsiz dərəcədə vacib olduğunu bir daha vurğuladı.

Cavid