
Azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri vardır. Tarixi dönəmlərdə bu ideyanın inkişaf etdirilməsinə zərurət getdikcə daha da gücləndirildi. Bunun ən tarixi nümunəsi XX əsrin əvvəllərində gerçəkləşdirildi. İdeologiya siyasi, iqtisadi, ictimai baxımdan bir toplumun davranışlarına istiqamət verən hüquqi, felsefi, dini, siyasi, estetik, əxlaqi düşüncələr bütövlüyüdür. İdeologiya fərdləri daim çağırır və onları subyektə çevirən elə bu çağırışlardır.
Azərbaycançılıq ideologiyası müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, "müdaxiləsiz" yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün, fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi, etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri. Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə ondan ibarətdir ki, XX əsrdə "Azərbaycan" anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən müsəlmançılıq "dindarlıq" səviyyəsində inkar olunub; müasirlik dedikdə "yeni" – sosialist həyat tərzi başa düşülüb.
DGTYB-nin üzvü Ülkər Piriyevanın fikrincə, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. İdeoloji əsasları olmayan dövlət tarixi təcrübədə çox nadir hallarda rast gəlinən bir hadisədir. İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Bu bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər. Bu mənada, əgər dövlətçilik və milli ideologiyadan, dövlətçilik və milli maraqlardan danışırıqsa, burada mütləq milli ideologiya olmalıdır.
Ona görə də, tarixən qurulan bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır: "Əslində azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri vardır. Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi".
Artıq digər postsovet respublikaları kimi Azərbaycan da bu mərhələni keçdi, öz milli ideologiyasını yaratdı. Yaranmış milli ideologiya Azərbaycanın milli dövlət maraqlarını təmin etməklə bərabər, həm də milli həmrəyliyi təmin edərək ictimai ahəngdarlığı qoruyan mexanizmə çevrildi. Yalnız bundan sonra Azərbaycan müxtəlif növ etnik, siyasi, korporativ, qrup mənafelərindən xilas olmağı bacardı və ümummilli ideologiyanı, azərbaycançılıq ideologiyasını mənimsəyərək inkişaf mərhələsinə qədəm qoymağı bacardı: "Bu baxımdan, əslində, yenidən ideologiya axtarışına çıxmaq bir növ geriyə qayıtmaq deməkdir. Hesab edirik ki, bu gün Azərbaycan irəliyə doğru getməlidir. Ancaq bəzi hallarda ayrı-ayrı adamlar tərəfindən ideologiyalı cəmiyyət tənqid edilir, yaxud ideologiyanın lazım olub-olmaması sual kimi qoyulur. Hesab edirik ki, bu, milli maraqlar baxımından zərərli, dövlətçilik mənafeyi baxımından isə təhlükəlidir".
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir: "Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.
Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir. Azərbaycançılıq ideologiyası hər bir Azərbaycan vətəndaşının ümumilli dəyəridir".
Laçın rayonununda doğulmuş, üç ixtisas sahibi, ədəbi mətnlərə müəlliflik edən Xarirə Əsədova isə bildirib ki, hər bir cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər həmin dövlətin inkişafına, güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq ideyasının inkişafında isə Cəlil Məmmədquluzadənin xidməti, rolu əvəzsizdir. Onun nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı azərbaycançılıq ideyasının mükəmməl təbliğatçısı idi. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir: " Hesab edirəm ki, azərbaycançılıq ideologiyasının əsas məqsədi olan bu istiqamətdə əsas yol artıq bəllidir. Xaricdə fəaliyyət göstərən diasporlarımız bu istiqamətdə işlərini düzgün qurmalıdır. Azərbaycançılıq ideologiyası eyni zamanda bizi birləşdirən bir dəyərdir və cəmiyyətin hər bir üzvü bu istiqamətdə öz töhfələrini verməli, dövlətimizin inkişafında, güclənməsində iştirak etməlidir. Bu iştirak hər sahəyə uyğun olaraq müxtəlif formalarda özünü göstərməlidir. Bu yolda elm, mədəniyyət xadimlərimizin də üzərinə daha çox iş düşür".
X.Əsədova onu da qeyd edib ki, müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində kifayət qədər ifadə ediblər: "Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əli Mərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Məmməd Əmin Rəsulzadə və digərləri öz yazıları, dövrlərinin uyğun mətbuat vasitələrindəki çıxışlarıyla cəmiyyətdə milli şüurun güclənməsində əvəzsiz xidmətlər göstəriblər. Bu gün azərbaycançılıq haqqında kifayət qədər tədqiqat əsərləri yaranıb. Azərbaycançılıq ideyası və ideologiyası artıq müasir Azərbaycanın müxtəlif elm sahələrində bir tədqiqat obyektinə çevrilib. Bu istiqamətdə akademik Ramiz Mehdiyevin "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", Anarın "Azərbaycançılıq haqqında düşüncələr", Yaşar Qarayevin "Milli "mən" şüuru və etnik yaddaş – azərbaycançılıq", Nizaməddin Şəmsizadənin "Azərbaycançılıq ideologiyası", "Azərbaycançılıq", Əlikram Tağıyevin "Milli ideya və milli ideologiya", Rəhim Əliyevin "Azərbaycançılıq: dünən, bu gün, sabah", Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", Hacı Xanəli Babayevin "Azərbaycançılıq elmi-dini maarifçilik, mənəvi özünüdərk nümunəsi" və s. kimi dəyərli əsərlər çap olunub. Çox yaxşı olardı ki, azərbaycançılığı özündə tərənnüm edən bədii əsərlərin sayı da çox olsun. Ümumiyyətlə, böyük ideoloq Cəlil Məmmədquluzadənin Azərbaycanın ictimai fikir və fəaliyyət tarixində keçdiyi yolun hər addımı bir məktəbdir. Milli ruhun müqəddəsliyini uca tutması və doğma ana dilinimizin qorunması, təbliğ edilməsi də ümumilikdə Cəlil Məmmədquluzadə yaradıcılığının əsasını təşkil edir. Cəlil Məmmədquluzadə dövrü milli oyanış dövrü idi və o dövrdə ədibin o mühitə gəlişi azərbaycançılıq ideyalarını kütləvi şəkildə insanların ruhunda, qəlbində alovlandırdı. Azərbaycançılığın turançılıq, islamçılıq kimi ideyalardan faydalandığını inkar etmək olmaz".
Cavid