

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın digər ölkələrdən idxal edilən mallara tətbiq etdiyi gömrük rüsumları ilə bağlı bəzi özəl şirkət və əyalətlər tərəfindən hökumət əleyhinə qaldırılan iddiada məhkəmə qərarını açıqlayıb.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, sözügedən qərarda qeyd olunub ki, qarşılıq prinsipinə əsaslanan tariflərin idxalı gömrük rüsumları vasitəsilə tənzimləmək mövzusunda Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində Prezidentə verilən səlahiyyətləri üstələyir.
Konstitusiyanın ticarəti tənzimləmək və vergi tətbiq etmək səlahiyyətini yalnız Konqresə verdiyini bildirən qərarda etiraz edilən tarif qərarlarının ləğv ediləcəyi və onların icrasının daimi olaraq bloklanacağı qeyd edilib. ABŞ mətbuatında çıxan xəbərlərdə Tramp administrasiyasının məhkəmənin qərarına etiraz etdiyi bildirilib.
Qeyd edək ki, Tramp “Qurtuluş Günü” kimi xarakterizə etdiyi 2 apreldə ABŞ-nin ticarət tərəfdaşlarına qarşılıq əsasında tariflərin tətbiqini nəzərdə tutan fərman imzalamışdı. Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayan Tramp ölkələrin tətbiq etdiyi tarifləri və tarifdən kənar maneələri nəzərə alaraq ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşmışdı.