Qarabağ münaqişəsi: Müharibə, yoxsa sülh? Layihə

Qarabağ münaqişəsi: Müharibə, yoxsa sülh?

Ermənistana silahla cavab verilməlidir

Ötən ay Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının 23-cü ili tamam oldu. 1994-cü il mayın 12-də imzalanmış Bişkek razılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından hələlik heç bir real nəticəyə gətirib çıxarmayıb. Belə ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün öz torpaqlarına qayıda bilməyib.
Səbəb Ermənistanın sülh çağırışlarına məhəl qoymaması, müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışması, Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etməsidir. Ötən ilin aprel döyüşləri və ondan sonrakı dövr ərzində cəbhə xəttindəki gərginliyin artan templə davam etməsi, Ermənistan silahlı qüvvələrinin təxribatları ilə müşayiət olunan atəşkəs rejiminin müntəzəm olaraq pozulması da regionda müharibə təhlükəsinin qaçılmaz olduğuna işarədir.
Əslində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ regionunda müharibənin yenidən başlamasında maraqlı deyillər. Baxmayaraq ki, 23 il əvvəl əldə edilən atəşkəs razılaşmasında Rusiyanın əsas marağının öz silahlı qüvvələrini sülhməramlılar qismində Dağlıq Qarabağda yerləşdirməkdən ibarət olduğu məlumdur. Təəssüf ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər ötən 23 ildə Ermənistanın arxasından bir addım da olsun, geri çəkilməyib.
Ermənistan işğalçılıq siyasətini davam etdirməklə, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi və ermənilərin işğalçılıq siyasətini pisləyən qərarlarına belə əhəmiyyət vermir. Amma çox maraqlıdır ki, Azərbaycan işğal etdiyi torpaqları müharibə yolu ilə qaytaracağını bəyan etdikdə, həm Ermənistan, həm onun havadarları, həm də beynəlxalq təşkilatlar təşvişə düşürlər. Rəsmi Bakını bu istəkdən məkindirməyə cəhdlər göstərirlər. Bu gün Azərbaycan ictimaiyyətində işğal edilən ərazilərimizin müharibə yolu ilə geri qaytarılmasının vacibliyi gündəmdədir. Xalq döyüşə hazır vəziyyətdə Ali Baş komandanın əmrini gözləyir. Azərbaycan ictimaiyyəti düşünür ki, 25 ilə yaxındır ermənilər işğalçılıq siyasətindən əl çəkmirsə, əksinə davam etdirirsə, rəsmi Bakını təhdid edirsə, münaqişənin həlli ilə bağlı danışıqlar masasından qaçırsa, beynəlxaq təşkilatların qərarlarına hörmət etmirsə, o zaman o, layiqli cəzasını almalıdır. Bu cəza isə müharibədən keçir.
Müstəqil araşdırmaçı Şahin Qocayev düşünür ki, tarixdə heç bir torpaq tam olaraq sülhlə qaytarılmayıb:"Artıq 22 ildir münaqişənin sülh yolu ilə həlli istiqamətində dırnaqarası fəaliyyətlər aparılır. Ümumi konteksdə baxarsaq, Azərbaycanın işğal edilmiş əraziləri bütövlükdə istəməsi və Ermənistanın öz işğalçı mövqeyinə haqq qazandırmağa çalışması sülh yolu ilə kompromisə getmək imkanına yer qoymur. Ona görə də atəşkəs vaxt uzadaraq, tərəflərin daha da toparlanması üçün oyundan başqa bir şey deyil. Beynəlxalq təşkilatların yaxından iştirakına nəzər salsaq, vasitəçi missiyası daşıyan ATƏT müharibə və ondan sonrakı dövrdə heç bir ciddi fəaliyyəti ilə yadda qalmayıb. Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət hüququ isə Azərbaycan tərəfinin kompromis qərarıdır. Lakin erməni tərəfi bütövlükdə bununla razılaşmaq istəmir. Nəticədə də Rusiyasız, Qərbsiz bu münaqişənin həlli yoxdur. Yəni onları digərindən ayıraraq, hərəkət edərsək, nəticə etibarı ilə hər iki şəkildə uğursuzluq baş verər. Türkiyənin isə buraya ayrıca daxil edilməsi ümumiyyətlə yersizdir. Türkiyə özü NATO ölkəsi olduğundan Qərbin maraqlarını təmsil edir. Qalır yalnız siyasi müstəvidə əsasən Rusiyanı neytrallaşdırmaq və yaxud Rusiyanın gərgin vəziyyətini gözləyərək müharibəyə başlamaq. Tarixdə heç bir torpaq sülhlə tam qaytarılmayıb. Odur ki, biz istəməsək də, qan töküləcək. Nəzərə alsaq ki, artıq dünya təhlükəsizlik sistemi dağılıb və Azərbaycan Böyük Yaxın Şərq layihəsinin tərkib hissəsidir, o zaman müharibənin daha real olduğunu anlayarıq".
Politoloq Mirsamir Məmmədovun fikrincə, münaqişənin tərəflərinin bir-birindən kəskin fərqlənən mövqeləri münaqişənin sülh yolu ilə həllinə olan inamı azaldır: "Azərbaycan tərəfi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslandığı halda, Ermənistan tərəfi bu prinsipə daban-dabana zidd olan beynəlxalq hüququn digər bir prinsipinə - millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanırlar.
Bu prinsipdən irəli gələn məqsədlərini reallaşdırmaq üçün və ya Azərbaycan tərəfini güzəştə məcbur etmək məqsədilə Dağlıq Qarabağdan əlavə Azərbaycana məxsus 7 rayonu da işğal edib. Ermənistan bütün beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycan torpaqlarına sahib çıxmaq istəyir. Təbii ki, bununla heç cürə barışa bilmərik. Zatən indiki Ermənistan dövləti Azərbaycanın qədim torpaqları üzərində məskunlaşdırılıb. İşğalçı ölkənin prezidentinin sülh yolu ilə danışıqlardan müxtəlif bəhanələrlə qaçması onu deməyə əsas verir ki, Ermənistan işğal etdiyi torpaqları xoşluqla geri qaytarmaq istəmir. İş ondadır ki, münaqişənin sülh yolu ilə həllinə cəlb edilmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti iki səbəbə görə nəticəsiz qalmaqdadır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi də yerinə yetirilmir. Rusiya Ermənistanı silahlandırır, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törədir, təbii sərvətlərimiz talanır, mülki əhalimiz güllələnir və s. Azərbaycan tərəfi bütün vasitələrdən istifadə edir ki, Ermənistan yola gəlsin, xoşluqla torpaqlarımızı geri qaytarsın. Amma rəsmi İrəvan işğalçılıq siyasətindən əl çəkmir. O zaman müharibə variantı qaçılmazdır".
Politoloq onu da bildirib ki, Ermənistan Azərbaycan ordusunun gücünü ötən ilin Aprel döyüşündə gördü: "Lakin çoxsaylı təxribatların sonunda Qarabağda apreldə başlayan döyüşlər Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi" haqqında mifləri darmadağın etdi. Azərbaycan Ordusunun silahlanma baxımından düşməndən xeyli üstün olduğu üzə çıxdı, Azərbaycan əsgərləri və zabitləri isə yüksək bacarıq nümayiş etdirdilər. Azərbaycanın güclü orduya malik olduğu hərbi-siyasi beynəlxalq təşkilatların sorğularında da əksinio tapıb. Ordu quruculuğuna dövlətin qayğısı, büdcədən ayrılan vəsait, yeni silahlların alınması və s. bütün bunların hamısı Ermənistanı və opnun havadarını əndişələndirib. Ona görə də demək istəyirəm ki, Azərbaycan Ermənistanı bir həftəyə yerində oturtmaq gücündədir".
Yeri gəlmişkən, bu yaxınlarda "Atlas" Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ mövzusunda 500 respondent arasında keçirdiyi sorğuda "2017-cı ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi" sualına respondentlərin 92%-i "xeyr", 8%-i "bəli" cavabını verib. Ötənilki sorğuda isə eyni suala respondentlərin 86%-I "xeyr", 14%-i "bəli" cavabını vermişdi.
Mərkəzdən bildirilib ki, bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir: "2016-ci ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur".
Ötən il "2016-cı ildə müharibə başlaya bilərmi" sualına respondentlərin 56 faizi "müharibə mümkündür", 23 faizi "müharibə ehtimalı azdır" cavabını vermiş, 21 faiz isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdi. 1 il sonra keçirilən sorğunun nəticəsinə görə isə cavablardakı nisbət xeyli dəyişib. "2017-cı ildə müharibə başlaya bilərmi" sualına bu dəfə respondentlərin 82% "müharibə mümkündür", 11% "müharibə ehtimalı azdır" cavabını verib. Cəmi 7% suala cavab verməkdə çətinlik çəkib.
"Böyük ehtimalla bir il ərzində cavabda nisbətin dəyişməsi 2016-cı ilin aprelindəki 4 günlük savaşla əlaqəlidir. Digər tərəfdən böyük dövlətlərin il ərzində Ermənistan hakimiyyətinə təzyiq etməməsi amili də müharibə ehtimalının artması cavabına təsir göstərib", - deyə mərkəzdən verilən şərhdə qeyd olunub.
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir imkanlarını necə qiymətləndirirsiniz" sualına respondentlərin cavabları belə olub: "Təsir imkanları böyükdür – 95%", "təsir imkanları yoxdur və ya azdır – 5%".
Cavabdakı fərqin böyük olmasının səbəbini isə belə əsaslandırıblar: "Ermənistanın 2016-cı il ərzində Rusiyadan siyasi və hərbi nöqteyi-nəzərdən asılığının daha da artması ilə bağlıdır. Bu cavab həm də Azərbaycan vətəndaşlarının münaqişənin həllində Rusiyanın kifayət qədər böyük imkanlara malik olduğuna inandığını göstərir".
"Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək" sualına verilən cavablar bunlardır: "Azərbaycan güc tətbiq edəcəyi halda (72%)", "Ermənistan mərhələli həll" planını qəbul edəcəyi halda (16%)" və "Rusiya Ermənistana təzyiq edəcəyi halda (12%)".

Cavid