Rusiya – ABŞ qarşıdurması Minsk qrupu üçün nə vəd edir? Layihə

Rusiya – ABŞ qarşıdurması Minsk qrupu üçün nə vəd edir?

Mübariz Göyüşlü: "Məhz adıçəkilən dövlətlərin yürütdüyü siyasətin nəticəsidir ki, bizim torpaqlar işğaldadır"

Anar Turan: "Gərginləşmə böyüyərsə Azərbaycanın Minsk qrupunun fəaliyyətini qəbul etməməyi daha məqsədəuyğun olar"

Elxan Şahinoğlu: "Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Kremlin Vaşinqtonla dialoqa ehtiyacı yoxdur"


Rusiya ilə ABŞ münasibəti yendidən kəskinləşib. NATO-Rusiya müstəvisində baş verən qarşıdurma müharibə həddinə çatıb. Vəziyyət günü gündən daha da gərginləşir.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib ki, NATO-nun təcavüzkar tədbirlərinə görə Rusiyanın qərbindəki hərbi qüvvələrimizi gücləndiririk: "Qərbli həmkarlarımın bu tədbirləri qlobal təhlükəsizliyə zərbə vurur. Eyni zamanda, ölkələr arasında etibarı zədələyir. Biz də cavab tədbirləri görmək məcburiyyətində qalırıq. Rusiyanın qərbində 30 tabor və bölük hazır vəziyyətə gətirilib. Hərbi birliklərimiz silah-sursatla tam şəkildə təmin olunub".
Qeyd edək ki, Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun həmsədridirlər və Qarabağ probleminin həll iıə bağlı əsas oyunçudurlar. Bu iki dövlət arasındakı münasibətlərin getdikcə kəskinləşməsi, az qala müharibə həddinə çatması onların nəinki Qarabağ, ümumiyyətlə, hansısa problemlə bağlı ortaq məxrəcə gələcəyinə inamı heçə endirir. Özləri müharibəyə can atan bu dövlətlər atəşkəsdən danışırlar.
Bütün bunlardan sonra Minsk qrupunun heç bir anlamı qalmır. Belə olan halda Azərbaycan hansı addımı atmalıdır?
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, ekspert Mübariz Göyüşlü bildirib ki, NATO ilə Rusiya arasında münasibətlər hər zaman gərgin olub: "Bəzən bu gərginlik artıb, bəzən azalıb. Amma heç zaman aradan qalxmayıb. Hər iki tərəf bir-birinə münasibətdə kifayət qədər ehtiyatlı və inamsız yanaşma göstərir. Bəzən birinin, bəzən də digərinin atdığı addımlar qarşı tərəfi qıcıqlandırır və biz zaman-zaman baş verən gərginliklərin şahidi oluruq. Amma mən hər iki tərəfin müharibə edəcəyinə inanmıram. NATO Rusiyanı özünə rəqib və düşmən görsə də, hərbi, siyasi və s. baxımdan çox üstün olsa da belə müharibənin baş verəcəyinə inanmıram. Çünki nə qədər zəifləsə də Rusiyanın da sanballı hərbi potensialı var və açıq hərbi qarşıdurma, müharibə NATO-ya əl verməz. Buna görə də alyans daha çox Rusiyanı bir növ blokadaya almaq, müxtəlif təzyiq metodları ilə zəiflətmək siyatəsinə üstünlük verir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, silahlanma yarışına cəlb etmək Rusiyanı zəiflətmə taktikalarından biri sayıla bilər. Rusiyanın iqtisadi gücü imkan vermir ki, o NATO ölkələri ilə müqayisə olunacaq şəkildə silahlana bilsin. Qarabağ məsələsinə gəldikdə onların dost və ya düşmən olması problemin həllinə heç bir təsir etmir və etməyəcək də. Çünki həm Rusiya, həm də NATO-nun aparıcı dövləti olan ABŞ ermənilərin tərəfini tutur, açıq və ya gizli şəkildə erməniləri dəstəkləyirlər".
Onun sözlərinə görə, məhz adıçəkilən dövlətlərin yürütdüyü siyasətin nəticəsidir ki, bizim torpaqlar işğaldadır və bu günə qədər də azad edə bilmirik: "Əgər onlar ermənilərin tərəfini tutmaqdan əl çəksələr Azərbaycanın hərbi potensialı yetərlidir ki, erməniləri işğal olunmuş torpaqlarımızdan çıxarsın. Onlar Qarabağ məsələsində razılığa gəldikləri budur: Qarabağa müstəqillik verilsin, daha sonra da Ermənistana birləşdirilsin. Konkret olaraq Rusiyaya gəldikdə isə özümüzü heç aldatmayaq. Azərbaycanın indiyə qədər başına gələn bəlaların ən böyük səbəbkarlarından biri də bu dövlətdir. Ermənilər məhz onların dəstəyi ilə bu qədər soyqırım törədə, torpaqlarımızı işğal edə biliblər. ABŞ isə hazırkı situasiyda səmimiyyət göstərmir, açıq və ya gizli şəkildə separatçıları dəstəkləyir. Hesab edirəm ki, Azərbaycan Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, yaxud həmsədr dövlətlərin dəyişdirilməsinə çalışmalıdır. Bu qurum çox mənasız bir işlərlə məşğuldur. Hamı artıq onların bölgəyə gəlişinin "turist səfəri" olduğunu anlayır. Neçə illərdir ki, həmsədrlər mənasız və anlaışlmaz işlərlə "məşğuldurlar". Ona görə də onların fəaliyyətinə xitam verilməsinə çalışmaq lazımdır. Bu qurumun həmsədr ölkələrinin üçü də ermənipərəstdir. Biz zaman-zaman bununla bağlı müxtəlif faktlarla qarşılaşmışıq. Ona görə də Azərbaycan ictimaiyyəti onların ciddi bir iş görəcəyinə inanmır. Fikrimcə "ATƏT-in Minsk qrupu" anlayışı nə qədər tez bir şəkildə ləğv edilərsə bir o qədər yaxşı olar".
Politoloq Anar Turanın fikrincə, Fransanın yeni seçilmiş prezidenti belə bir bəyanat verdi ki, Donald Trampın siyasətini qabaqcadan proqnozlaşdırmaq çətindir: "Ona görə də dünyada onun siyasi gedişləri böğyük narahatlıq doğurur. Nəzərə alsaq ki, Rusiya prezidenti Vladimir Putinin özü də "dikbaş siyasətçi" kimi tanınır, onda geostrateji məsələlərdə bu iki şəxsin möhkəmlənmək uğrunda hansı mübarizə üsulları seçəcəyini qabaqcadan söyləmək olmaz. Lakin düşünürəm ki, qarşıdakı illər kifayət qədər gərgin və eyni zamanda, həyəcanlı keçə bilər. ABŞ prezidentinin Misirə, ardınca Səudiyyə Ərəbistanına səfər etməsi, Qətər böhranının başlaması bütün bunlar adi məsələlər deyil. Hər iki ölkə-ABŞ və Rusiya güclü resurslara malik dövlətlərdir. Və asanlıqla bir-birinə güzəştə gedəcəyi inandırıcı görünmür. Hələ də həll olunmayan Ukrayna böhranını da bura əlavə etsək vəziyyəti indidə təsəvvür etmək mümkündür. Yəni çoxları Trampın gəlməsi ilə ABŞ-Rusiya münasibətlərində bir yenilik, inkişaf olacağını düşünürdüsə indi həmin ekspertlər daha çox susmağa üstünlük verir".
"ATƏT məsələsinə gəldikdə isə, əlbəttə ki, Trampın Azərbaycana 28 may respublika günü və Cənub Qaz Dəhlizi ilə bağlı göndərdiyi son iki məktubda ölkəmizə önəmli partnyor kimi yanaşması, ölkəmizi dəyərləndirməsi sıradan yanaşılması məsələ deyildi", - deyən politoloq vurğulayıb ki, Rusiya ilə normal münasibətlərə malik olmağımız, hətta son ÜAK-ın qeydiyyatının ləğvindən sonra belə pozulmayan münasibətlər onu göstərdi ki, Azərbaycanın hələ də bu iki dövlətin Dağlıq Qarabağ məsələsində yaxından kömək edəcəklərinə inamı var: "Təbii ki, ABŞ-Rusiya münasibətlərində gərginləşmə böyüyərsə Azərbaycanın Minsk qrupunun Qarabağ problemində fəaliyyətini qəbul etməməyi daha məqsədəuyğun olar. Çünki belə olduqda ATƏT qalarsa onda Azərbaycan mövqe göstərmək, seçim etmək məcburiyyətində qala bilər. Konkret mövqe göstərib tərəf olmaqdansa onsuzda illərdir fəaliyyəti sual altında olan ATƏT-in "kömək əlini" geri çevirmək daha siyasi cəhətdən ayıq qərar olardı deyə düşünürəm".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə məsələni başqa prizmadan dəyərləndirib. O bildirib ki, ötən həftə Bakıda keçirilən konfransda ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Metyu Brayza da iştirak edirdi: "Metyu Brayza dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətini bütün beynəlxalq vasitəçilər anlayır. Buna baxmayaraq, bu məqsədlə Ermənistan hakimiyyətinə təzyiq etmirlər. Metyu Brayza da həmsədr işlədiyi dövrdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini Ermənistan hakimiyyətinə izah etmədi. Metyu Brayza Bakıdakı konfransda bir başqa fikir də işlətdi: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-la Rusiya arasında razılığın əldə olunması vacibdir. Bu razılıq olmadan münaqişəni həll etmək mümkün olmayacaq".
Brayzanın bu fikri mübahisə doğurur.
Birincisi, son illər ABŞ-ın Azərbaycana və Ermənistana təsir imkanları azalıb. Azərbaycanın ABŞ-dan nə siyasi, nə də maliyyə asılılığı var. Donald Tramp administrasiyası Ermənistana da maliyyə yardımını azaldıb.
Ikincisi, Barak Obama prezident olduğu 8 ildə onun administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədilər. Bu Metyu Brayzanın həmsədr olduğu illərə təsadüf etdi. Donald Tramp administrasiyasının da Cənubi Qafqazdakı hadisələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur".
Onun sözlərinə görə, Azərbaycana və Ermənistana Rusiyanın təsir imkanları böyükdür: "Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Kremlin Vaşinqtonla dialoqa ehtiyacı yoxdur. Tam əksinə, Vaşinqton nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərsə belə, Rusiya bu prosesə mane göstərə bilər. Digər tərəfdən ABŞ-la Rusiya arasında bir çox mövzu (Ukrayna, Suriya, İran və digərləri) ətrafında fikir ayrılığı var. Belə şəraitdə ABŞ-ın Rusiya ilə Qarabağ məsələsində razılaşacağı mümkün deyil.
Bu arada, Rusiyanın tanınmış siyasətçisi, millətçi fikirlərin ilə tanınan Vladimir Jirinovski Rusiyanın televiziya kanallarının birində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Jurnalist soruşdu ki, "güclənən Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Rusiya nə edəcək, kimin tərifini tutacaq?" Jirinvoski bir neçə dəfə təkrarladığı fikri söylədir: "Bu halda Dağlıq Qarabağda Rusiya bayrağı sancılmalı və Rusiya qoşunları bölgədə yerləşdirilməlidir ki, Azərbaycan və Ermənistan heç nə edə bilməsinlər".
Jirinovski Kreml rəsmilərinin düşüncələrini dilə gətirir. 10 il bundan əvvəl heç kim Rusiyanın Krımı işğal edəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq o illərdə məhz Jirinovski bunun baş verəcəyini bildirirdi. Demək, Jirinovskinin sözlərini ciddi qəbul etmək lazımdır.
Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistana sərf edir. Azərbaycan isə sərf etmir. Dağlıq Qarabağ vaxtilə orada məhz SSRİ, sonra isə Rusiya qoşunlarının dəstəyi ilə işğal edildi. Dağlıq Qarabağdakı erməni separatçılarına silahları və hərbi texnikanı məhz oradakı Rusiya hərbi birləşmələri verdilər. 1992-ci ildə Xocalı qətliamının həyata keçirilməsində və planlanmasında da Rusiya birlikləri iştirak etdi. Ona görə də Jirinovskinin dediyi kimi Rusiya ordusunun yenidən Dağlıq Qarabağa qayıdışı işğalına rəsmiləşdirilməsi demək olacaq. Buna görə də rəsmi Bakı uzun illərdir Rusiyanın "sülhməramlı qüvvələr" ası altında Dağlıq Qarabağda yerləşdirilməsi təklifinə razılaşmır".

Əli