Toğrul Əliyev: Kredit bürolarının müasir maliyyə sistemində strateji rolu sürətlə artır İqtisadiyyat

Toğrul Əliyev: Kredit bürolarının müasir maliyyə sistemində strateji rolu sürətlə artır

Kredit bürolarının müasir maliyyə sistemində strateji rolu sürətlə artır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı”nda çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev deyib.

Onun sözlərinə görə, kredit büroları artıq yalnız skorinq funksiyasından kənara çıxaraq makroprudensial nəzarət, maliyyə sabitliyinin təminatı və məsuliyyətli kreditləşmədə əsas alətə çevrilib. Əliyev qeyd edib ki, bu qurumlar IFRS 9, Basel III kimi beynəlxalq çərçivələr daxilində risk modellərinin hazırlanması, stress-testlər və qərarların daha düzgün verilməsi baxımından da önəmli rol oynayır.
Mərkəzi Bank rəsmisi əlavə edib ki, müasir dövrdə kredit büroları qeyri-ənənəvi məlumat mənbələrini (elektron ticarət davranışları, icarə və kommunal ödənişlər və s.) sistemlərinə daxil etməklə maliyyə inklüzivliyini genişləndirir, şəxsiyyətin rəqəmsal identifikasiyası və müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsində də funksional imkanlar yaradır.

Toğrul Əliyev həmçinin qeyd edib ki, süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi daha dəqiq kredit proqnozlarının verilməsinə, risklərin detallı seqmentləşdirilməsinə və qeyri-standart məlumatların modelləşdirilməsinə şərait yaradır. Bununla belə, algoritm şəffaflığı və model risklərinin idarə olunması sahəsində çağırışlara da diqqət yetirilməlidir.