

Cephalagia jurnalı: yuxusuzluq migren tutmalarını tezləşdirir
Norveç Elmlər və Texnologiyalar Universitetinin (NTNU) alimləri müəyyən ediblər ki, az yatan insanlarda migren simptomları daha güclü və daha tez-tez baş verir. Tədqiqatın nəticələri Cephalagia jurnalında dərc olunub.
Xalqcebhesi.az xəbər verir ki, alimlərin sözlərinə görə, Norveç əhalisinin təxminən 15%-i migren xəstəliyindən əziyyət çəkir ki, bu da dünya üzrə orta göstəriciyə uyğundur. Migren güclü, zonklayıcı baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıqla müşayiət olunur.
Tədqiqat müəlliflərindən biri, NTNU-nun həkimi və elmi işçisi Petter Mo Omland bildirib ki, yuxu pozuntuları migren tutmalarının əsas səbəblərindən biridir.
“Yaxşı məlumdur ki, yuxu migren zamanı ağrını azalda bilər. Eyni zamanda, migren tutmaları tez-tez pis keçən bir gecədən sonra başlayır”, - deyə alim qeyd edib.
Niyə bu cür baş verdiyini anlamaq üçün alimlər 140 nəfərin iştirakı ilə “ikiqat kor” (double-blind) tədqiqat aparıblar. İştirakçıların yarısı migren xəstəsi olub, digər yarısı isə nəzarət (sağlam) qrupunu təşkil edib. Hər bir iştirakçı iki dəfə - normal yuxudan sonra və iki gecə az yatdıqdan sonra müayinə olunub.
Onlar gündəlik qeydlər aparıb və yuxu müddətini izləyən cihazlar taxıblar. Həmçinin, test zamanı beyin fəaliyyətini qeyd edən EEG papaqları geyiniblər.
Eksperiment zamanı iştirakçılara lazer və elektrik stimulasiya ilə ağrı verilib və eyni anda beyin qabığının reaksiyası qiymətləndirilib. Məlum olub ki, migren xəstələrində yuxusuzluqdan sonra beyin ağrı siqnallarını fərqli şəkildə emal edir. Normalda ağrını yatıran neyron sistemlərin fəaliyyəti pozulur və nəticədə ağrıya qarşı həssaslıq artır.
Omland bunu belə izah edir: “Bu insanlarda ağrını yatıran mexanizmlər sağlam insanlara nisbətən daha zəif işləyir. Buna görə də ağrı azalmalı olduğu kimi azalmır.”
Tədqiqatın nəticələri sübut edir ki, keyfiyyətli və kifayət qədər yuxu migrenin qarşısının alınmasında və simptomların yüngülləşdirilməsində əsas amillərdən biridir.
Bundan əvvəl alimlər migren zamanı işığa həssaslıq yaradan molekul da aşkar etmişdilər.
Məryəm Quliyeva