

Fuad Əliyev: “Qarabağ və Şərqi Zəngəzur tez bir zamanda bütün dünyanın diqqət mərkəzində olacaq”
«Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır»
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilən hissəsi və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesi sürətlə davam edir. Böyük Qayıdış layihəsinə dağılan şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir ki, proses hər il mərhələli şəkildə həyata keçirilir.
Xatırladaq ki, 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun 6 şəhərində (Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl) və 13 kəndində azərbaycanlıların məskunlaşdırılması ilkin olaraq təmin edilibr. Cəbrayılın Cocuq Mərcanlı kəndi Aprel döyüşlərindən sonra Zəngilanın Ağalı kəndi isə işğaldan sonra azərbaycanlıların məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılmasının başlaması təmin edilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında Sərəncam imzalayıb
Bu ayda da köç karvanları işğaldan azad edilən torpaqlarımıza yola salınıb. Beləki mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Evlərin açarları sakinlərə təhvil verilib.Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb. Onlara da mənzillərin açarları təqdim edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb.
Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xocalı rayonu Təzəbinə kəndinə köçürülən sakin Sadiq Nurməmmədov deyib ki,keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması şəhidlərin qanı bahasına başa gəlib. S.Nurməmmədov qeyd edib ki, çox qürurlu və sevincli bir hisslər yaşayır: “Bu gün bu sevincli anları bizə yaşadan, başda Ali Baş Komandan olmaqla hər bir kəsə dərin təşəkkürümüzü ifadə edir, bu yolda canından keçən şəhidlərimizi hörmətlə anırıq. Mən bir Xocalı sakini kimi, şəhid analarının əllərindən öpürəm. Şəhidlərimizin ruhundan halallıq istəyirəm. Çünki, onların qanı bahasına biz bu torpaqlarda yaşayırıq. Bu günlərimizi və gələcəyimizi onlara borcluyuq".
Keçmiş məcburi köçkün Gündüz Qəhrəmanov isə deyib ki, doğma yurduma qovuşacağım günü səbirsizliklə gözləyirdim.
Onun sözlərinə görə, dövlətin diqqəti və qayğısı hər yerdə hiss olunur:“İşğaldan azad edilən toprpaqlarımız yenidən qurulur, inkişaf edir. Bizə doğma yurda qayıdış sevincini yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Siyasi ekspert Fuad Əliyuev mövzu ilə bağlı deyib ki, Prezident İlham Əliyevin Böyük Qayıdış proqramına uyğun tapşırıqları layiqincə yerinə yetirilir. Hər ay demək olar ki, soydaşlarımız dədə-baba torpaqlarına daimi məskunlaşmaq üçün qayıdırlar. Tez bir zaman kəsiyində işğal edilən torpaqlarımızda quruculuq, yenidənqurma və bərpa işlərinin aparılması Azərbaycanın iqtisadi gücünün göstəricisidir: “Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən 2023-cü il Zəngilanın Ağalı kəndi "Böyük Qayıdış"ın ilk müjdəsi idisə, ötən il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Qarabağ və Şərqi Zəngəzur ildən ilə inkişaf edir, gözəlləşir, sözün əsl mənasında cənnətməkana çevrilib. Bu bölgə tez bir zamanda bütün dünyanın diqqət mərkəzində olacaq, turizmin mərkəzi bölgələrinin birinə çevriləcək”.
Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1552,4 milyon manat istifadə olunub.
Qeyd edilib ki, həmin vəsaitin 1353,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1058,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon manat, Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat və işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182,0 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
Cavid