Bakıda doğulan erməni rusiyalı general Kirillovun qətlində şübhəli bilinir Dünya

Bakıda doğulan erməni rusiyalı general Kirillovun qətlində şübhəli bilinir

Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun qətli ilə bağlı iş üzrə yeni şübhəli saxlanılıb.

APA-nın Moskva bürosu TASS-a istinadən xəbər verir ki, onun Bakıda doğulmuş, hazırda Rusiya vətəndaşı olan erməni olduğu məlum olub.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin iki hərbçisi - İqor Kirillov və İlya Polikarpovun naməlum tipli partlayıcı qurğunun işə salınması nəticəsində qətlə yetirilməsi faktı üzrə cinayət işi açılıb.

“Cinayəti törətməkdə şübhəli bilinən Robert Səfəryan saxlanılıb”, - iş materiallarında deyilir. Orada həmin şəxsin Bakıda doğulduğu, lakin hazırda Rusiya vətəndaşlığının olduğu qeyd edilib.

Səfəryan terror aktında, habelə partlayıcı maddələrin qeyri-qanuni hazırlanmasında və qanunsuz satışında ittiham olunur. Hazırda o, məhkəmənin qərarı ilə həbsdədir.

Qeyd edək ki, Axmadjon Kurbonov, Ramazan Padiev və Batuxan Toçiyev generalın qətli ilə bağlı həbs ediliblər. Hər üç şəxs terror aktları maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) ittiham olunur.

Xatırladaq ki, general 2024-cü il dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində qətlə yetirilib. İstintaqa görə, yaşayış binasının girişində qalan elektrik skuterinə əldəqayırma partlayıcı qurğu qoyulub. Terror aktı nəticəsində general-leytenant Kirillov və köməkçisi öldürülüb. Kurbonovun sözlərinə görə, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən “verbovka” edilib və ona 100 min dollar pul mükafatı və Aİ ölkələrindən birində yaşamaq vəd olunub. İstintaqın məlumatına görə, Padiev və Toçiyev Kurbonov üçün kirayə mənzil təşkil edib və kuratorundan ona pul köçürüblər.