İnformasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir Layihə

İnformasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir

Müvafiq qanunun qəbulu mövcud boşluqların qarşısını ala bilər

Son vaxtlar ölkənin informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər müşahidə olunmaqdadır. Xüsusən, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar qeyri-dəqiq məlumatların yayılması adı hal alıb. Cəbhə bölgəsində baş verən hadisələr barədə qeyri-dəqiq, ölçülüb-biçilməmiş informasiyaların yayılması, eləcə də dövlət sirri hesab olunan məlumatların sosial şəbəkələrdə yer alması ciddi narahatçılıq doğurur.
Kütləvi informasiya vasitələrində belə məlumatların yayılması informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımların atılmasını zəruri edir. Qeyd edək ki, informasiyanın mühafizəsi, informasiya təhlükəsizliyi - informasiyanın toplanması, saxlanması, yenidən işlənməsi, ötürülməsi və yayılması prosesində, həmçinin siyasi, sosial-iqtisadi, müdafiə, mədəni və digər fəaliyyət sahələri obyektlərinin informasiya təhlükəsizliyinin xarici və daxili oğurluqdan, informasiyanın dağıdılmasından və ya modifikasiyası təhlükəsindən qorunmasının təmini, informasiyanın işlənib hazırlanması, təkmilləşdirilməsi və müxtəlif növ üsulların və müdafiə vasitələrinin tətbiqi problemləri ilə məşğul olan ixtisasdır.
Xalq təsərrüfatı üçün elmi və texniki problemlərinin həllində bu ixtisasın yeni informasiyaların işlənib hazırlanmasında, informasiyanın mövcud mühafizə üsulları və vasitələrinin təkmilləşdirilməsində və informasiya təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti böyükdür.
Millət vəkili Sahib Alıyev hesab edir ki, Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanunun qəbuluna ehtiyac var: "Düzdür, ölkədə "Kütləvi İnformasi Vasitələri haqqında", "Dövlət sirrinin qorunması haqqında" qanunlar var. Bu qanunlar dövlətin təhlükəsizliyi, eləcə də informasiya təhlükəsizliyi ilə bağlı bəzi məsələləri tənzimləyir. Amma son dövrün olayları göstərir ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca bir qanunun qəbuluna ciddi ehtiyac var".
Onun sözlərinə görə, belə bir qanunun qəbulu bəzi çatışmazlıqları aradan qaldıra bilər: "Son vaxtlar ekstremizm, terrorçuluq, gənclərimizin gedib başqa ölkələrdə vuruşması ilə bağlı çoxlu sayda məlumatlar yayılır. Bəllidir ki, ölkdə radikalizmi təbliğ edən məscidlərə nəzarət edilir, zərərli dini ədəbiyyatların ölkəyə gətirilməsinin qarşısı alınır. Amma nəzərə almaq lazımdır ki, internetdə virtual camiələr, məscidlər var. Maraqlı qüvvələr istər-istəməz bundan istifadə edirlər, radikalizmi təbliğ edirlər. Təbii ki, bu məsələlər qanunvericilik baxımından öz həllinin tapmalıdır. O da faktdır ki, bu məsələdə qanunvericiliklə yanaşı, peşəkarlıq məsələsi də ön planda olmalıdır. Xüsusən, Qarabağla bağlı yayılan məlumatların yayımında bir sıra amillər nəzərə alınmalıdır. Hazırda atəşkəsin kimlər tərəfindən, hansı məqsədlər üçün pozulduğu, kimin kimə necə yardım etməsi hər kəsə bəllidir. Bəzən Gürcüstandakı savaşa aid kadrları və şəkilləri Azərbaycanın Ermənistan ərazisini artilleriya atəşinə tutması kimi verirlər və bizim bütün sosial şəbəkələr, əksər internet saytları da fərqinə varmadan onu yayır. Təbii ki, belə halların qarşısını qanunvericiliklə almaq qeyri-mümkündür, bu peşəkarlıq məsələsidir. Çox təəssüf ki, peşəkarlıq məsələsində də çoxlu axsamalar var. Bu halda informasiya təhlükəsizliyi haqqında qanunun qəbulu mövcud boşluqların qarşısını ala bilər. Millət vəkili Fərəc Quliyevin sözlərinə görə, bəzən mətbuatda hansısa məsələ yayılır, ancaq sonradan bəlli olur ki, heç dövlətin o məsələdən xəbəri yoxdur: "KİV-in Qarabağla bağlı yazılarına fikir verəndə bəlli olur ki, cəfəngiyat, absurd məsələlərə toxunulur. Bir gün ermənini göstərirlər ki, döyüldü, sabah təkzib edirlər ki, döyülmədi. Bu isə o deməkdir ki, dövləti əhəmiyyətli məsələlərdə vahid xətt müəyyənləşməyib. Amma bizdən fərqli olaraq erməni saytları mərkəzləşmiş şəkildə Ermənistan dövlətinin istəyi ilə bağlı eyni addımı ata bilirlər. Bizdə də iqtidar, yaxud müxalifət yönümlü olmasından asılı olmayaraq KİV-in Qarabağla bağlı vahid bir mövqedən çıxış etməcini təmin etmək üçün mütləq lazımi tədbirlər görülməlidir".
Onu da əlvvə edək ki, informasiya təhlükəsizliyi geniş anlayışdır. Bura kibercinayətkarlıq və digər faktorlar da daxildir.
Ekspert Cahid İsmayıloğlu deyir ki, internet mühiti hər kəs üçün daha təhlükəsiz olmalıdır. O, həmçinin əlavə edib ki, hər keçən gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır: "İnformasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Hazırda müasir cəmiyyət tədricən bundan asılı vəziyyətə düşüb. Buna görə də informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir.
Kibercinayət informasiya sisteminin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenədə informasiya texnologiyalarıdan istifadə edilərək həyata keçirilən cinayətlərdir. Kibercinayət əsasən kompüter və internetə bağlı işlənən cinayətlər hesab edilir. Başqa bir cinayəti kompüter və internet texnologiyalarından istifadə edərək reallaşdırmaq da mümkündür. Ancaq bu kibercinayət hesab edilməz.
Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqazidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir. Məsələn, bir sistemə daxil olaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibecinayət faktlarıdır".
O, həmçinin əlavə edib ki, qısaca "hakinq" kimi deyilən bu əməl informasiya sisteminə icazə olmadan daxil olmaq kimi başa düşülə bilər: "Hər hansı bir informasiya sisteminə hüquqa zidd olaraq, sahibindən xəbərsiz, razılığı olmadan daxil olmaq bir kibercinayət hadisəsidir və bu əməl bir çox ölkələrdə olduğu kimi bizim ölkəmizdə də kibercinayət hadisəsi hesab edilir. Kibercinayət ümumi bir cinayət hadisəsi olmaqla bərabər bir çox insan haqlarına zidd, şəxsi həyata müdaxilə və başqa cinayətləri də özündə doğura bilir.
İcazəsiz və hüquqa zidd olaraq informasiya sisteminə daxil olduqdan sonra, yad informasiyaların bazaya yüklənməsi, silinməsi, dəyişdirilməsi, şifrələnməsi, oğurlanması, sistemə girişin əngəllənməsi informasiya bazalarının məruz qaldığı cinayət faktıdır. Bir sistemə daxil olmağın əngəllənməsini təmin etmək üçün həyata keçirilən əməldir. Əvvəlcədən zərərli proqram təminatı yüklənərək ələ keçirilmiş və BOT olaraq adlandırılan kompüterlərə əmr verərək istənilən veb sayta qısa bir vaxt ərzində çox sayda müraciət göndərərək başqa istifadəçilərin sayta daxil olmasını əngəlləmək məqsədi ilə həyata keçirilən hücumlardır. Məsəl üçün desək, 10 adamın keçə biləcəyi bir qapıya, 10.000 adamın eyni anda toplaşması kimi başa düşülə bilər. Xarici təcrübədə bu fakt biznes maraqlarına xidmət edən hücumlar sırasındadır. Ölkəmizdə isə əsasən xəbər portallarına qarşı təşkil edilən hücumlar bu xassədəndir. Eyni zamanda ölkəmizə qarşı siyasi və terror fəaliyyətlərinə xidmət edən kiberhücumlar da bu xassəlidir.
Uşaq istismarı və uşaq pornoqrafiyasının istehsalı
da dünyada geniş yayılmış kibercinayət növüdür. Ölkəmizdə belə fakrlara çox nadir hallarda rast gəlirik. Uşaqların cinsi istismarı, yetkinlik yaşına çatmamış uşaqlara qarşı həyata keçirilən hər cür cinsi davranışların təbliği, yayımı bu kibercinayət növünün əsas motividir. Yetkinlik yaşına çatmamış uşaqların və ya yetkinlik yaşını tamamlamış əqli cəhətdən inkişafdan dayanmış şəxslərin cinsi xarakterli görüntülərinin qeydə alınması, saxlanması, nümayiş etdirilməsi bir kibercinayət faktidir. Bu kiberciyanət növü dünyada çox kəskin mübarizə aparılan və ən həssas şəkildə təqib edilən, ağıq cəzalar tətbiq edilən kibercinayət növüdür".
İnternet vasitəsi ilə müxtəlif yollarla bank kartlarının məlumatlarının oğurlanaraq və ya insanların aldadılaraq bank kartından ödəmələrin edilməsini təmin edən fırıldaqçılıq faktları da kiberciyanət faktıdır. Xüsusilə email və ya sosial şəbəkələrdən sizinlə əlaqəyə girərək müxtəlif bəhanə və aldadıcı yollarla bank kartınızın məlumatların sizdən istəyərək, saxta veb saytlar vasitəsi ilə (otel rezervasia xidməti məsələn) bank kartınızın öz əlinizlə daxil etdiyiniz məlumatılarının oğurlanması, ələ keçirilməsi və kartda olan vəsaitin boşaldılması vətəndaşlar tərəfindən diqqətdə saxlanılası kibercinayət faktıdır. Oğru, "şpion" viruslar isə əsasən bir növ zərərli proqram təminatlarının sistemə və ya sistemlər arasındakı trafik içinə sızdırılaraq informasiyaların sahibinin icazəsi olmadan ələ keçirilməsi də bu faktlardan hesab edilir.

Əli