“İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında“ qanun lazımdırmı? Layihə

“İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında“ qanun lazımdırmı?

Vəli Əkbər: "Son zaman ölkədə baş verən intiharlar bu qanunu qəbul etməyə şərait yaradıb"
Ələsgər Məmmədli: "Problemin öhdəsindən ancaq maarifləndirmə yolu ilə gəlmək olar"

Azərbaycanda "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında" qanun layihəsinin hazırlanması üzərində iş gedir. Bu barədə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda informasiya-psixoloji təhlükəsizliklə bağlı qanunun qəbulu çox önəmlidir: "Hazırda biz bunun üzərində çalışırıq. İndi demək olar ki, dünyanın əksər ölkələri informasiya və psixologiya təhlükəsizliyi ilə bağlı qanun qəbul ediblər. Rusiyada isə bu qanun federal səviyyədə artıq qəbul edilmək üzrədir. Milli Məclis tərəfindən də belə bir qanunun qəbul edilməsi vacibdir. Bu qanun həm bütün media məkanını, həm də virtual informasiya məkanı olan interneti nəzarətdə saxlayacaq. Hərçənd, bu nəzarəti tam formada həyata keçirmək qeyri-mümkündür".
Millət vəkili hesab edir ki, bu gün bir sıra Azərbaycan gənclərinin radikal dini qruplaşmalara qoşulması, aldadılaraq Suriyadakı hərbi münaqişələrə cəlb olunması onlara ötürülən yanlış informasiyaların təsiri altına düşmələrinin nəticəsidir.
Rəbiyyət Aslanova xatırladıb ki, Milli Məclisin son plenar iclasında digər deputatlar da bəzi internet saytlarında insanların Suriyadakı döyüşlərə cəlb edilməsinə çağırış edildiyi, oraya muzdlu əsgərlər göndərilməsini təşkil edildiyi barədə məlumat veriblər.
Millət vəkilinin fikrincə, mütləq qeyd edilən bu halların qarşısını almaq lazımdır. İlk baxışdan çox sadə görünsə də, əslində bir saytın bağlanması çox çətin və uzun sürən prosesdir. Buna baxmayaraq, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan da bu istiqamətdə addım atmalıdır: "Ötürülən hər bir informasiyanın əsl mahiyyətini, məzmununu sonadək dərk edərək ona qarşı güclü milli-mənəvi müqavimət qüvvəsi formalaşsa, fərdə, cəmiyyətə, dövlətə qarşı yönələn hər bir təhdidin qarşısı alınacaq. Bu gün Azərbaycana qarşı müxtəlif yerlərdən təhdidlər yönəlir. Hər bir kəs bilməlidir ki, dövlət sərhədlərimizin qorunması ilə yanaşı, mənəviyyatımızın sərhədlərinin qorunması, milli dəyərlərimizin də qorunması bizim üçün çox önəmlidir. Biz kosmopolit insanlar ola bilmərik. Çünki kosmopolitizm artıq dövlətimizin məhvinə aparan, milli suverenliyimizi virtual gerçəkliyə çevirən bir məqamdır. Ona görə də inanıram ki, belə bir qanunun qəbul edilməsi çox önəmli olacaq".
Qeyd edək ki, son zamanlar bir sıra dini radikal qruplaşmaların fəallaşdığı, Azərbaycanı terrorla təhdid etdiyi, sələfi, vəhhabi, xəvaric və təkfirçi kimi cərəyanların din pərdəsi altında ölkədə apardığı təbliğat nəticəsində gənclərin yanlış yollara düşdüyü, hətta xarici ölkələrdə, eləcə də Suriyada silahlı münaqişələrə cəlb edildiyi bildirilir. Bundan əlavə, yerli kütləvi informasiya vasitələrində kriminal, əxlaqsızlıq, neqativ yüklü, eləcə də insanlara psixi təsiri edərək onların aldadılmasına yönəlmiş yazı, foto və videomaterialların yer almasından ciddi narahatlıq ifadə olunur.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, "İnformasiya psixoloji təhlükəsizliyi haqqında" qanun layihəsinin mahiyyəti, prinsipləri, obyekti və subyekti ilə bağlı yetərli açıqlamalar verilməyib. Düşünürəm ki, bu da onların heç bu qanun layihəsi haqqında yetərli məlumatlı olmaları ilə bağlıdır və qaranlıq məqamlar da buradan doğur: "Uzun illərdir bu sahədə fəaliyyət göstərən bir təşkilat kimi deyə bilərəm ki, normal demokratik ölkələrdə onların qeyd etdiyi yönümlü hansısa qanuna rast gəlməmişəm. Amma internetin ekonomikası, internetin müəyyən təhlükəsizliyi, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə ilə bağlı qanunlar olar. Amma birbaşa psixoloji təhlükəsizliklə bağlı bir şey eşitməmişəm. Digər ölkələrdə Belarus, Çin, Türkiyə, Rusiya da internetin məhdudlaşdırılmasına yönəlik qanunlar var. Amma bu demokratik ölkələrə aid deyil. Məsələn, Türkiyə və Rusiya qəbul edib ki, məhkəmənin qərarı olmadan da hansısa saytları bağlamaq olar. Hesab edirəm ki, bu da Azərbaycana şərəf gətirəsi bir şey deyil. Azərbaycan demokratik inkişaf xətti götürən ölkədir və belə məsələlər hüquqi müstəvidə həll olunmalıdır".
Tanınmış jurnalist Vəli Əkbər diqqətə çatdırıb ki, son zaman ölkədə baş verən intiharlar bu qanunu qəbul etməyə şərait yaradıb: "Çünki mediada gedən məsuliyyətziz yazarların yazıları intihar hallarının artmasına rəvac verib fikrindəyəm. Bu haqda bir çox ölkələrdə qanun olmasa da psixoloji tarazlığı qoruyan inistitut və qurumlar var ki reablitasiya ilə məşğuldular. Amma Azərbaycan bir gənc dövlət kimi institutsional imkanlardan məhrumdur. Açığı bu təfəkkürlə nə zamna yaranacağı da bəlli deyil. Mən xaraktercə yasaqların tərəfində olmasam da vəziyyət bəzən radikal qərarlar qəbul etməyə sövq etdirir. İndi durub bu boyda vətənsizlik, dövlətsizlik, insansızlıq halına ürcah jurnalist ordusu ilə necə mübarizə aparasan? Məyusam halımıza. Hər iki mənada, həm savadsızlığımzdan, həm də yasaqlardan dolayı".
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli problemin həlli üçün mövcud qanunvericiliyin yetərli olduğunu və yeni bir qanuna ehtiyac duyulmadığını deyir: "Söhbət hansısa internet resurslarının kiber hücumlardan qorunması, bununla bağlı boşluqların doldurulması və dövlət qurumlarının öz üzərinə məsuliyyət götürməsindən gedirsə, onsuz da bu barədə kifayət qədər normativ aktlar var. Bu baxımdan qanunvericilikdə hər hansı boşluq yoxdur. Əgər söhbət hər hansı informasiyanı blokadaya almaq və bununla bağlı cəza kəsməkdən gedirsə, bu, artıq informasiya təhlükəsizliyi kateqoriyasından çıxır və informasiya alınmasının məhdudlaşdırılması məsələsi gündəmə gəlir.
Azərbaycan qanunvericiliyində də, dünya praktikasında da informasiyalar sinifləndirilir: açıq informasiyalar, qapalı informasiyalar. Açıq informasiyalar birmənalı olaraq heç bir məhdudiyyət qoyulmayan məlumatlardır. Qapalılar isə özlüyündə bir neçə növə bölünür: istifadə üçün, dövlət sirləri, xüsusi konfidensial məlumatlar və sairə. Bizdə qapalı informasiyalar qanunla müəyyən olunmuş çərçivədə mövcuddur. Dövlət, şəxsi həyat, istintaq sirləri onsuz da qanunla qorunur. Burda informasiya təhlükəsizliyi ilə bağlı problem yoxdur".
Ekspert mətbuatda yayımlanan informasiyaların cəmiyyətin psixoloji durumuna mənfi təsirindən dolayı məhdudlaşdırmanın da əleyhinədir: "İnformasiyanın mahiyyəti ilə bağlı detallara varmaqla, hansısa informasiya insanlarda ruh düşkünlüyü yaradır, əhvalı pozur deyə qanun qəbul etmək mümkün deyil. Çünki bu halda hüquqi mənafe ilə informasiyanın açıq olması dəyəri arasında balans pozulur.
Normal qaydada bu, yalnız qanunla müəyyən olunmuş çərçivədə və həddi aşmamaq şərti ilə həyata keçirilir. Bu zaman hansısa mənafeyi qorumaq şərti irəli sürülür, həmin şərtlər də qanunda öz əksini tapıb. İnsanların şərəf və ləyaqətinin, yaxud dövlətin mənafeyinin qorunması və sairə... İndiki təklifdə yeni bir mənafe yaratmaq mümkün olmayacaq, çünki qanun bütün mənafeləri nəzərə alıb.
Belə olan halda informasiya təhlükəsizliyi adı altında məlumatları pis və ya yaxşı, neqativ və ya pozitiv deyə ayıraraq, onları ayırd edib sonra cəmiyyətə ötürmək toplumu informasiya təminatlılığından məhrum edər. Burada beynəlxalq hüquq normalarını və prinsipləri də nəzərə almaq lazımdır. Xəbər xəbərdir, kiminsə əhvalını poza da bilər, yüksəldə də. Əgər bir hadisənin xəbər dəyəri varsa və media hesab edirsə ki, cəmiyyətə çatdırılmalıdır, ona məhdudiyyət qoymaq olmaz".
Hüquqşünasın sözlərinə görə, narahatlıq doğuran problemlərin həlli üçün başqa variantlar var: "Müharibə təbliğatı, zorakılığa, irqi, dini ayrı-seçkiliyə çağırış onsuz da qadağandır. Yəni mövcud qanun onsuz da bu tipli məqamlara icazə vermir, bu barədə qanunda elə bir boşluq yoxdur, deyək ki, bu boşluğu doldururuq.
Əgər söhbət Suriyada gedən döyüşlərdə azərbaycanlıların iştirakına maneə yaratmaqdan gedirsə, bütün demokratik ölkələr Suriyada müharibənin dayanmasını istəyir. Burda problem yoxdur. Hesab eləmirəm ki, informasiya əldə edilməsinin qarşısını almaqla Suriyaya azərbaycanlı axınının da qarşısı alınacaq. Bu, qırmızı xətdir və buna görə də qanunvericilikdə konkret məsuliyyətlər var.
Düzdür, intihar xəbərləri də çox yayılır və insanlar bunun təsiri ilə intihara sürüklənir. Dünyanın hər yerində belə bir problem var. Bunun öhdəsindən ancaq maarifləndirmə yolu ilə, həyatın daha dəyərli olduğunu aşılamaqla gəlmək olar. Həmçinin cəmiyyətə psixoloji dəstək vacibdir. Bu mənada informasiyanı bloklamaq doğru addım deyil".
"Yeni Nəsil Jurnalistlər Birliyi"nin sədri Arif Əliyev bildirdi ki, yeni qəbul olunacaq qanun layihəsindən xəbəri yoxdur. O, qeyd etdi ki, adətən belə qəribə qanun layihələri haqqında məlumat olmur: "İstər intihar hallarının mediada işıqlandırılması, istərsə də digər həssas mövzulara yanaşma olsun, bu məsələlərə qanun çərçivəsində münasibətlər bildirilir. Amma mediada psixoloji təhlükəsizlik haqqında ayrıca qanun tərtib etmək absuddur. Məncə, insanların intihar etmələri və ya kimlərinsə Suriyaya yollanmalarının günahını sırf mətbuatın üzərinə atmaq olmaz. Sadəcə, müəyyən normalar var ki, xüsusi hallarda istər intihar halları olsun, istərsə də azyaşlıların zorlanması hallarında insanlara, onların yaxınlarına əlavə psixoloji zərbə vurmamaq üçün informasiyaların verilməsi qaydaları müəyyənləşdirilir. Bunlar da qanunlarda yox, kodekslərdə öz əksini tapır".
Arif Əliyev hesab edir ki, bu kimi məsələlərin ayrıca bir qanun çərçivəsində nizamlanması çətin məsələdir. Onun fikrincə bu, heç də yeni bir şey deyil və Qərb mətbuatının, dünya mətbuatının gündəmində olan məsələlərdir. Dünya təcrübəsində bu kimi məsələlər qanunlar yox, daha çox kodekslər çərçivəsində tənzimlənir.

Əli