
Politoloq: “Onun kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa, heç nəyə xidmət etmir”
Bir müddət əvvəl “Qarabağ Ermənistandır” açıqlaması ilə öz işğalçı mövqeyini nümayiş etdirən Ermənistan Baş naziri Nikol Paşinyan yenidən bu separatçı fikirlərinə istinad edib. İşğalçı ölkənin hökumət başçısı növbəti dəfə öz mövqeyindən geri çəkilmədiyini bildirib.
Paşinyan açıqlamasında Ermənistan və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki separatçı rejimin “suverenliyinin” İrəvan üçün ən yüksək dəyər olduğunu deyib: “Qarabağ məsələsinin həlli üçün danışıqlar prosesinin məqsədi Qarabağ xalqının öz müqəddəratını təyin etmək və Qarabağ azadlıq müharibəsinin nəticələrini qorumaqdır. Aparılan danışıqların nəticələri o zaman məqbul sayılacaq ki, bu, Ermənistan və Qarabağ tərəfindən qəbul ediləcək”.
Qeyd edək ki, Ermənistan cəmiyyətində də ziddiyyətli vəziyyət hökm sürür. Bir çox ekspertlər Paşinyan hakimiyyətinin də uzun çəkməyəcəyini bildirir. Belə olan halda danışıqlar prosesində də qeyri müəyyənlik yaranır.
Onu da əlavə edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrə görüşü də bir müddət ən uzun görüş kimi mətbuatda müzakirə olundu.
Ümumiyyətlə danışıqlar prosesi ilə bağlı son durumu necə dəyərləndirmək olar? Ekspertlərlə bu suallara cavab tapmağa çalışdıq.
Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanda gedən proseslər işğalçı ölkənin cəmiyyətində hədsiz dərəcədə ziddiyyətlərin olduğunu göstərir: “Bu cəmiyyəti isə normal səviyyəyə qaldırmaq mümkün deyil”. Politoloqun sözlərinə görə, əgər bu cəmiyyət qonşu dövlətlərlə işğal ideyası ilə oturub-durursa və onun ideoloji əsasını anti-bəşər kampaniyasına sövq edirsə onların təmizlənməsi prosesi xeyli çətin olar: “Mən buna inanmıram. Ermənistanda proseslər əvvəlki məcrada davam edəcək. Çünki bu erməni xalqının xislətindən xəbər verir. Ermənistanın baş naziri Nikol Paşinyan dialoq mədəniyyətinə yiyələnməlidir. Onun kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa, heç nəyə xidmət etmir. Qəribədir ki, erməni xalqı qəflət yuxusundan ayılmaq istəmir. Bununla, o da özünü, bütövlükdə fəlakətə sürükləyir. Ancaq misal var - "özü yıxılan, ağlamaz!".
Politoloq Eldar Namazov diqqətə çatdırıb ki, problemin həlli ilə bağlı ya ciddi müzakirələr, ya da qarşıdurmalar olub: “Qarşıdurma da əslində çox vaxt aparır. Elə hallar olur ki, bir gün danışırsan, amma heç bir ciddi müzakirə aparmırsan, çünki ortada ciddi ittihamlar var, gərgin müzakirələr gedir. Ola bilər ki, üçgünlük bir tədbirin xeyli hissəsi son dövrlərdə Ermənistan baş nazirinin Qarabağla bağlı səsləndirdiyi fikirlərə həsr edilsin. O bəyanatları eşidən adamlarda birmənalı olaraq fikir yaranır ki, bu haqda danışıqlar aparmağa heç ehtiyac yoxdur. Əgər Qarabağın ətrafında işğal olunmuş əraziləri erməni tərəfi qaytarmaq fikrində deyilsə, o zaman nə haqda danışmaq olar? O zaman müharibəyə hazırlaşıb hücum əmri gözləmək qalır. Ona görə də güman edirəm ki, bu mövzu - Ermənistan rəhbərinin son dövrlərdə verdiyi bəyanatlar və bu bəyanatların danışıqları faktiki olaraq mənasız etməsi ilə bağlı müzakirələr həmin danışıqların xeyli hissəsini təşkil edib”.
Onun fikrincə, həm Azərbaycan tərəfi, həm də ATƏT-in Minsk Qrupu nə danışıqların formatını, nə məzmununu dəyişmək fikrindədir: “Bu, qəti şəkildə bildirilib. Ona görə də bu məsələlər müzakirə predmeti ola bilməz. Hər halda bu məsələni kimsə qaldırsa, buna cavab çox qısa olacaq. Bu mövzunun hansısa vaxt aparacağını güman etmirəm. Bir zamanlar Paşinyan bu məsələni qaldırsa da, həm Azərbaycandan, həm də həmsədrlərdən çox sərt cavab almışdı.
Burada diqqəti cəlb edən məqam var. Paşinyan deyib ki, biz Madrid prinsiplərini müzakirə etmirik. Eyni zamanda o, dəfələrlə qeyd edib ki, müzakirələrə keçməzdən əvvəl orada qaranlıq məqamlar var. Biz bunun nə demək olduğunun izahını tələb edirik. Paşinyan vaxtilə jurnalist olub, ona görə də onun söz oynatmaqla bağlı təcrübəsi böyükdür. Bu isə söz oynatmaqdan başqa bir şey deyil. Faktiki olaraq sənəd müzakirə olunur, Paşinyansa deyir ki, biz o sənədi müzakirə etmirik və sadəcə orada qeyri-müəyyən məqamların əvvəlcə bizə izah edilməsini istəyirik. Bu elə sənədi müzakirə etmək deməkdir”.
Onun sözlərinə görə, daxili auditoriya üçün Paşinyan deyir ki, biz Madrid prinsiplərini müzakirə etmirik, amma həmsədrlərin, Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin birgə bəyanatında deyilir ki, onlar Qarabağ probleminin həlli ilə bağlı prinsipləri və elementləri müzakirə edirlər: “Bunun adını “Madrid prinsipləri” qoymaya da bilərsən, ancaq Madrid prinsipləri də məhz bu prinsip və elementlərdən ibarətdir. Artıq Ermənistan tərəfi onların hansısa birinə aydınlıq gətirilməsini istəyirsə, deməli, onlar Madrid prinsiplərini müzakirə edirlər.
Əslinə qalsa, Paşinyan daxili auditoriya üçün mesajlar verir. Bu mesajlar da çox maraqlıdır. Mən dəfələrlə demişəm ki, Paşinyanın dövründə Qarabağ problemi ilə bağlı hansısa irəliləyiş olacağına inanmıram. Hesab edirəm ki, bu Paşinyan hakimiyyəti zəifdir və ona qarşı çox ciddi müqavimət var. Paşinyanı devirmək istəyənlər - Köçəryanla Sərkisyan Petrosyan kimi loyal deyil. Onların 20 il ərzində qurduqları böyük bir şəbəkə və milyardlarla dollarlıq administrativ resurları var. Paşinyan onların qorxusundan heç bir addım atmaz, heç bir kompromisə getməz. Amma Paşinyan vacib bir funksiyanı yerinə yetirdi. Onun Qafanda çıxışı, əslinə qalsa, Minsk Qrupunun həmsədrlərinin uzun illərdir həm Sərkisyanın, həm də Köçəryanın dövründə tələb etdiyi şərtlərdən biri idi. Həmsədrlər bu məsələlərin cəmiyyətə açılmasını, işğal olunmuş ərazilərin azad olunmasını xalqdan gizli müzakirə edilməməsini tələb edirdi. Onlar deyirdilər ki, məhz ona görə cəmiyyətiniz bir qarış torpaq qaytarılmamasına köklənir. Yəni açın, bunu cəmiyyət də müzakirə eləsin və cəmiyyətin içində də rəsmi danışıqlardakı proseslərə uyğun proses getsin. Bu tələb həm Köçəryanın, həm də Sərkisyanın dövründə irəli sürülsə də, buna əməl edilmirdi. Yalnız Ermənistan və Dağlıq Qarabağdakı qondarma “respublika”nın rəhbərliyi bilirdi ki, masanın üzərində nə var. Masanın üzərində Madrid prinsipləridir, həmin o prinsiplərə görə də Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalı, ora azərbaycanlılar qayıtmalıdır...”.
O deyib ki, Azərbaycanın maraqları ilə nə Ermənistanın, nə də Minsk Qrupunun həmsədrlərinin maraqları üst-üstə düşür: “Ona görə ki, “bu konflikti həll etmək mümkün deyilsə, gəlin bunu donduraq” ideyası erməni tərəfindən irəli sürülüb və bunu demək olar ki, həmsədrlər qəbul etmişdi. 2016-cı ilə kimi Minsk Qrupunun həmsədrləri və onların arxasında olan ölkələr öz ekspertləri, KİV-ləri ilə beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin həllini dondurmaqdan yaxşı yol olmadığına dair fikir formalaşdırırdılar.
Birincisi, bu ifadənin özü düzgün deyil. Qarabağ məsələsi ilə bağlı ən azı üç dəfə arbitraj olub və tərəflər razılığa gəlməyiblər. Deməli, bu problemi həll edən üçüncü bir qurum olmalıdır və o öz qərarını çıxarmalıdır. Sovetlər dövründə bu, var idi və o, SSRİ-nin Ali Soveti idi. O, qərar çıxardı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın, amma ermənilər buna tabe olmadılar. Dünyada ən ali instansiya BMT-nin Təhlükəsizlik Şurası sayılır. Onun Azərbaycan torpaqlarının şərtsiz işğaldan azad olmasıyla bağlı dörd qətnaməsi var, amma ermənilər ona da tabe olmurlar. Təhlükəsizlik məsələləri ilə məşğul olan ən nüfuzlu ikinci bir qurum ATƏT-dir və o da 1996-cı ildə qərar verdi ki, Dağlıq Qarabağın həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə yüksək statusla muxtariyyət verilməkdən ibarətdir. Ermənilər veto hüququndan istifadə etdilər. O zaman ATƏT bəyanatla çıxış etdi ki, bir ölkədən başqa ATƏT ölkələrinin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə Dağlıq Qarabağda muxtariyyət verilməsinə tərəfdardır.
Bizi “niyə razılığa gəlmirsiniz?” deyə ittiham etmək yerinə, bizim indi görməyə çalışdığımız işi vaxtında gərək Sovetlər Birliyi, BMT və ya ATƏT görərdi. Yəni bizə deyirlər ki, sən haqlısan, amma get onlarla danış görək razılığa gələ bilirsənmi? Belə arbitraj, beynəlxalq hüquq olmur.
2016-cı ilə kimi artıq belə bir fikir formalaşmışdı, razılığa gələ bilmirlərsə, məsələni donduraq. Aprel döyüşlərinin əsas uğuru təkcə o iki yüksəkliyin azad oluması, ya da təkcə Azərbaycan ordusunun üstünlüyünü nümayiş etdirmək deyildi. Orada bizim üçün bir vacib məqam və uğur o oldu ki, biz bütün dünyaya problemi dondurmaq cəhdlərinin müharibəyə gətirib çıxaracağını, Azərbaycanın bununla barışmayacağını sübut etdik. Əgər kimsə bu məsələni dondurmaq istəyirsə, Azərbaycan buna razı deyil və o, güc tətbiq edib torpaqları özü azad edəcək.
Yəni, faktiki olaraq köhnə problemi dondurmaq ideyasını pərdələyib bizim qarşımıza qoyanda, biz qəti surətdə bunların hamısını rədd etməliyik, çünki 20 il kifayət qədər zamandır. Biz 25 ilə yaxın sülh prosesini gözlədik, edilən bütün təklifləri qəbul etdik, amma qarşı tərəf razı deyil və indi bəlli olur ki, nəinki Dağlıq Qarabağın statusu ilə bağlı, onlar heç ətraf rayonların da qaytarılmasına razı deyillər. Ona görə Azərbaycanı heç kim qınaya bilməz.
Diplomatiyamız bu məsələlərdə sərt və açıq olmalıdır. Addım-addım biz aparıcı dövlətlərə başa salmalıyıq ki, hər dövlətin öz maraqları var. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü deyil, amma Azərbaycan müstəqil dövlətdir, onun da maraqları var və torpaqları zəbt olunub, eləcə də torpaqlarımızın zəbt olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Hər bir dövlətin borcu öz torpaqlarını və suverenliyi qorumaqdısa, Azərbaycanın da əsas borcu budur. Digər dövlətlərlə, bütün təşkilatlarla münasibətlərimizi bunun əsasında quracağımıza dair mövqeyimiz kifayət qədər sərt və aydın olmalıdır...”.
Əli